Hüquqi dövlət quruculuğunun banisi
Gəncliyin mövqeyi
Azərbaycanın dinamik və uğurlara söykənən inkişafını şərtləndirən ən mühüm faktorlardan biri də mütərəqqi əsaslarla həyata keçirilən hüquqi islahatlar, bu sahədə ən qabaqcıl dünya təcrübəsinə cavab verən qanunvericilik bazasının formalaşdırılmasıdır. Lakin bu sahədə mövcud vəziyyətin yaranmasına gedən yol o qədər də rəvan olmayıb, xüsusən də ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki mövcud vəziyyət digər sferalarla yanaşı, hüquqi müstəvidə də qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə böyük əngəllər yaradırdı.
Bu dövrdə Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin ləngiməsi ümumilikdə ölkənin demokratik tərəqqisinə də imkan vermir, ictimai-siyasi sabitliyin bərqərar olmasının qarşısını alırdı. Yaranmış vəziyyətdə Azərbaycan xalqı növbəti dəfə müdriklik nümayiş etdirərək həyatını ölkəsinə təmənnasız xidmətə həsr edən ulu öndər Heydər Əliyevi yenidən rəhbərliyə dəvət etdi.
Ümummilli liderin diqqət mərkəzində saxladığı əsas istiqamətlərdən biri hüquqi dövlət quruculuğuna start verilməsi, bunun üçün qanunvericilikdən tutmuş digər sahələrə kimi müvafiq addımların atılması oldu. Bu proses ölkə vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə də zəruri şərait yaratdı, demokratik dəyərlərin ölkədə bərqərar olmasına imkan verdi.
Ulu öndərin təşəbbüsü ilə hazırlanan Azərbaycan Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsinə çıxarılaraq qəbul olundu və bununla hüquqi dövlət quruculuğu prosesinin təməl istinadı formalaşdırıldı. Uğurlu hüquqi islahatlar cəmiyyətdə bütövlükdə hüquq sisteminə böyük inam yaratdı.
Qurtuluş günündən bizi 26 illik möhtəşəm tarix ayırır. Ümummilli liderin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan indi tarixinin ən qüdrətli dövrünü yaşayır. Öz uğurlu siyasəti ilə müstəqilliyi daha da möhkəmləndirən cənab İlham Əliyev Azərbaycanı beynəlxalq miqyasda nüfuzlu söz sahibinə, etibarlı tərəfdaşa çevirdi.
Prezident İlham Əliyevin dövlət rəhbəri kimi ən ali və mühüm keyfiyyətlərindən biri də idarəçilikdə daim sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə istinad etməsidir. Azərbaycanın inkişaf prioritetlərini düzgün müəyyənləşdirən cənab İlham Əliyevin demokratik və dünyəvi hüquqi dövlət quruculuğu modeli ulu öndərin müəyyənləşdirdiyi təməl prinsiplərinə söykənir.
Digər ölkələrin də təcrübəsi göstərir ki, məhz demokratik sistemin və hüququn aliliyinin inkişafını möhkəm təmin etmiş dövlətlər daha sürətli və uğurlu iqtisadi inkişafa nail olublar. Bu səbəbdən də insan hüquq və azadlıqları, eləcə də vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.
Cənab İlham Əliyevin prezident seçildiyi 2003-cü ildən ötən dövr ərzində həyata keçirilən sosial proqramlar, yoxsulluq səviyyəsinin azaldılması, infrastruktur layihələri, təhsil və səhiyyə islahatları vətəndaşların rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu tərəqqini şərtləndirən hüquqi islahatlar da daim Prezidentin inkişaf konsepsiyasının ayrılmaz hissəsi olub.
Son 16 ildə Azərbaycanda inkişafın davamlılığını təmin edəcək kompleks hüquqi islahatlar həyata keçirilib. Məhkəmələrdə yeni hakim korpusunun formalaşdırılması da daxil olmaqla, prokurorluq orqanlarının və ümumiyyətlə, dövlətin hüquqi-inzibati sahədə fəaliyyətini həyata keçirən bütün qurumların əməkdaşlarının işə qəbulunda şəffaflıq təmin edilib. Xüsusilə də gənc kadrların hüquq sistemində çalışması, kadr potensialının gücləndirilməsi və onların fəaliyyətinə xüsusi qayğı isə bu sahədə əldə edilən nailiyyətlərin miqyasını daha da artırır. Layiqli mütəxəssislərin bilik və təcrübəsindən nəinki dövlətin inzibati idarəetmə aparatı, o cümlədən cəmiyyət də bəhrələnir. Düzgün kadr siyasəti idarəçilikdə səmərəliliyin artırılmasında müstəsna rol oynayır.
Hüquqi islahatlarla bağlı Prezidentin ortaya qoyduğu iradə və mövcud nailiyyətlər tətbiq edilən yanaşmanın düzgün olduğunu bir daha təsdiqləyir. Bu islahatlar Azərbaycanın dayanıqlı iqtisadi inkişafı yolunda öz bəhrəsini verməkdədir. Hüquqi islahatların dərinləşdirilməsini nəzərdə tutan mühüm sənədlərin imzalanması, qərarların verilməsi isə bu sahədə demokratik ənənələrin bərqərar olması baxımından mühüm addımdır.
Ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirərək, hər bir vətəndaşın layiqli Prezidentinə çevrilən dövlət başçısı bütün vədlərini konkret işlərlə doğruldur. Daim yüksələn xətlə artan inkişaf göstəricilərinin uğurlu nəticəsi beynəlxalq səviyyədə də təqdir olunur. Azərbaycanın Dünya Bankının "Doing Business” hesabatında ən islahatçı 3 ölkədən biri kimi təqdim olunması böyük uğurdur.
Bir sözlə, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə yeniləşən, müasirləşən, demokratikləşən dövlətə çevrilməkdədir.
Süleyman ATAKİŞİYEV,
Azərbaycan Respublikası Prokurorluğunun
əməkdaşı
Azərbaycan.-
2019.- 15 iyun.- S.8.