Qurtuluşdan başlanan
intibah
1993-cü il iyunun ortalarına doğru Azərbaycanda siyasi böhran pik həddə çatmışdı.
Ölkə parçalanmaq, xalqımız
öz dövlətçiliyini
itirmək təhlükəsi
ilə üzləşmişdi.
Belə bir şəraitdə dövləti düşdüyü
burulğanlardan xilas etmək missiyasını Heydər Əliyev kimi dahi şəxsiyyətlər
öz üzərlərinə
götürə bilərdi.
Dövlət müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycanda hakimiyyətdə
olan iqtidarların yarıtmaz fəaliyyəti
nəticəsində ölkədə
anarxiya baş qaldırmış, daxili çəkişmələr pik
nöqtəyə çatmışdı. Ölkədə separatçılıq meyilləri
baş alıb gedirdi. Vəziyyəti daha da ağırlaşdıran Ermənistanın
hərbi təcavüzü
idi. Beynəlxalq münasibətlərdə isə Azərbaycanı müstəqil dövlət
kimi qəbul etməyən dairələr
vardı.
Təəssüf ki, 1993-cü ilin ortalarına qədər ölkəyə rəhbərlik
edənlər vəziyyətin
ciddiliyini anlamadılar,
əksinə, müstəqilliyimizi,
dövlətçiliyimizi sürətlə
təhlükəyə doğru
apardılar. Onların qeyri-adekvat hərəkətləri
ölkədə anarxiyanın
miqyasının genişlənməsinə,
siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji
baxımdan böhranın
dərinləşməsinə, cəbhədə hərbi
uğursuzluqlara, ən
dəhşətlisi isə
xalqın vətəndaş
müharibəsi təhlükəsi
ilə qarşılaşmasına
aparıb çıxardı.
AXC - Müsavat hakimiyyəti
baş verəcək faciələri dərk edib nəticə çıxarmaq və buraxdığı səhvləri
xalq qarşısında
etiraf etmək əvəzinə sağlam
məntiqə sığmayan
hərəkətlərə yol verdi.
Beləliklə, 1993-cü ilin
iyununda məlum Gəncə hadisələri
baş verdi.
Belə bir vəziyyətdə Azərbaycan xalqı yeganə ümidini Heydər Əliyevə bağladı. Çünki xalq ölkənin
düşmüş olduğu
ağır bəlalardan
yalnız ulu öndərin sayəsində
xilas olacağına inanırdı. AXC -Müsavat iqtidarı da özünün ən gərgin anlarını yaşadığı
bir vaxtda Heydər Əliyevin Azərbaycan xalqı arasındakı nüfuzunu
nəzərə alaraq,
bu görkəmli şəxsiyyətə müraciət
etmək məcburiyyətində
qaldı. Vaxtı ilə
Naxçıvan MR-ın
rəhbərliyindən uzaqlaşdırmağa
çalışdığı Heydər Əliyevdən Gəncədə baş verən hadisələrə
münasibət bildirməyi
və daha sonra Bakıya gəlməyi xahiş etdi.
Məlum olduğu kimi, AXC-Müsavat iqtidarı
1992-ci ildə Heydər
Əliyevi Naxçıvan
rəhbərliyindən uzaqlaşdırmaq
üçün məkirli
plan həyata keçirmək
istəyirdi. Naxçıvanda dövlət çevrilişinə
cəhd göstərilməsi
ozamankı iqtidarın
əsl mahiyyətini bir daha xalqa
göstərdi. Aydın
oldu ki, AXC-Müsavat hakimiyyəti blokada şəraitində
yaşayan, sosial-iqtisadi
problemlərlə və
Ermənistanın hərbi
təcavüzü ilə
üzləşən Naxçıvana
nəinki kömək
göstərmək istəyir,
əksinə, şəxsi
qrup maraqlarından çıxış edərək,
orada ictimai-siyasi vəziyyəti gərginləşdirmək
və vətəndaş
qarşıdurması yaratmaq
niyyətindədir. Hakimiyyətin
bu cür çirkin əməllərə
əl atmasının
əsas səbəbi isə Naxçıvan Ali
Məclisinin sədri Heydər Əliyevin AXC-Müsavat iqtidarının
ağılsız və
avantürist siyasətinə
qarşı çıxması,
böyük çətinliklərə
baxmayaraq Naxçıvanı
Ermənistanın silahlı
qüvvələrinin hücumlarından
qoruması, bu qədim Azərbaycan torpağında ictimai-siyasi
sabitliyi bərpa etməsi və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırlması
yönündə səmərəli
siyasət həyata keçirməsi nəticəsində
nüfuzunun gündən-günə
yüksəlməsi idi.
Sözsüz ki, bu görkəmli dövlət
xadiminin ölkədə
artan nüfuzunu uğursuzluqlar burulğanında
çapalayan cəbhə
iqtidarı qısqanclıqla
qarşılayır, həzm
edə bilmir və ona qarşı
şər-böhtan kampaniyası
aparırdı.
Xalq isə Heydər Əliyevin siyasi hakimiyyətə dönüşünü
arzulayırdı. Hər gün Azərbaycanın
müxtəlif yerlərindən
Naxçıvana nümayəndələr
gedir, teleqram teleqram ardınca göndərilirdi. Yeni Azərbaycan
Partiyasının yaranması
da bu zərurətdən
irəli gəlmişdi.
Gəncədə baş verən
qanlı faciənin miqyasının artması
təhlükəsi göstərirdi
ki, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması xalqın yeganə nicat yoludur. Xalq və tarix qarşısında məsuliyyət
hissindən vahiməyə
düşən, digər
tərəfdən, özünün
yaratdığı problemləri
aradan qaldırmaqla aciz qaldığını
anlayan AXC - Müsavat iqtidarı ümumxalq istəyinə və tələbinə boyun əyməyə məcbur
oldu, Heydər Əliyevdən imdad dilədi.
Heydər Əliyev dahi siyasətçi idi. Ölkədə böhranın dərinləşdiyi
bir vaxtda xalqın köməyinə
gəldi. Naxçıvan
MR Ali Məclisi və
Nazirlər Kabineti Rəyasət Heyətinin
1993-cü il iyun ayının 7-də keçirilən birgə iclasında Gəncədə
baş verən hadisələr vətəndaş
müharibəsinin başlanması
kimi qiymətləndirildi.
Sənəddə qanlı hadisələrin
qarşısının dərhal
alınmasının zəruri
olduğu bildirilərək,
ölkə əhalisi
milli birliyə və vətəndaş həmrəyliyinə dəvət
edildi.
Qayıdış 1993-cü il iyunun 9-da baş verdi. Heydər Əliyev onu qarşılayanların alqışları
altında Bakıya qədəm qoydu. Xalqın tələbi ilə Bakıya gələn Heydər Əliyevin iyun ayının 13-də Gəncəyə gedib, orada keçirdiyi görüşlər bir çox mürəkkəb
və ziddiyyətli məsələlərin müəyyənləşdirilməsində
mühüm rol oynadı.
1993-cü ilin iyun ayının 15-də keçirilən Milli Məclisin iclasında iqtidar nümayəndələrinin
Heydər Əliyevin respublikanın ali
rəhbərliyində təmsil
olunmasına maneçilik
törətmək cəhdləri
ortaya çıxdı.
Həmin şəxslərin
Heydər Əliyevin
Ali Sovetin sədri seçilməsi məsələsini
arxa plana keçirərək, müzakirələri
özlərinə sərf
edən istiqamətə
yönəltməyə çalışmaları,
görünür, onların
artıq taleyi həll edilmiş AXC-Müsavat hakimiyyətinin yaşayacağına hələ
də ümid etmələrindən, bu uğursuz iqtidarı nəyin bahasına olursa-olsun yaşatmaq cəhdlərindən irəli
gəlirdi.
Amma onların cəhdi xalqın tələbi qarşısında duruş
gətirə bilmədi
və Heydər Əliyev iyun ayının 15-də Azərbaycan
Ali Sovetinin Sədri seçildi. Elə həmin iclasda Heydər Əliyev proqram xarakterli çıxışında mövcud
dövlət böhranının
aradan qaldırılması
yollarını, müstəqil
Azərbaycan Respublikasının
daxili və xarici siyasətinin əsas istiqamətlərini
müəyyənləşdirdi: "Mənə bu gün böyük etimad göstərdiyinə
görə Milli Məclis üzvlərinə,
Azərbaycan Ali Sovetinə
öz minnətdarlığımı
bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlarımdan
istifadə edib bu böyük vəzifəni, ağır
bir yükü aparmağa çalışacam
və bu vəzifənin ləyaqətlə
yerinə yetirilməsinə
səy edəcəyəm.
Bu sahədə mən daim çalışacağam
və heç kəsin şübhəsi
olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil
dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Bununla da Azərbaycanın müasir tarixində yeni mərhələnin təməli qoyuldu. Ulu öndərin
siyasi hakimiyyətə
gəlişi ilə ölkəmiz bütün
təhlükələrdən xilas oldu, tənəzzüldən
inkişafa qədəm
qoydu. Xalqımız öz dövlətçiliyinə
sahib çıxdı, müstəqilliyini
möhkəmləndirdi. Ulu öndər hüquqi və demokratik Azərbaycan dövlətinin
banisinə çevrildi.
Heydər Əliyevin zəkası bütün sədləri
yararaq Azərbaycanı
olduqca mürəkkəb
zamanın dalğaları
arasından salamat çıxarıb, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Bu gün fəxrlə deyirik ki, təlatümlü
bir dövrdə respublikamızı parçalanmaq
təhlükəsindən qurtaran,
onu inkişaf etdirən, beynəlxalq aləmdə tanıdan, nüfuz qazandıran məhz ulu öndər
Heydər Əliyev olub. Başqa sözlə, ümummilli
lider bugünkü güclü, qüdrətli
Azərbaycanı öz
zehni, düşüncəsi,
müdrikliyi ilə yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb.
Məhz elə buna görə
də dahi şəxsiyyətin adı
hazırda, sözün
həqiqi mənasında,
müasir müstəqil
Azərbaycan dövlətinin
rəmzi kimi səslənir.
Ümummilli lider Heydər Əliyev daim dövlətinin və xalqının bütövlüyü uğrunda
fədakarlıqla çalışmış,
müstəqilliyimizin möhkəmləndirilməsi,
dövlətçiliyimizin inkişafı, demokratiyanın
genişləndirilməsi, xalqın
rifah halının daha da yaxşılaşdırılması
üçün mümkün
ola bilən
hər bir işi görmüşdür.
Bu gün
müasir Azərbaycan
Heydər Əliyevin şah əsəri kimi inkişaf edir, yüksəlir. Ulu öndərin
siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun liderinə, dünyanın
sayılıb seçilən
dövlətinə, kosmik
klubun üzvünə
çevirib. Ölkəmiz beynəlxalq enerji təhlükəsizliyi məsələlərində
söz sahibi kimi çıxış edir. Həyata keçirilən uğurlu siyasət həm də vətəndaşların sosial
rifahının yüksəlməsində
özünü göstərir.
Xalqımız bunu görür
və haqlı olaraq cənab İlham Əliyevin ətrafında sıx birləşib. Beləliklə, Qurtuluşdan başlanan intibah bu gün
də Azərbaycan dövlətinin və xalqının yüksəlişinə
xidmət edir.
Günel MƏLİKLİ,
siyasi elmlər üzrə
fəlsəfə doktoru,
Silahlı Qüvvələrin
Hərbi Akademiyasının
professor
Azərbaycan.- 2019.- 15 iyun.- S.6.