Heydər Əliyev və İçərişəhər

 

"İçərişəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin mənəvi və maddi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir”.

 

Heydər ƏLİYEV

 

Azərbaycanda muzey işi sahəsində XX əsrin əvvəllərindən başlanan inkişaf 50-ci illərdən sonra sovet totalitar rejiminin, kommunizm siyasətinin təbliğatına və bununla bağlı olan muzey əşyalarının toplanılması, öyrənilməsi və mühafizəsi işinə istiqamətlənmişdi. Bu siyasət dilimizi, dinimizi, tariximizi, mədəniyyət və mənəviyyatımızı məhv etmək məqsədi daşıyırdı. Belə ağır bir zamanda,1969-cu ildə Heydər Əlirza oğlu Əliyev respublikaya rəhbər təyin edildi. Ümummilli lider elə ilk günlərdən mədəniyyət sahəsinə xüsusi diqqət yetirməyə, bu sahədə yaranmış problem və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməyə başladı. Dövlət başçısının müdrik siyasəti nəticəsində mədəniyyətimiz, tariximiz məhv olmaqdan xilas edildi.

Ulu öndər muzeylərə, muzey işinə böyük önəm verərək deyirdi: "Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər mütləq lazımdır”. Ulu öndər ilk növbədə tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpasına ayrılan büdcə xərclərinin ildən-ilə artırılmasına nail oldu. 1971-ci ilin mart ayında respublikada 37 muzey var idi, 1982-ci ildə, Heydər Əliyev SSRİ Nazirlər Kabinetində məsul vəzifəyə təyin edildiyi vaxta qədər muzeylərin sayı 111-ə çatmışdı. Qısa zaman ərzində Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyi yaradılmışdı. Mədəniyyət Nazirliyinin məlumatına görə, hazırda ölkəmizdə müxtəlif təyinatlı 220-ə yaxın muzey mövcuddur ki, onlardan 4-ü Bakı-Abşeron ərazisində fəaliyyət göstərən qoruqlardır.

Ölkəmizdə əvvəlcə görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev-muzeyləri, daha sonra isə tarix-diyarşünaslıq muzeyləri təşkil edilmişdir. Ulu öndərin muzeylərə olan qayğısını qədim Bakının - Azərbaycanda şəhərsalma mədəniyyətinin mükəmməl nümunəsi İçərişəhərin və xalqımızın qürur mənbəyi, dövlətçilik rəmzimiz, XV əsr memarlığının şah əsəri olan Şirvanşahlar Saray Kompleksinin timsalında əyani şəkildə görmək olar.

Heydər Əliyev Bakını memarlıq tariximizin daş ensiklopediyası adlandırırdı. Bu tarixi məkanın əbədi yaşadılması, var olması üçün yoxlama və baxışlar keçirilmiş, İçərişəhərin inkişafı ilə əlaqədar bir sıra sərəncamlar verilmiş, normativ hüquqi aktlar qəbul edilmişdi. "Respublikada muzey işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Sovetinin 1970-ci il 30 yanvar tarixli və "Bakı şəhərində "İçərişəhər”in və ŞuşaOrdubad şəhərlərinin tarixi hissələrinin tarix-arxitektura qoruqları elan edilməsi haqqında” 10 avqust 1977-ci il tarixli qərarları qəbul edilir. Bundan sonra görülmüş tədbirlər nəticəsində bütün respublikada muzey işində dönüş yaranır. Lakin 1988-ci ildən ölkəmizdə siyasi sferada baş verən qarmaqarışıqlıq və müharibə vəziyyəti nəticəsində tarixi-memarlıq abidələrimiz tamamilə unudulmağa başlayır. İl ərzində milyondan artıq turist qəbul edərək dolub-daşan İçərişəhər sükuta bürünür, turistlərin sayı olduqca azalır.

Dövlətçiliyimizin ağır bir zamanında, 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev respublikaya ikinci dəfə rəhbər seçilir. Elə həmin il Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilir. 1994-cü ildə bu müşavirənin materialları əsasında "Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilir. Bu dövrdə - 1993-2003-cü illərdə Heydər Əliyev tərəfindən İçərişəhərin, eləcə də Azərbaycan ərazisindəki maddi-mənəvi tarixi-memarlıq abidələrinin qorunması və tanıdılması məqsədilə UNESCO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır. 1993-cü ilin dekabr ayında Heydər Əliyev Fransada UNESCO-nun baş direktoru Federiko Mayorla olan görüşündə qarşılıqlı əməkdaşlığın genişlənməsi məsələsini müzakirə edir. Bu görüşdən sonra Heydər Əliyev UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında 21 fevral 1994-cü il tarixli sərəncam imzalayır. Sərəncama əsasən Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Milli Komissiya Ümumdünya mədəni irsə aid mümkün obyektlərin ilkin siyahısına daxil edilmək üçün ilk tarixi obyektin namizədliyini hazırlamalı idi. Qısa müddət ərzində Azərbaycan UNESCO-nun daha bir neçə konvensiyasına qoşulur. 1996-cı il noyabrın 8-də UNESCO-nun baş direktoru Federiko MayorPrezident Heydər Əliyev arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanır. Memorandumun mədəniyyətə aid bölməsinin 4-cü bəndinə əsasən "... muzeylər, qalereyalarbaşqa mədəniyyət təşkilatları üçün müasir səviyyəli işçilərin hazırlanması və onlara kolleksiyaları saxlamaq və bərpa etmək üzrə müasir texnikanın, onların inventarlaşdırılmasının, idarə və təşkil olunmasının kompüter metodlarının öyrədilməsi...” üçün hərtərəfli yardımların göstərilməsi nəzərdə tutulmuşdu. Bu memorandumun qəbulundan sonra muzeylərdə mütəmadi olaraq maddi-mədəniyyət nümunələrinin - qiymətli muzey əşyalarının qeydiyyata alınması, saxlanılma qaydası, mühafizəsinin təşkili və bərpası, turistlərlə , muzey marketinqi məsələləri ilə bağlı beynəlxalq səviyyədə qəbul olunmuş normaları təlim edən seminar, "dəyirmi masa” və treninqlər keçirilməyə başlandı.

2000-ci il martın 24-də "Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Nəhayət, 2003-cü il 17 fevralda ölkə rəhbəri Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında sərəncam verir. Bu sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq 16 may 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılır. Yarandığı gündən idarənin əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin qorunması, təmir və bərpası, elmi tədqiqi və təbliği istiqamətində fəaliyyətinin təşkili və təmin edilməsi olmuşdur.

Ümummilli lider Heydər Əliyev bir neçə dəfə İçərişəhərdə, Şirvanşahlar sarayında olmuşdur. O dövrün bütün muzey işçiləri abidələrə, xüsusilə İçərişəhərə olan rəhbər diqqətini görürhiss edirdilər.

XX əsrin 90-cı illərində İçərişəhərdə bərpaya daha çox ehtiyacı olan tarixi abidə Şirvanşahlar sarayının yaşayış binası idi. Saray binası hələ 1983-cü ilin mart ayından təmirə bağlanmışdı. Tavanı götürülən, lakin bərpa layihəsi olmadan başlanmış işlər maliyyə çatışmazlığı səbəbindən dayandırılmışdı. Açıq havada qalan saray binasının taleyi təhlükə qarşısında idi. Dövlət müstəqilliyimizin ilk illəri idi və bərpaya ayrılan büdcə işlərin davam etdirilməsinə imkan vermirdi. Ulu öndər ölkənin müharibə şəraitində olduğuna baxmayaraq "çətinliklər nə qədər çox olsa da, mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik” deyirdi. 1998-ci ildə, Novruz bayramı günlərində ulu öndərin Şirvanşahlar Sarayına gəlişi yaxşı yadımızdadır.

Rəhbərin səmimiyyəti, sadəliyi, mehriban davranışı hamını heyrətə salmışdı. Saray binasında toz içində çalışan fəhlələrin əl işlərinə baxaraq "Siz böyük işlər görürsünüz. Mən sizin işinizi yüksək qiymətləndirirəm. Gələcək nəsillər də qiymətləndirəcək” söyləmişdi. Üzərində oyma naxışlar salınmış daşları əlləri ilə sığallayaraq, heyrət və təəccübünü gizlədə bilmirdi.

Bununla da bərpa işlərində əsaslı dönüş yarandı.

Heydər Əliyev deyirdi: "Şirvanşahlar sarayı Azərbaycan xalqının iftixar etdiyi tarixi-memarlıq abidəsidir. Bu, həm bizim memarlığımızın, ən yüksək səviyyədə olduğunu göstərir, həm də dövlətçiliyimizin tarixini əks etdirən abidədir, kompleksdir və şübhəsiz ki, dünyada da məşhurdur”.

2000-ci ilin noyabr ayında UNESCO-nun Avstraliyanın Kerns şəhərində keçirilmiş XXIV sessiyasında İçərişəhər "Şirvanşahlar sarayı” və "Qız qalası” abidələri ilə birgə Dünya İrs siyahısına daxil edildi. Lakin həmin il Bakıda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü ildə İçərişəhər kompleksi UNESCO-nun təhlükədə olan Ümumdünya İrs siyahısına salındı. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırıldı. Dərhal verilmiş təxirəsalınmaz qərarlar və həyata keçirilən tədbirlər nəticəsində İçərişəhərin mühafizəsi istiqamətində görülən işlər UNESCO-nun Ümumdünya İrs Komitəsinin ekspertləri tərəfindən təqdir edildi. Nəticədə 2009-cu ildə Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən İçərişəhər Kompleksi UNESCO-nun Təhlükə altında olan abidələr siyahısından çıxarıldı.

Ulu öndər Heydər Əliyevin adı Azərbaycanda milli tərəqqinin, oyanışın, nəhayət, müstəqil respublikanın qurucusu kimi tarixə əbədi həkk edilmişdir. Onun uğurlu dövlətçilik siyasəti, eləcə də mədəniyyətin inkişafı üçün atdığı addımlar bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə rəhbəri muzey binalarının təmiri, yenilərinin tikilməsi, müasir dünya standartlarına uyğun ekspozisiyaların yaradılması haqqında sərəncamlar vermişdir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin təbliğinə göstərdiyi qayğı və diqqət sayəsində mədəniyyətimiz, incəsənətimiz dünya arenasında tanınır, bəyənilir və qəbul olunur. Xalqımıza məxsus olan, indi dünya arxiv və kitabxanalarında mühafizə edilən əlyazmaların, maddi-mədəniyyət nümunələrinin surətlərinin çıxarılaraq ölkəmizə gətirilməsi və s. tariximizə, bu tarixi özündə yaşadan muzeylərimizə əvəzsiz töhfədir. UNESCO-nun qərarı ilə bir çox tarixi, maddiqeyri-maddi, mədəni və mənəvi abidələrimiz mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Qədim Bakının qala divarları daxilində fəaliyyət göstərən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu günrespublika rəhbərliyinin diqqət və qayğısı altındadır. Qədim memarlıq abidələri, tarixi yerlər bərpa və konservasiya olunur, tədqiq və təbliğ edilir. Yeni yaradılmış "İçərişəhər” Muzey Mərkəzi qısa bir zamanda bir neçə uğurlu layihəyə imza atmış, İçərişəhər abidələrinin, eləcə də "QalaTarix-Etnoqrafiya Qoruğu ərazisindəki abidələrin muzeyləşdirilməsi işində fərqli bir mərhələyə başlamışdır. Şirvanşahlar Saray Kompleksi, Qız qalası, Sıratağlı Dini Memarlıq Kompleksi və Müqəddəs Əmanətlər ekspozisiyaları, Bakı Fotoqrafiya Evi, Arxeoloji Park, "QalaTarix-Etnoqrafiya Qoruğundakı muzey ekspozisiyaları və s. yerli vətəndaşlarımızın və turistlərin həvəslə və böyük maraqla ziyarət etdikləri məkanlardır.

Muzeylər tarixin müəyyən məqamlarını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən qədim əşyaları toplayan, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən və öyrədən maddi-mənəvi xəzinə sayılır. Bu xəzinə ümummilli lider Heydər Əliyev kimi daim insanların müdrik siyasəti sayəsində qorunub bugünümüzə çatdırılmışdır.

 

Səadət ƏLƏKBƏROVA,

"İçərişəhər” Muzey Mərkəzinin elmi katibi,

əməkdar mədəniyyət işçisi

 

Azərbaycan.- 2019.- 15 iyun.- S.1; 5.