Ölkəmizin ümumdünya elektron məkanına sürətli inteqrasiyası
təmin edilib
İyunun 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan Respublikasının Baş Naziri Novruz MƏMMƏDOV Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxudu və çıxış etdi.
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və tədbir iştirakçılarını salamlayan Novruz Məmmədov dedi: “Bugünkü tədbirdə siz - gömrük orqanlarının, sərhəd idarəçiliyi üzrə qurumların, işgüzar dairələrin nümayəndələri birlikdə gömrük işinin müxtəlif mövzularına həsr olunan aktual strateji yanaşmalarla bağlı müzakirələr aparacaqsınız. Konfransda sərhəd idarəçiliyinin, beynəlxalq ticarətin təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsi kimi vacib məsələlər müzakirə olunacaq”.
Baş Nazir qeyd etdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir. Belə ki, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin ölkəmizin paytaxtında yerləşməsi, eləcə də Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə sədr müavini vəzifəsinə seçilməsi əməkdaşlığımızın yüksək səviyyəsini göstərir.
“Ümumdünya Gömrük Təşkilatının bu mötəbər tədbirinin Bakı şəhərində keçirilməsi təqdirəlayiq haldır. Bakı son illər mədəniyyətlər, sivilizasiyalararası dialoq, idman, enerji, nəqliyyat və digər sahələrdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu konfransın da Bakıda keçirilməsi ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsi sahəsində qazandığı etimadın göstəricisidir”, - deyə Novruz Məmmədov bildirdi.
Baş Nazir dedi ki, Azərbaycan əlverişli coğrafi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin və informasiya magistrallarının kəsişdiyi məkanda yerləşir. Son illər respublikamız bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, regionda və ölkə daxilində irimiqyaslı infrastruktur layihələri həyata keçirir. 2008-ci ildən etibarən Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı işlərə başlanılıb. Artıq Azərbaycan müxtəlif təyinatlı 3 peykini orbitə çıxarıb və dünyanın kosmik ölkələr klubunun üzvüdür. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən diqqətin əyani təsdiqidir.
“Dövlət orqanlarında, o cümlədən gömrük sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə idarəçiliyin təkmilləşdirilməsi Azərbaycan üçün əsas vəzifələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları və islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına sürətli inteqrasiyası təmin edilib, elektron hökumətin, rəqəmsal iqtisadiyyatın, elektron kommersiya və data-mərkəzlərinin, texnoloji parkların, biznes inkubatorların yaradılması, informasiya təhlükəsizliyinin təmini istiqamətində mühüm addımlar atılıb. Hörmətli qonaqlar, sizi Azərbaycanda bir daha salamlayır, konfrans və sərginin işinə uğurlar arzulayıram”, - deyə Novruz Məmmədov vurğuladı.
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər MEHDİYEV çıxışında tədbirin önəmini diqqətə çatdıraraq vurğuladı ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən mütərəqqi siyasət nəticəsində bu gün bütün sahələrdə olduğu kimi, gömrük işinin müasir idarəçilik prinsipləri əsasında təşkili istiqamətində də mühüm nailiyyətlər əldə olunub.
Səfər Mehdiyev qeyd etdi ki, qlobal müstəvidə gömrük işi sahəsində tətbiq edilən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı qabaqcıl təcrübələrin öyrənilməsi üçün beynəlxalq əməkdaşlığın rolu vacibdir və Azərbaycan Gömrük Xidmətinin ÜGT ilə əməkdaşlığını bu mənada nümunəvi saymaq olar. DGK sədri vurğuladı ki, bu gün Heydər Əliyev Mərkəzində ÜGT-nin ən böyük tədbirinin keçirilməsi heç də təsadüfi deyil. İlk dəfə olaraq ÜGT-nin həm özəl, həm də dövlət sektoru üçün nəzərdə tutulan iki tədbiri - İnformasiya Texnologiyaları Sərgisi, Texnologiyalar və İnnovasiyalar Konfransı birləşdirilərək vahid tədbir çərçivəsində təşkil edilib.
Komitə sədri bildirdi ki, bu yeniliyə məhz Bakıda keçirilən tədbirdə imza atılması Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi işində qazandığı xüsusi rəğbət və etimadın göstəricisidir. Səfər Mehdiyev onu da qeyd etdi ki, "SMART sərhədlər üçün yeni texnologiyalar, Ticarət, Səyahət və Daşımalar üçün yeni imkanlar" mövzusunda keçirilən konfransda beynəlxalq ticarətin təhlükəsizliyini və dayanıqlığını təmin etmək məqsədilə gömrük işi sahəsində blokçeyn texnologiyasından, süni intellektdən istifadə kimi məsələlər ətrafında maraqlı müzakirələr aparılacaq və tətbiq edilə bilən ən müasir texnoloji həllər barədə təqdimatlar keçiriləcək.
Daha sonra qeyd edildi ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində böyük uğurlar əldə edib. Azərbaycan gömrüyü tərəfindən tətbiq olunan elektron xidmətlər ölkədə ümumilikdə ən çox istifadə edilən elektron xidmətlər sırasındadır. Bu gün gömrük rəsmiləşdirilməsi proseslərinin tam avtomatlaşdırıldığını, gömrük bəyannamələrinin elektron formada təqdim edildiyini, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənməsi kimi xüsusi sosial əhəmiyyət kəsb edən xidmətlərin tam kağızsız texnologiyalar əsasında qurulduğunu deyən komitə sədri, fürsətdən istifadə edərək tədbirin iştirakçı ölkələrini şəffaf statistika aparmağa və bu sahədə birgə layihələr həyata keçirməyə dəvət etdi.
Öz növbəsində, Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin Baş direktoru Taeil KANG çıxış edərək tədbir iştirakçılarını salamladı və ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinə ev sahibliyi etdiyi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirdi.
Baş direktor bu tədbirin qarşıda duran vəzifələri bir daha müəyyənləşdirməkdə və problemlərdən çıxış yollarını aramaqda kömək edəcəyinə əmin olduğunu bildirdi, informasiya texnologiyaları sahəsindəki qabaqcıl təcrübələrdən danışdı.
ÜGT-nin Baş katibi Kunio MİKURİYA isə bildirdi ki, bugünkü konfrans aparıcı texnologiyaların və yeniliklərin mübadiləsi sahəsində yüksək səviyyədə təşkil edilib, tədbirdə ÜGT-nin qlobal texnologiyalar üzrə peşəkar ekspertlər qrupu iştirak edir. Əldə olunan nailiyyətləri bu tədbir çərçivəsində daha da inkişaf etdirmək niyyətində olduqlarını deyən Baş katib, tədbirdə daha çox ticarət, səyahət və nəqliyyat üçün yeni texnologiyalar mövzusunun seçildiyini diqqətə çatdırdı.
Kunio Mikuriya qeyd etdi ki, bu gün elektron kommersiya və elektron ticarətin inkişafı müşahidə olunur və bu, bizim yaşam tərzimizdir. Süni intellekt, blokçeyn, əşyalar interneti və sair sərhəd-keçid məntəqələrində idarə edilməsi iqtisadi inkişafa səbəb ola bilər. Baş katib onu da bildirdi ki, biz ölkələrin təcrübə və fikir mübadiləsindən yararlanır və konfransda müzakirələr apararaq gələcəkdə bu sahəni inkişaf etdirə bilərik.
Daha sonra tədbir iştirakçıları texnoloji yeniliklər və avadanlıqların nümayiş olunduğu sərgiyə baxdılar.
Konfrans işini sessiyalarla davam etdirdi. Sessiyalarda
texnologiyaya əsaslanan
qabaqcıl ticarət üzrə strategiyaların
yenidən qurulması,
gələcəyin yaşıl
nəqliyyat və logistikasına sərhəd
idarəçiliyinin münasibəti,
maneəsiz sərhəd
üçün smart hava
limanları, daha təhlükəsiz və
dayanıqlı ticarət
üçün innovativ
həllər, gələcəyə
yönəlmiş nəqliyyat
sahəsi ilə bağlı mövzular müzakirə olundu.
ÜGT-nin
İnformasiya Texnologiyaları
və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi iyunun 14-dək davam edəcək.
Azərbaycan.-
2019.- 13 iyun.- S.3.