Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Daxili
Qoşunların Baş İdarəsinin hərbi
qulluqçularının aylıq pul təminatının və
dövlət qulluqçusu olmayan mülki işçilərinin
aylıq vəzifə (tarif) maaşlarının
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi
qulluqçularının və dövlət qulluqçusu
olmayan mülki işçilərinin sosial müdafiəsini
gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Daxili Qoşunların Baş
İdarəsinin hərbi qulluqçularının (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna
olmaqla) aylıq pul təminatı vəzifə
maaşlarının orta hesabla 40 faizi həcmində
artırılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Sərəncama
uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Daxili
Qoşunların Baş İdarəsinin dövlət
qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə
(tarif) maaşlarının artımı ilə bağlı təkliflərini
beş gün müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.4. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.5. bu Sərəncamdan irəli gələn
digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Sərəncama
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Sərəncam 2019-cu il
sentyabrın 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 iyun 2019-cu il
Azərbaycan.-
2019.-19 iyun.- S.2.