Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılsın:

1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;

1.2. Heydər Əliyev Mərkəzi;

1.3. "Azərbaycan Milli EnsiklopediyasıElmi Mərkəzi;

1.4. Azərbaycanda Atatürk Mərkəzi;

1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

1.6. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

1.7. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

1.8. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

1.9. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

1.10. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

1.11. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını təmin etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyun 2019-cu il

 

Azərbaycan.- 2019.-19 iyun.- S.3.