Əsrə bərabər gün
Milli Qurtuluş - 26
Düz 26 il əvvəl
Azərbaycan xalqının taleyini dəyişən, tariximizə
yeni istiqamət verən möhtəşəm bir hadisə
baş verdi.
Əgər belə demək olarsa, xalqımız uçurumun bircə addımlığından qurtuldu. Müstəqillik yollarında ilk kövrək addımlarını atan dövlətimiz məhv olmaq, parça-parça edilib dünya xəritəsindən silinmək təhlükəsindən məhz həmin gün qurtuldu, inkişaf, yüksəliş yollarına doğru uzun, ağır, şərəfli bir yola çıxdı.
Bu, həmin tarixdir: 15 iyun 1993-cü il...
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xalqın təkidi ilə
hakimiyyətə qayıtdığı gün.
Milli Qurtuluş Günü...
"Heydər Əliyev Azərbaycan
xalqı üçün kimdir” sualının cavabını
da tarix elə həmin gün verdi.
Xilaskar
Təbiətin bir çox dəyişməz
qanunları var. Onları təbiətin əbədiyyət
qanunları da adlandıra bilərik. Bu qanunları insan
yaratmayıb. İnsan sadəcə olaraq həmin
qanunları kəşf edib, öyrənib, onlardan bəhrələnib
və bəşəriyyətin inkişafı naminə əhəmiyyətli
addımlar atıb.
Cəmiyyət də
özünəməxsus əbədiyyət qanunlarına
malikdir. Lakin əsas fərq budur ki, cəmiyyətdə bu
qanunları insan övladı yaradır. Həm
də bu qanunlar yalnız Yer üzünün əşrəfi
olan insana aiddir. Bu qanunları
ayrı-ayrı şəxsiyyətlər, zəka sahibləri
formalaşdırır. Amma tarixin
axarını dəyişməyə qabil belə bir zəka
da hər kəsə verilmir. Ömrü əbədiyyətə
çevirməyə yalnız Tanrının sevib-seçdiyi
şəxsiyyətlər nail ola bilir.
Heydər Əliyev də belə
şəxsiyyətlərdəndir.
1993-cü ilin iyununda Heydər
Əliyevin xalqın təkidi ilə Naxçıvandan
Bakıya gəlməsi, baş verən böhranlı hadisələrlə
yerində tanış olması, müstəqilliyimizin əldən
getməməsi üçün həyatını riskə
qoyub müxtəlif siyasi düşərgələrə mənsub,
ətraflarında xeyli sayda silahlılar cəmləşmiş
insanlarla görüşlər keçirməsi, ola bilsin ki,
indi kiməsə tarixi xronika təsiri
bağışlasın. Amma bu, sözün əsl
mənasında xilas anı idi. Heydər
Əliyev bu addımları ilə xilaskarlıq
missiyasını yerinə yetirirdi. Onun
timsalında Azərbaycan xalqı hər zaman
inandığı, güvəndiyi, rəğbət bəslədiyi,
keçmiş SSRİ boyda böyük bir coğrafiyanın hər
yerində adı ilə qürurlandığı güclü
xilaskarına qovuşmuşdu.
Həmin ağır günlərdə
xalq Heydər Əliyev siyasətinə mifik bir qüvvə
kimi baxırdı. O isə gəlib bütün dünyaya sübut etdi ki,
öz xalqına arxalanan, inanan və xalqının da
inamını qazanmış lider əfsanəvi qüvvələrdən
daha artıq, möhtəşəm işlər görə
bilər.
"Mənim vəkillərim
xalqımdır”
Zəmanəsinin dahi şəxsiyyətlərindən
olan yunan alimi Arximed əsrlər əvvəl deyirdi ki, "mənə
bir dayaq nöqtəsi göstərin, Yer kürəsini məhvərindən
oynadım”.
Hərçənd
böyük fizik kimi hamıdan çox onun özünə bəlli
idi ki, kainatda belə bir dayaq nöqtəsi mövcud deyil. Amma cəmiyyət
qanunlarına gəldikdə belə dayaq nöqtəsi tapmaq
mümkündür. Bu, Xalqdır! Belə
bir dayaq nöqtəsinə söykənərək,
qarşıdakı bütün ağır çətinlikləri,
problemləri aradan götürmək mümkündür.
Ona görə də ata-babalarımız "el
gücü, sel gücü” demişlər. Heydər Əliyev də həmişə xalqa
söykənirdi. Daim xalqı öz istinad
nöqtəsi hesab edirdi. Buna görə də
o, bütün mübarizələrində qalib idi. "Mən bütün fəaliyyətimdə
Allahıma, xalqıma və öz zəhmətimə
arxalanmışam” deyirdi.
Belə bir epizodu heç
zaman unutmaram.
Adətən seçki proseslərində namizədlərin
vəkilləri olur. Bu, bütün
dünyada seçkilər zamanı tətbiq edilən təcrübədir.
Onlar yerlərdə seçicilərlə
görüş keçirir, təşviqat apararaq
insanların dəstəyini qazanmağa
çalışırlar. 1998-ci ilin
prezident seçkisi zamanı Mərkəzi Seçki
Komissiyası öz vəkillərini müəyyənləşdirməsi
məramı ilə Heydər Əliyevə müraciət
etmişdi. Onunsa bu müraciətə cavabı
bütün kəlamları kimi tarixi idi: "Mənim vəkillərim
xalqımdır!”
Heydər Əliyevin məhz
bu cür sarsılmaz dayaq nöqtəsi olduğu
üçün o, bütün çətinliklərin
öhdəsindən inamla gəldi. Dünyanın
mübarizə meydanına qalib kimi sızdı. Ömrünü qalib kimi başa vurub əbədiyyətə
qovuşdu. Və şəxsiyyəti də,
ideyaları da əbədiyyət taleyinə qovuşdu.
Xalqın öndəri
İndiyədək Heydər
Əliyev haqqında çox yazılıb, bu gün də
yazılır, gələcəkdə də yazılacaq. Heydər
Əliyev şəxsiyyəti milli dövlətçilik
tariximizdə o qədər geniş və çoxşaxəli
rola malikdir ki, onun hər cümləsini, fikrini, kəlamını
nəzəri müddəa kimi götürüb geniş təhlilə
cəlb etmək olar. Heydər Əliyev
haqqında yazan hər bir müəllif bu obraza öz sahəsinə
yaxın cəhətlərdən yanaşmağa
çalışır. Siyasətçilər
Heydər Əliyevin siyasi tariximizdəki rolunu
araşdırırsa, iqtisadçılar onun fəaliyyətindəki
iqtisadi çalarlara diqqət yönəldirlər. Bizim
kimi humanitar sahənin adamları üçünsə bu
şəxsiyyətin elm-təhsil, milli mədəniyyətimizin
inkişafı, milli-mənəvi dəyərlərimiz, gender
məsələləri və s. sahələrlə
bağlı fəaliyyəti daha yaxın gəlir. Amma Heydər
Əliyev şəxsiyyətinə yanaşmalar nə qədər
müxtəlif rakurslardan olsa da, bu yanaşmaların
hamısı bir son nöqtədə birləşir: Heydər
Əliyev Azərbaycan xalqının ümummilli lideri, ulu
öndəridir.
Şəxsiyyətin
cazibəsi
Tarixin bütün
böyük insanları kimi zaman keçdikcə Heydər
Əliyevin qərar tutduğu ucalıq insanlığa daha
aydın görünür. Bu ucalığın təməlində
sülh, əmin-amanlıq, rifah, sabitlik və davamlı
inkişaf durur. Ulu öndər məhz bu dəyərlərə
söykənərək, "Azərbaycanın müstəqilliyi
daimidir, əbədidir, dönməzdir” deyirdi. Bu kəlam böyük bir qövmün əsrlərdən
üzübəri aşıb gələn müqəddəs
dövlətçilik ideologiyasının XX əsrin
sonlarında həyata keçmiş ülvi arzularıdır.
Bu kəlam təkcə bir
niyyət, bir bəyanat olaraq qalmadı. Bütün
canı, qanı, varlığı ilə milli ruha
bağlı Heydər Əliyevin dünyanın yeni siyasi
düzənində Azərbaycanın yerini və rolunu dəqiq
müəyyənləşdirməsi idi. Ölkəmizin
və xalqımızın hansı bəşəri dəyərlərə
əsaslanaraq dünya xəritəsində əbədiliyini təmin
edəcəyini aşkara çıxardı. Bu da bir əbədiyyət qanunudur - xalqın
istiqlalının və dövlətçiliyinin əbədiyyəti.
1300 il bundan əvvəl
yaşamış böyük türk hökmdarı Bilgə
xaqan üzünü xalqına tutaraq demişdi: "Əgər
siz qanunlarınızı pozmasanız, sizi yaşadan
torpağınızı sevsəniz, silahlıların sizi
sürü kimi qabaqlarına qatıb istədikləri tərəfə
aparmasına imkan verməsəniz, onda qurduğunuz dövlət
yuxarıdan göy çöküncə, aşağıdan
yer yarılınca əbədiyyətə qədər
yaşayacaqdır”.
1300 il əvvəl
xalqına əbədi dövlətçilik yolunu göstərən
türk xaqanı ilə 1300 il sonra Azərbaycanın dövlət
müstəqilliyini əbədi edən ulu öndər Heydər
Əliyev arasındakı tale oxşarlığı nə qədər
heyrətamizdir?! Əslində, bu, öz
xalqlarını zülmətdən aydınlığa,
uçurumdan rəvan inkişaf yoluna çıxarmış,
onlara gələcəyə doğru-düzgün istiqamət
vermiş bütün böyük dövlət
adamlarının oxşar taleyidir. Mustafa Kamal Atatürk
müasir Türkiyə Cümhuriyyətinin, I Pyotr
Rusiyanın, Cəvahirləl Nehru Hindistanın, Şarl de Qol
yeni Fransanın memarı olduğu kimi Heydər Əliyev də
bugünkü Azərbaycan dövlətinin qurucusu və
yaradıcısıdır. Bu şəxsiyyətlər
kimi Heydər Əliyevin də cazibə dairəsi bütün
zamanları və insanları əhatə edir. Sıravi vətəndaşlar da, sənət
adamları da, siyasətçilər də, müxtəlif sahələrin
peşəkarları da Heydər Əliyev şəxsiyyətini
tanıdıqca bu cazibə dairəsinə düşür,
ulu öndərin böyüklüyünə heyran olurlar.
Bu böyüklüyü bir səbəblə də
izah edərdim. Heydər Əliyevin sözləri
və əməlləri ilə həyatın və zamanın
axarı arasında riyazi bir mütənasiblik vardı. Və
bu düşüncə təsəvvürümüzdə
maraqlı bir mənzərə yaradır: Heydər Əliyev
sanki yüz il sonranı görürdü,
lakin bu gün haqqında danışırdı.
Çünki o, fitri qabiliyyəti, filosofsayağı fəhmi
ilə dəqiq bilirdi ki, yüz il sonra -
zamanın ilk nöqtəsi məhz bu gündən
başlanır.
Zaman və məkanın
fövqündə
Ona görə də Heydər
Əliyev zamanın və məkanın fövqündə
dayanmağı bacaran əbədiyaşar şəxsiyyətdir. Onun əbədiyyətə
çevrilmiş ömrünün hansı anına nəzər
salırıq, kamillik, müdriklik, uzaqgörənlik kimi ali keyfiyyətlər görürük.
1993-cü ilin 15 İyun Qurtuluş Günündən sonra
xalqın, dövlətin təhlükələrdən xilas
olub inkişaf dövrünə qədəm qoyduğu,
demokratik islahatlar, hüquqi dövlət quruculuğu mərhələsinə
daxil olduğu illərdə Heydər Əliyev özünəməxsus
səmimiyyətlə deyirdi: "Mən Azərbaycanın
yüklərini çiynimə götürmüşəm,
aparmalıyam. Başqa yol yoxdur”.
Bu kəlmələrdə hər
hansı giley-güzar yox idi. Bu, bütün
ömrünü öz xalqına bağışlamış əzəmətli
dövlət adamının dərk etdiyi tarixi missiyadır.
Heydər Əliyev ömrün mənasını
Antey kimi çiynini xalqın çətinlikləri altına
verib, onu işıqlı sabahlara doğru aparmaqda
görürdü. O, hər zaman qeyd edirdi ki, XX əsr
çox mürəkkəb əsrdir. "Güman
edirəm ki, gələcək nəsillər bu əsrin hər
bir ilini xüsusi təhlil edəcək və ona qiymət verəcəklər”.
Biz XX əsrin çox
çətin sınaqlarından məhz onun gücü, qətiyyəti
sayəsində çıxdıq. Heydər Əliyev XX əsr
milli dövlətçilik tariximizin ən parlaq lideri oldu.
Ona qədər ayrı-ayrı görkəmli
şəxsiyyətlərimizin, dövlət
adamlarımızın formalaşdırdıqları dövlətçilik
ənənələrini müstəqil Azərbaycanın
dövlət quruculuğu yolundakı tarixi nailiyyətlərində
birləşdirdi.
Heydər Əliyev 1995-ci ilin
noyabrında qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası ilə demokratik, hüquqi
dövlət quruculuğu proseslərinin əsaslarını
müəyyənləşdirdi. Cəmiyyətdə buna
uyğun davamlı islahatlar apardı. Azərbaycanda
ictimai-siyasi sabitliyi, ifadə azadlığını, qanunun
aliliyini təmin etdi. Torpağı özünün əsl
sahibinə - kəndliyə verdi, özəlləşdirmə
proseslərini həyata keçirdi, ölkədə azad bazar
iqtisadiyyatı prinsiplərinin özünü
doğrultması üçün ardıcıl addımlar
atdı. Və bütün bunlar
reallıqların qürurgətirən mənzərəsi
idi.
Yeni Azərbaycan
Heydər Əliyev müdrik
dövlət adamı olaraq reallıqları düzgün qiymətləndirməyi
və ona uyğun davranmağı çox gözəl
bacarırdı. Müstəqil Azərbaycan dövlətinin
idarəçilik sükanı arxasına keçərkən
o, fərqində idi ki, artıq dövr, zaman başqadır.
Ölkənin inkişafı üçün
yeni reallıqlara uyğun yeni siyasət həyata keçirmək
lazımdır. Ulu öndərin rəhbərliyi
ilə yaradılan və dövlət quruculuğu proseslərində
tarixi rol oynayan siyasi partiyanın Yeni Azərbaycan Partiyası
adlandırılması da bu baxımdan təsadüfi
sayılmamalıdır.
Ulu öndər Heydər
Əliyev müstəqil Azərbaycanın yeni
reallıqlarına uyğun tamamilə yeni yanaşmalar tətbiq
edirdi. O, əvvəlki
səriştəsiz hakimiyyətlər dövründə
xarici ölkələrlə pozulmuş münasibətləri
aradan götürdü. Ölkəmizə
qarşı yönələn təhdidləri
minimallaşdırdı. Müharibəni,
insan itkilərini dayandırmaqla Azərbaycana sabitlik,
inkişaf, böhranlı vəziyyətdə özünü
toplayaraq, rəqib üzərində sosial-iqtisadi qalibiyyət
imkanları qazandırdı.
"Ən
böyük azərbaycanlı”
Heydər Əliyev XXI əsrə də
aydın bir istiqamət verdi. O, iti zəkası,
aydın fəhmi ilə yaxşı bilirdi ki, XXI əsrin mənzərəsi
tamam başqa cür olacaq. Heydər Əliyevin qətiyyəti
sayəsində 1994-cü ilin sentyabrında dünyanın
nüfuzlu şirkətləri ilə imzalanmış
"Əsrin müqaviləsi” Azərbaycanı regionun
davamlı inkişaf məkanına çevirdi. Ölkəmizin sosial-iqtisadi yüksəlişi
üçün geniş üfüqlər açdı.
Azərbaycana böyük gəlirlər
qazandırdı. Və bütün bunlar ölkəmizin
abadlaşmasına, insanlarımızın maddi
rifahının yaxşılaşmasına,
dolanışıqla bağlı çətinliklərin
yoluna qoyulmasına imkan verdi.
Bununla yanaşı, ulu
öndər yaxşı bilirdi ki, XXI əsr üçün
vacib olan əsas sərvət insanın zəkası, təhsil
səviyyəsi və bilikləri hesabına yaratdıqları
olacaq. Ona görə də Heydər Əliyev XXI əsrdə
Azərbaycanda istehsal etmək, innovasiyalar yaratmaq gücünə
malik vətəndaşların yetişdirilməsi
üçün təhsil və gənc nəslin tərbiyəsi
sahələrində dərin islahatlar apardı. Gənclərimiz üçün münbit
inkişaf mühiti formalaşdırdı.
Heydər Əliyev Azərbaycanın
qapılarını dünyaya, bəşəriyyətin
mütərəqqi dəyərlərinin üzünə
taybatay açdı. Ölkəmizin dünyaya inteqrasiyasına nail oldu. Müstəqil dövlətimiz bir çox nüfuzlu
beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul
edildi. Bütün bunlarla yanaşı, ulu
öndər qloballaşmanın ziyanlı təsirlərindən
qorunmağın yollarını da göstərdi.
Heydər Əliyev
özü böyük yeniliklər və islahatlar müəllifi
idi. Hər zaman deyirdi ki, çağdaş dünyada
baş verən inteqrasiya prosesləri, qloballaşma
qaçılmazdır. Azərbaycan da sivil
dünyanın bir parçasına çevrildiyindən bu
prosesdən kənarda qala bilməz. Amma
qloballaşma və inteqrasiya özü ilə inkişaf,
sosial dirçəliş, əmin-amanlıqla birgə total əxlaq,
qeyri-ənənəvi vərdişlər də gətirir.
Ulu öndər qloballaşma seli ilə birgə
gələn hər hansı sosial-ictimai, mədəni və mənəvi
dəyərlər axınında milli mentalitetimizə yad olan
"virusların” mövcudluğunu da gözəl bilirdi.
Ona görə də bu prizmadan
çıxış edərək qloballaşma prosesində
milli dəyərlərimizin, yalnız bizim xalqımıza xas
olan əvəzedilməz mənəvi sərvətlərin,
mental düşüncənin və bütövlükdə
milli varlığın qorunub saxlanmasını çox vacib
hesab edirdi.
Heydər Əliyev
özü bu sahədə əsl nümunə idi. Məhz bu səbəbdən
onun "ən böyük azərbaycanlı”
adlandırılması təkcə gələcək nəslin
deyil, onun müasirlərinin də milli-mənəvi müstəvidə
örnək götürməli olduqları ünvandır.
Haqq-ədalət
carçısı
Bu böyük dövlət
adamı üçün ədalət hissi, haqqın öz
yerini tutması, hər kəsin qanun qarşısında bərabərliyi
çox önəmli və zəruri bir məqam idi. Heydər
Əliyev çıxışlarında ədalətin fərdlər
üçün də, cəmiyyət üçün də
nə qədər munis bir dəyər olduğunu hər zaman
tərənnüm edirdi. Bütün
varlığı ilə ədalətin zəfərinə
çalışırdı. O, öyrədirdi ki, ədalətsizlik,
qanunsuzluq cəmiyyətə, insanlara, geniş mənada xalqa və
dövlətə bəlalardan başqa heç nə gətirə
bilməz. Ona görə də ulu öndər hər
zaman haqqın, ədalətin qarantı kimi
çıxış edirdi. Şəxsiyyətindən
gələn humanizmi, insanlara, ümumən bəşəriyyətə
sevgisi qədər, yeri gələndə, qanun və ictimai
maraqlar, xalqın və dövlətin mənafeləri tələb
edəndə kifayət qədər sərt və qətiyyətli
olmağı da bacarırdı.
Heydər Əliyevin ən
böyük uğuru həm də onda idi ki, o, cəmiyyətin
ruhunu duymağı bacarırdı. İctimai istəklərin
yerinə yetirilməsindən ötrü böyük qətiyyət
nümayiş etdirirdi.
O, öz siyasi xəttində iki
mühüm amilə əsaslanırdı. Bunlardan
birincisi həyati reallıqlar, digəri isə ardıcıl,
davamlı siyasi xətt idi. Müstəqil
Azərbaycanın 1993-cü ildən bəri keçdiyi
demokratik, hüquqi dövlət quruculuğu yolunun hər
hansı mərhələsinə nəzər salsaq, bu amillərin
dəqiq şəkildə bir-birini izlədiyini görərik.
1993-cü ilin 15 iyun gününə qədər və ondan
sonrakı dövrlərdə Azərbaycan insanının əsas
istəkləri sülh, əmin-amanlıq, siyasi sabitlik,
qanlı qarşıdurmaların, günahsız qurbanların
dayandırılması, ötən əsrin 80-ci illərinin
sonlarından bəri pozulmuş həyat düzəninin yoluna
qoyulması idi. Heydər Əliyev ilk növbədə
bu problemləri yoluna qoymağa başladı. Bu sahədə
ciddi nəticələrə nail olduqdan sonra isə dövlət
quruculuğu, yeni tarixi-ictimai şəraitin diktə etdiyi
prinsiplərin tətbiqi, sosial-iqtisadi inkişaf mərhələsi
gəldi. Azərbaycan tədricən sivil
dünya ölkələri sırasında özünə yer
tutdu. Dünyada gedən inteqrasiya proseslərinə
qoşuldu. İrəli sürdüyü
qlobal layihələrlə regionda əsas söz sahibinə
çevrildi. Ölkəmizdə aparılan
demokratik islahatlar böyük nailiyyətlər qazandı.
İnamın
gücü
Bu gün öz inkişaf səviyyəsinə
görə dünyanın ən öncül ölkələri
sırasında qərarlaşan Azərbaycan isə Heydər
Əliyevin arzularında, gələcəklə bağlı
strateji baxışlarında şəkilləndirdiyi vətəndir. Tarixin ən güclü Azərbaycanıdır!
Ömrün faniliyi ulu öndərə XXI əsrin
ilk qərinəsini başa vurmaqda olan bu Azərbaycanı
görməyə imkan verməsə də, o, qurduğu
dövlətin bu ucalıqlara yetişəcəyinə əmin
idi. Çünki irəli
sürdüyü ideyaların işığına, müəyyən
etdiyi yolun düzgünlüyünə, ən əsası isə,
bu ideyaları onun cismani yoxluğu dövründə də
davam etdirməyə qabil liderin gücünə, vətən
sevgisinə inanırdı.
"Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək,
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyinizlə və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin Azərbaycan
xalqına 1 oktyabr 2003-cü il tarixli
müraciətindən götürülmüş bu cümlələr
xalqın, dövlətin gələcəyi
qarşısında böyük məsuliyyət idi. Dövlətin sükanını ən etibarlı əllərə
tapşırmaq üçün göstərilən yol idi.
Bu, böyük siyasətçinin bir ustad kimi
öz dövlətçilik məktəbində yetirdiyi
davamçısına yüksək etimadı idi.
Azərbaycan xalqı bu etimada dayaq
durdu!
Heydər Əliyev ideyalarının ən
layiqli davamçısı - Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bu inamı doğrultdu!
Və bu inam, bu etimad, bu
qarşılıqlı güvən Azərbaycanı milli
dövlətçilik tarixinin ən möhtəşəm
günlərinə yetirdi!
Tarixinin ən
güclü Azərbaycanı
Bu tarixi mərhələnin
reallıqları gündən-günə abadlaşan, şəhərlərinin,
kəndlərinin, qəsəbələrinin qiyafəsi dəyişən,
insanlarının dolanışıq səviyyəsi yüksələn
Azərbaycandır.
Bugünkü Azərbaycanın
mənzərəsi vətənin geniş sinəsindən
keçib bütün dünyaya doğru uzanan, xalqları,
ölkələri, mədəniyyətləri birləşdirən
yollardır, enerji-kommunikasiya xətləridir. Mədəniyyətlərarası
dialoq, sülh və tolerantlıq, multikulturalizm məkanı
kimi bütün bəşəriyyət üçün
gözəl bir örnəyə çevrilmiş ölkədir.
Gündən-günə
inkişaf edən iqtisadiyyatımızdır, bu inkişafdan
gündəlik həyat və məişətində
barınan, bəhrələnən vətəndaşlarımızdır. Azərbaycan cəmiyyətində
təhsilə, elmə, texnologiyalara, innovasiyalara heç zaman
olmadığı qədər artan maraqdır.
İnsan kapitalına qoyulan sərmayədir.
Bu mənzərə
güclü ordumuzdur, düşmən üzərində
bütün sahələr üzrə addım-addım
qazandığımız üstünlükdür. Xalqın dəstəyinə
arxalanaraq Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin ortaya qoyduğu siyasi iradədir. Aparılan köklü islahatlar, baş verən
davamlı müsbət yeniliklər, hər keçən
gün daha da yaxşıya doğru dəyişən həyatımızdır.
Tarixin ən güclü Azərbaycanının
mənzərəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə
yerinə yetirilən layihələr, bəşəriyyətə
təlqin olunan ali dəyərlərdir.
Bunların hər biri
böyük bir tarixdir. Və bu tarixlər bir ümumi
başlanğıcdan gəlir. Bu,
1993-cü ildə tariximizə qızıl hərflərlə
yazılmış 15 İyun Milli Qurtuluş
Günüdür.
Milli Qurtuluş Günü təkcə
xalqın siyasi təlatümlərdən, ağır
sosial-iqtisadi böhrandan xilas olduğu gün deyil. Qurtuluş
Günü daha geniş ictimai-siyasi müstəvidə
qavranılması vacib olan, mahiyyətində böyük fəlsəfi
yön daşıyan böyük bir anlayışdır.
Bu günün mahiyyəti
bütöv bir xalqın, dövlətin, ölkənin nicat fəlsəfəsidir!
Ölkəmizin yüksəliş
formuludur!
Bu, görkəmli
qırğız yazıçısı Çingiz Aytmatovun
yazdığı kimi, xalqın, dövlətin taleyini dəyişən
"Əsrə bərabər gün”dür.
Ona görə bu gün bizim
üçün bu qədər dəyərlidir, əzizdir, əlamətdardır!
Və Azərbaycan xalqı, dövləti
var olduqca, bu gün də yaşayacaq, tarixi mahiyyəti ilə
keçmişimizə, bu günümüzə və gələcəyimizə
işıq saçacaq!
Nurlana
ƏLİYEVA,
Bakı Slavyan
Universitetinin rektoru,
professor, YAP Qadınlar
Şurasının sədri
Azərbaycan.-
2019.- 15 iyun.- S.1; 4.