VII Muğam Televiziya
Müsabiqəsi başa çatıb
Müsabiqə qalibləri mükafatlandırılıb
Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, iyunun 15-də Heydər Əliyev Mərkəzində keçirilən final gecəsi 7 gənc iddiaçının dolğun ifası ilə yadda qalıb.
Bildirilib ki, gözəl mədəniyyət hadisəsi kimi yadda qalan Muğam Televiziya Müsabiqəsinin finalı ölkəmizin salnaməsinə qızıl həriflərlə yazılmış ictimai-siyasi hadisəni - Milli Qurtuluş Gününü bayram etdiyimiz tarixi məqama təsadüf edir.
Vurğulanıb ki, xalqımızın həmişə fəxr etdiyi, orijinal forma və məzmunu ilə seçilən muğam sənəti qərinələrdən keçərək müasir dövrümüzə çatıb. Mədəniyyətimizin nəinki Şərq aləmində, Avropada, bütün dünyada tanıdılmasına səbəb olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan xalq sənət nümunələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu nümunələrdən biri də muğamdır. Heydər Əliyev Fondunun muğam sənəti ilə bağlı həyata keçirdiyi layihələr sırasında Muğam Televiziya Müsabiqəsi xüsusi yer tutur. 2005-ci ildən bu günə kimi ardıcıl olaraq iki ildən bir keçirilən müsabiqə muğam irsinin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə, gənc istedadların aşkar edilməsinə xidmət edir. Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən müsabiqə əsl muğam marafonuna çevrilib.
Qeyd edilib ki, VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və "Mədəniyyət” kanallarında canlı olaraq yayımlanıb.
VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova və Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gecədə İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri və təsniflər səslənib.
Sonra münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.
Əvvəlcə müsabiqənin diplomantları
təltif olunublar. İki gənc
ifaçıya- Suma Tapdıqovaya
və İran İslam Respublikasının
təmsilçisi Hüseyn
Səbaya müsabiqənin
xüsusi mükafatı
təqdim edilib.
Gənc xanəndələr İlahə
Rüstəmova və
Xəyal Hüseynov müsabiqədə birinci
yeri qazanıb. Birinci yerlərin
sahiblərinə milli
geyim dəsti təqdim olunub.
İkinci yeri Murad Rüstəmzadə
və Zülfiyyə Cəbrayılzadə, üçüncü
yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Əkbərov
tutublar.
Qaliblərə mükafatları münsiflər
heyətinin üzvləri
təqdim ediblər.
Qaliblərin mükafatlandırılmasından
sonra çıxış
edən müsabiqənin
icraçı direktoru,
Yazıçılar Birliyinin
katibi İlqar Fəhmi muğam sənətinin inkişafına
verdiyi yüksək dəstəyə görə
Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevaya münsiflər
heyəti adından dərin təşəkkürünü
bildirib.
Daha sonra qalib xanəndələr
"Qarabağ şikəstəsi”ni
ifa ediblər.
Azərbaycan.- 2019.-19 iyul.- S.5.