“Müstəqil Dövlətlər
Birliyinin iştirakçısı olan dövlətlərin daxili
işlər orqanları (polis) və daxili qoşunları üçün
kadrların hazırlanması haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli
orqanın müəyyən edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1597-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”in 2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Yalta şəhərində keçirilmiş 2007-ci il 25 may tarixli iclasında imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”i Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi üzrə səlahiyyətli orqanın müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun
2019-cu il
Azərbaycan.- 2019.-14 iyun.-
S.8.