TÜRKPA-ya üzv
ölkələrin qadın parlamentarilərinin beynəlxalq
konfransı keçirilib
İyunun 14-də Azərbaycan Respublikasının Milli Məclisi və Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədrinin müavini Bahar Muradova konfransı açaraq tədbirdə iştirak edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupovu, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaini, Türkiyə, Qazaxıstan, Qırğızıstan nümayəndə heyətlərini salamlamaqdan məmnunluğunu ifadə etdi. Vitse-spiker giriş nitqində söylədi ki, son illər ölkəmizdə bir çox beynəlxalq səviyyəli tədbirlər müvəffəqiyyətlə həyata keçirilir. Bu tədbirlərdə dünyada mövcud olan problemlər müzakirə olunur, qarşıya çıxan çağırışları və təhdidləri önləmək üçün hədəflər qoyulur. Bu yığıncaqda da biz dostluq, qardaşlıq şəraitində vacib məsələlərin müzakirəsini aparacağıq, müvafiq qərarlar qəbul edəcəyik.
Bildirildi ki, bütün türk dövlətlərini ümumi tarix, mədəniyyət, milli-mənəvi dəyərlər birləşdirir. Bu gün biz dayanıqlı inkişaf məqsədlərinin (DİM) reallaşmasında TÜRKPA-ya üzv ölkələrin qadın parlamentarilərinin verə biləcəyi töhfələrlə bağlı fikirlərimizi bölüşəcəyik. Bu sahədə hər bir ölkənin əldə etdiyi milli təcrübəsi mövcuddur. DİM dünya ölkələrini irəliyə aparmaq üçün vacib istiqamətdir. Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək dayanıqlı inkişaf üzrə gündəliyində 17 məqsəd qarşıya qoyulub. Burada yoxsulluğa, aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və yaxşı qidalanmağa nail olmaq, bütün yaşlarda sağlam yaşayışı təmin etmək, bərabər keyfiyyətli təhsili təmin etmək, davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, səmərəli məşğulluğu, layiqli iş imkanlarını təşviq etmək və digər vacib hədəflər seçilib. Bunların arasında gender bərabərliyinə nail olmaq və bütün qadınların və qızların səlahiyyətlərini genişləndirmək kimi hədəf də mühüm əhəmiyyət kəsb edir. Biz gələcək nəsillərin mənafeyinə xələl gətirmədən bu gün bu istiqamətlərdə problemlərin aradan qaldırılmasına çalışmalıyıq.
Qeyd edildi ki, TÜRKPA çərçivəsində bu proseslərə qadınların cəlb olunması, o cümlədən iştirakçılığın təmin edilməsi, kvotaların aradan qaldırılması çox vacibdir. Qadınlar həm ölkədaxili, həm də beynəlxalq səviyyədə bərabər cavabdehlik, məsuliyyət daşımalıdır. Quruma üzv ölkələrin qadın parlamentariləri digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq qurmalı, bütün məsələlərdə vahid mövqedən çıxış etməlidirlər. DİM-ə çatmaq üçün kimsə kənarda qalmamalıdır, qadınların rolu artırılmalıdır. Dünyada gender bərabərsizliyinin aradan qaldırılmasında ortaya çıxan maneələri dəf etmək üçün bərabər fəaliyyət göstərmək vacibdir.
Diqqətə çatdırıldı ki, Azərbaycanda qadınların əməyinə dövlət səviyyəsində dəstək verilir. Qanunverici, icraedici orqanlarda qadınlar öz fəallığı ilə seçilir. Milli Məclisin qadın deputatları bir sıra beynəlxalq təşkilatların üzvüdür, onlar üzərlərinə düşən işlərin öhdəsindən layiqincə gəlirlər. Azərbaycan parlamentində gender bərabərsizliyinin aradan qaldırılması ilə bağlı bir sıra qanunlar qəbul edilib. Ölkəmizdə qadınlar müvəffəqiyyətlə rəhbər vəzifələrdə təmsil olunurlar. Bunun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında gözəl nümunəsini örnək olaraq görə bilərik. Mehriban Əliyeva bu gün həm dövlət əhəmiyyətli, həm də dünya miqyasında taleyüklü məsələlərin həllində böyük işlər görür, vacib layihələrə imza atır.
Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov çıxış edərək konfransın yüksək səviyyədə təşkili üçün Milli Məclisin Sədri Oqtay Əsədova minnətdarlığını ifadə etdi. O bildirdi ki, türk cəmiyyətində qadınlar dövlət orqanlarında və sosial-ictimai həyatda fəal iştirak edirlər. Türk xalqlarının ailə dəyərlərində oxşarlıq mövcuddur. Müasir türk cəmiyyətlərində qadına və ailəyə yüksək qiymət verilir. Müasir dünyada qadınların dövlət və cəmiyyət həyatında rolu artmaqdadır. Həm milli, həm qlobal səviyyədə gender bərabərliyi sahəsində ümumi platformanın yaranması çox əhəmiyyətlidir. Bu məsələdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ön sıradadır və çoxşaxəli fəaliyyəti ilə bu sahəyə öz layiqli töhfəsini verir.
Baş katib qeyd etdi ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində 5-ci hədəf gender bərabərliyi ilə bağlı məsələlərə həsr olunub. Son 10 ildə bu istiqamətdə gözəçarpan nailiyyətlər əldə edilib. Lakin bəzi mənfi hallar hələ də qalmaqdadır. Bu problemlərin həllində lazımi addımlar atılır. Bu gün TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə fəallıq göstərirlər. Bütün türkdilli dövlətlərdə qadınların cəmiyyət və dövlət həyatında rolu geniş şəkildə müşahidə olunur. Hər bir ölkənin milli gender siyasəti müəyyənləşib, müvafiq hüquqi baza yaradılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, qoyulan mövzu bütün dünya üçün böyük əhəmiyyət kəsb edir və Dayanıqlı İnkişaf Konsepsiyası üzv dövlətlər üçün əsas prioritetlərdəndir: "Bu məqsədə nail olmaq üçün ilk növbədə biz dünyanı daha ədalətli və bərabərhüquqlu cəmiyyətə çevirən ciddi dəyişikliklərin həyata keçirilməsi üzərində birgə işləməliyik. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə nail olmaq üçün bütün ölkələr öhdəlik qəbul edib. Burada göstərilən 17 məqsədi reallaşdırmaq ölkələrin inkişaf tempindən, iqtisadi, təbii və insan resurslarından asılıdır”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva dedi ki, türk dünyasında qadınlar mənəvi, əxlaqi keyfiyyətləri ilə daim seçilib, milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıblar. Türk dünyasının möhtəşəm yazılı abidələrindən olan "Kitabi Dədə Qorqud”, "Koroğlu”, "Manas” dastanlarında əks olunan qadın surətləri bu gün də öz məharətləri ilə bəşəri idealların qorunub saxlanılmasına kömək edir. Ümumilikdə türkdilli dövlətlərdə qadının ictimai fəallıq tarixi çox rəngarəngdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şərqdə ilk dəfə parlamentdə seçki hüququ qazanmış qadınlar cəmiyyətin maariflənməsi, mədəniyyətin yüksəlişi və elmi-ictimai nailiyyətlərin əldə olunmasında böyük rol oynayıblar. Qadınlara verilən hüquqlar nəticəsində mədəniyyət, incəsənət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə onların zəngin potensialının aşkar olunması üçün əlverişli zəmin yaradılıb.
Müasir zəmanəyə nəzər salan Günay Əfəndiyeva türk dünyasının öndə olan qadınlarından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini qeyd etdi. Bildirdi ki, Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr, onun təşəbbüsləri və xeyirxah əməlləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təqdirlə qarşılanır.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışında dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına türk dövlətlərinin əhəmiyyət verməsini təqdirəlayiq hal kimi dəyərləndirdi. Bildirildi ki, BMT tərəfindən 2015-ci ildə qəbul olunmuş 17 bənddən ibarət sənəddə göstərilən məsələlər dayanıqlı inkişaf üçün zəruri bir tələbdir. Bu plan bütün dünya ölkələrinin qarşılıqlı tərəfdaşlıq şəraitində fəaliyyəti nəticəsində həyata keçməlidir. Burada əsas məqam ondan ibarətdir ki, heç kəs kənarda qalmamalıdır. Firavan gələcəyi qurmaq üçün qadınların iştirakı mütləqdir.
BMT-nin ölkəmizdəki nümayəndəsi qeyd etdi ki, Azərbaycan qadınlara seçmək və seçilmək hüququ verən ilk müsəlman ölkəsidir. Burada ilk qızlar məktəbi yaradılıb. Ölkə Konstitusiyasında qadınların hüquqları geniş şəkildə təmin olunub. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial, mədəni, humanitar sahələrdə önəmli proqramlar həyata keçirdiyini məmnunluqla söylədi, qadınların biznesdə fəal iştirakı, maliyyə müstəqilliyini əldə etməsinin əhəmiyyətindən, BMT ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan bəhs etdi.
Konfransda Qazaxıstan nümayəndə heyətinin rəhbəri Güljana Karaqusova, Qırğızıstan təmsilçisi Aynuru Altıbayeva, Türkiyə nümayəndəsi Nurhayat Altaca Kayışoğlu mövzu ilə bağlı fikirlərini açıqladılar, ölkələrində DİM-ə nail olunması prosesində həyata keçirilən tədbirlər, reallaşdırılan layihələr haqqında ətraflı məlumat verdilər.
* * *
Fasilə zamanı konfrans iştirakçıları ailə fotosu çəkdirdilər, Milli Məclisin inzibati binasında yerləşən Heydər Əliyev xatirə zalında Azərbaycan xalqının ümummilli lideri ilə bağlı eksponatlarla tanış oldular.
Qonaqlar həmin gün parlamentdə Milli Məclisin iclasındakı müzakirələri izlədilər.
* * *
Fasilədən sonra konfrans panel iclaslarında işini davam etdirdi. Deputatlar "Türkdilli ölkələrdə
gender bərabərliyi üçün
imkanların yaradılması:
davamlı inkişafa doğru addımlar” və "TÜRKPA türk
dünyası qadınları
arasında dialoqun genişləndirilməsində platforma kimi: gələcəyə baxış”
mövzularında çıxışlar
etdilər.
Müzakirələrdən sonra iclasın sonunda konfransın yekun sənədi qəbul olundu.
Azərbaycan.-
2019.-15 iyun.- S.3.