Azərbaycanın inkişaf
konsepsiyası Heydər Əliyev ideyalarına əsaslanır
Gənc
mütəxəssisin rəyi
Bu gün xalqımız Azərbaycanda Milli Qurtuluş Gününü qeyd edir. 26 il öncə - 1993-cü il iyun ayının 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə Azərbaycanın dövlətçilik və müstəqillik tarixində yeni mərhələ başladı. Heydər Əliyevin adı ilə birbaşa bağlı olan bu mərhələdə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan, xalqımız bərpa etdiyi müstəqilliyini yenidən itirmək təhlükəsindən xilas oldu. Xalqımızın dahi oğlu Heydər Əliyev öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti ilə xalqımızı öz arzularına qovuşdurdu, müasir Azərbaycan dövlətinin banisi oldu.
Heydər Əliyevin 1993-cü ildə xalqın istək və arzusu ilə hakimiyyətə gəlişi siyasi-hərbi böhrana son qoyduğu, hakimiyyət boşluğunu aradan qaldırdığı kimi, digər sahələrdə də tənəzzülün qarşısını aldı. O cümlədən iqtisadi sferada inkişafın əsası qoyuldu. Təsadüfi deyil ki, SSRİ-nin dağılması və AXC-Müsavat cütlüyünün səriştəsizliyi, yarıtmazlığı səbəbindən iflic vəziyyətinə düşən iqtisadiyyatın hələ ötən əsrin 90-cı illərinin ortalarında dərin böhrandan çıxarılması və iqtisadi inkişafın təməlinin qoyulması Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün də Azərbaycan dövlətinin nail olduğu möhtəşəm iqtisadi uğurların gerçəkləşməsi çox düzgün olaraq ümummilli lider Heydər Əliyevin müəllifi olduğu strategiyanın uğurla davam etdirilməsinin nəticəsi kimi qəbul edilir. Prezident İlham Əliyevin ulu öndərin iqtisadi konsepsiyasını uğurla davam etdirməsi Azərbaycan iqtisadiyyatında əldə edilən uğurlu yüksəlişlə bahəm onun keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etmişdir.
Məlum olduğu kimi, bir neçə il əvvəl qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da müəyyən dərəcədə öz təsirini göstərdi. Xüsusən 2014-cü ilin sonlarından etibarən dünya əmtəə qiymətlərinin kəskin dəyişməsi, o cümlədən neftin qiymətinin azalması proseslərinin güclənməsi iqtisadi riskləri də artırdı.
Lakin hər bir böhran, eyni zamanda, həm bir sınaq, həm də yeni inkişaf dövrünün başlanması deməkdir. Reallıqlar ondan ibarətdir ki, Azərbaycan bu sınaqdan üzüağ və ləyaqətlə çıxdı. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə 2016-cı ilin əvvəllərindən dərhal yeni iqtisadi islahatların həyata keçirilməsinə başlanıldı, xüsusən qeyri-neft sektoru istehsalının və ixracının stimullaşdırılması üçün zəruri tədbirlər həyata keçirildi. Təbii ki, yeni iqtisadi islahatların bir qismi maliyyə sektorunu əhatə etdi. Belə ki, yeni çağırışların həlli istiqamətində bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirləri əks etdirən strateji hədəflər müəyyən edildi. Vergi və gömrük sahəsindəki yeniliklər, lisenziyaların verilməsinin və biznesə başlama prosedurlarının sadələşdirilməsi, yoxlamaların aradan qaldırılması, yerli istehsalın və onun ixracının dövlət tərəfindən stimullaşdırılması, "Made in Azerbaijan” brendinin dünyada tanıdılması qeyri-neft sektorunun inkişafına təkan verdi.
2016-cı ildən Azərbaycan iqtisadiyyatında başladılan yeni iqtisadi islahatların nəticəsi getdikcə daha dərindən hiss olunmaqdadır. Artıq ötən il ümumi daxili məhsulun 1,4, qeyri-neft sektorunun 1,8, sənaye istehsalının 1,5, kənd təsərrüfatının isə 4,6 faiz artması iqtisadiyyatın şaxələndirilməsi, istehsalın və ixracın stimullaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların uğurla icrasının nəticəsi idi.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsləri ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik ötən il Azərbaycan iqtisadiyyatının inkişafını, xarici təsirlərə və risklərə dayanıqlılığını şərtləndirən başlıca amillər kimi yadda qaldı.
Ötənilki uğurlu makroiqtisadi göstəricilərin bu il də artan xətlə yüksələcəyi gözləniləndir. Çünki yeni islahatlar kursu məhdud dövrlə kifayətlənməyərək perspektivdə iqtisadiyyatın hər bir sahəsində davamlı artımı və inkişafı nəzərdə tutur. Artıq bu ilin əvvəlindən qeydə alınan göstəricilər iqtisadi artımda kifayət qədər sanballı nəticələrin əldə edildiyini göstərir. Belə ki, 2019-cu ilin ötən dövründə ölkədə 23 milyard 813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. ÜDM istehsalının 46,5 faizi sənayenin, 9,9 faizi ticarət, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 2411,8 manata bərabər olmuşdur. Əhalinin gəlirlərinin artım tempi isə inflyasiyanı dəfələrlə üstələyib.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu dövrdə 15,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artmışdır.
Bu da onu göstərir ki, iqtisadi islahatlar düzgün istiqamətdədir və Azərbaycan iqtisadiyyatı tezliklə dünya miqyasında yeni inkişaf nümunələri ortaya qoyacaq. Bir neçə il əvvəl inkişafın Azərbaycan modelini təqdim edən ölkəmiz iqtisadi uğurları ilə dünyanın öncülləri sırasında yer tutacaq. Dövlət başçısının dediyi kimi, bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq.
Ötən ilin aprelində keçirilən seçkilərdə inamlı qələbə qazanan Prezident İlham Əliyev islahatların davamlı olacağını bəyan etdi. Həmin vaxtdan bəri ayrı-ayrı sahələr üzrə islahatlara start verilib. Təbii ki, İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi qurumların fəaliyyətlində yeni təcrübələr, yanaşmalar tətbiq olundu. Bunun nəticəsidir ki, 2019-cu ilin ötən dövründə büdcə daxilolmaları əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Bu da məhz sözügedən sahələrdə həyata keçirilən islahatların, şəffaflığın gücləndirilməsinin nəticəsidir.
Bu zaman görünən həm də odur ki, Prezident İlham Əliyevin inkişaf strategiyasının mərkəzində dayanan əsas məsələlərdən biri insan amilidir. Çünki artan büdcə vəsaiti Prezidentin təşəbbüsləri ilə vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldilir. Məlum olduğu kimi, bir neçə ay əvvəl Prezidentin imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqları, əmək pensiyalarının minimum məbləği, bütün növ sosial müavinətlər, tələbə və doktorantlara verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırıldı. Minimum əməkhaqqı 180 manata, əmək pensiyalarının minimum məbləği 160 manata çatdırıldı. Bütövlükdə sosial sahədə qəbul edilən qərar və sərəncamlar 3 milyon nəfər vətəndaşa şamil edildi.
Bir neçə il əvvəl maliyyə bazarlarında baş vermiş məlum hadisələrdən sonra dollar hesabı ilə banklardan götürülən kreditlərin ödənilməsində çətinliklər yaranmışdı. Dövlət başçısının fevralın 28-də imzaladığı müvafiq fərmanla vətəndaşların bu narahatçılığına da son qoyuldu. Fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Eyni zamanda, devalvasiya nəticəsində yaranmış məzənnə fərqinə görə banklara edilən artıq ödənişlər də kompensasiya şəklində vətəndaşlara qaytarıldı.
Azərbaycan indi inkişafın yeni mərhələsindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində son dövrlərdə respublikamız bir sıra qlobal layihələri başa çatdırıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Cənub qaz dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Türkiyənin İzmir şəhərində Azərbaycanın sərmayəsi ilə inşa olunan "Star” neft emalı zavodu işə salınıb, ölkəmizin üçüncü peyki olan "Azərspace 2” orbitə çıxarıldı. Təbii ki, bütün bunlar Azərbaycanın maliyyə imkanlarının artmasına gətirib çıxaran, inkişafına xidmət edən möhtəşəm layihələrdir. Bu isə o deməkdir ki, qarşıdakı illərdə respublikamızın gəlirlərində ciddi artımlar baş verəcək. Bu da öz növbəsində iqtisadiyyatın inkişafına və vətəndaşların sosial rifahının gücləndirilməsi ilə bağlı görülən işlərə mühüm töhfələr olacaq.
Azərbaycan bu gün inkişafının ən qüdrətli dövrünü yaşayır. Hər birimiz anlayırıq ki, bu inkişaf konsepsiyası məhz Heydər Əliyev ideyalarına əsaslanır. Ulu öndərin şanlı irsi tək dünənin və bugünün deyil, ən əsası, sabahkı yüksəlişin də real zəmini, etibarlı təməlidir.
Ramil NAMAZOV,
iqtisad üzrə fəlsəfə doktoru
Azərbaycan.-
2019.- 15 iyun.- S.8.