Milli Qurtuluş Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir
Oqtay Əsəsdov: "Ulu öndər xalqı böyük
fəlakətlərdən, qardaş
qırğınından qurtardı”
İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə deputatları Milli Qurtuluş Günü münasibətilə təbrik etdi.
Spiker bildirdi ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb: "Zaman bizi 1990-cı ilin həyəcanlı günlərindən uzaqlaşdırdıqca tariximizin bu dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik. O dövrdə Azərbaycan dövləti müstəqilliyini itirmək ərəfəsində idi. Azərbaycanda qardaş qırğını təhlükəsi var idi. Bu çətin zamanlarda xalq üzünü Azərbaycanın dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyevə tutdu. Ulu öndər hakimiyyətə qayıtması ilə xalqı böyük fəlakətlərdən, qardaş qırğınından qurtardı. Azərbaycanın müasir dövlət kimi hədəfləri müəyyənləşdi. Ona görə biz hər il iyunun 15-ni Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edirik”.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Layihə ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi.
Bildirdi ki, 2018-ci ildə ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və infrastruktur layihələrinin reallaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi, dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, kənd təsərrüfatının stimullaşdırılması, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi və digər zəruri dövlət tədbirlərinin icrası üçün maliyyə təminatının yaradılması diqqətdə saxlanılıb.
Təqdim olunmuş hesabata əsasən, 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 149 milyon manat proqnoza qarşı 22 milyard 508,9 milyon manat və ya 101,6 faiz təşkil etmişdir. Bu, 2017-ci illə müqayisədə 36,3 faiz çoxdur. Ötən il dövlət büdcəsinin xərcləri 23 milyard 100 milyon manat proqnoza qarşı 22 milyard 731,6 milyon manat və ya 98,4 faiz icra edilib. Bu da 2017-ci ilə nisbətən 29,2 faiz çoxdur.
Deputatlardan Şəmsəddin Hacıyev, Rauf Əliyev layihə ilə bağlı fikirlərini bildirdilər. Vergilər naziri Mikayıl Cabbarov qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı pos-terminalların işləməməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirdi. Onun sözlərinə görə, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Qeyd olundu ki, nağd pul kütləsinin çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb və bu rəqəm dinamikanın müsbət istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Hazırda 67032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur.
Yekunda qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
Sonra "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) təsdiq olundu.
İclasda bir zərfdə təqdim olunmuş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarıldı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihələrinə edilən dəyişikliklərin bir müddət əvvəl Cinayət Məcəlləsində olunmuş dəyişikliklərlə əlaqədar olduğunu diqqətə çatdırdı. Qanun layihələri təsdiq olundu.
"Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında (birinci oxunuş) Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Təklif olunan dəyişikliklər bələdiyyələrin beynəlxalq əməkdaşlığı, bələdiyyə fəaliyyətinin təşkilinə kömək göstərilməsi kimi məsələləri əhatə edir. Qanun layihəsi təsdiq olundu.
Milli Məclisin iclasında "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi də (birinci oxunuş) müzakirəyə çıxarıldı. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Qeyd etdi ki, qanun layihəsinin hazırlanması Konstitusiyanın tələblərindən irəli gəlir. Layihə qısa zamanda beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Hazırda Avropa Şurasına üzv bir sıra ölkələrdə belə qanun qəbul edilib.
Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsi "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq maddələrində müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsində dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi, əmək haqqının məbləği və onun ödənilməsi qaydası, cinayət və inzibati xətalar, ailə münasibətləri, ərazi quruluşu və inzibati ərazi bölgüsü kimi məsələlər nəzərdə tutula bilməz. Vətəndaşların qanunvericilik təşəbbüsü zamanı tələb olunan 40 min imza ölkənin azı 60 seçki dairəsini əhatə etməli və hər seçki dairəsindən ən azı 500 imza toplanmalıdır.
Layihə ilə bağlı deputatlardan Fərəc Quliyev, Elmira Axundova, Əflatun Amaşov, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva çıxış etdilər, təkliflərini bildirdilər. Qanun layihəsi birinci oxunuşda qəbul edildi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 15 iyun.- S.1- 2.