Birinci vitse-prezident Mehriban
Əliyeva kimsəsiz uşaqların ümid
yeridir
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 13-də Bakının Xəzər
rayonunun Binə qəsəbəsində "Ümid
yeri” uşaq sığınacağının yeni inşa olunan binasının açılışında iştirak
edib.
AZƏRTAC xəbər
verir ki, "Ümid yeri” uşaq sığınacağının
köhnə binası
müasir tələblərə
cavab vermədiyindən
Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa
olunub.
Birinci vitse-prezident
Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldu. Müəssisənin rəhbəri
Nigar Mənsimova "Ümid yeri” uşaq sığınacağının
fəaliyyəti barədə
Mehriban Əliyevaya məlumat verdi.
Qeyd edildi ki, uşaq
sığınacağı 1997-ci ildə təsis olunub. Burada 18 yaşınadək şəxslər məskunlaşır.
Sığınacaqda qaldıqları müddətdə
onlara hüquqi, mənəvi, sosial və tibbi yardımlar
edilir, uşaqların
cəmiyyətə adaptasiya
olunmalarına və təhsil almalarına dəstək göstərilir.
Müəssisədə sığınacaq sakinlərinin
zövqlərinin formalaşması,
istedad və bacarıqlarının inkişafı
məqsədilə müxtəlif
sənət sahələri
- xalçaçılıq, rəssamlıq, əl işləri üzrə emalatxanalar yaradılıb.
Uşaqların iştirakı ilə yaradılan "Keçə”
rəsm əsəri Heydər Əliyev Fondunun prezidentinə hədiyyə edildi.
İkimərtəbəli müəssisənin binası
53 yerlikdir. Yeni bina oğlanlar,
qızlar və kiçik yaşlı uşaqlar üçün
bölmələrin yaradılmasına
imkan verib. Bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Uşaq sığınacağında yataq, sinif otaqları,
informatika kabinetləri,
sakinlərin asudə vaxtlarını səmərəli
keçirmələri üçün
istirahət və əyləncə zonaları,
yeməkxana yaradılıb.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva uşaq sığınacağının
sakinləri ilə görüşərək onlarla
söhbət etdi. On yaşlı Ömər Musayev yeni binada
yaradılan şəraitin
onların ürəyincə
olduğunu söylədi.
Dedi ki, burada təhsil almaq, asudə vaxtlarını maraqlı
keçirmək üçün
bütün imkanlar
var. O, görülən işlərə
görə sığınacaq
sakinlərinin adından
Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirdi. Uşaqların arzuları ilə maraqlanan Heydər Əliyev Fondunun prezidenti sığınacaq
sakinlərinin yanına
yenə də qonaq gələcəyini dedi. Mehriban Əliyeva qeyd
etdi ki, indi bütün lazımi şəraitlə
təmin olunan uşaqların əsas vəzifəsi yaxşı
oxumaqdır. Müəssisənin balaca sakinləri Birinci vitse-prezidentə musiqiyə, rəsm çəkməyə həvəs
göstərdiklərini söylədilər,
mahnı ifa etdilər.
Heydər Əliyev Fondu uşaqlarla bağlı müxtəlif layihələr
reallaşdırır. Xeyriyyəçiliyi, böyüməkdə olan
nəslin hərtərəfli
qayğı ilə əhatə olunmasını,
müxtəlif humanitar
aksiyaları fəaliyyətinin
prioritet istiqamətləri
kimi müəyyən
edən Fond paytaxtdakı
uşaq müəssisələrinin
sakinləri üçün
yaradılan şəraitin
daha da yaxşılaşdırılması
məqsədilə mühüm
layihələrə imza
atır. Bu istiqamətdə görülən
işlərdən biri
də "Ümid yeri” uşaq sığınacağı üçün
yeni binanın inşasıdır.
Binanın həyəti abadlaşdırılıb,
yaşıllıq zonası
salınıb.
Birinci vitse-prezident Mehriban Əliyeva "Ümid yeri” uşaq sığınacağına fəaliyyətində
uğurlar arzuladı.
Azərbaycan.- 2019.-14 iyun.- S.1-2.