Azərbaycan dəniz nəqliyyatı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

 

Baş qərargahı Londonda yerləşən BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin 101-ci sessiyası işini yekunlaşdırıb. Qeyd edək ki, tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasın ilk günü Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Kitak Lim gündəlikdə duran məsələlər barədə fikir bildirib.

"Dəniz cəmiyyətində qadınların səlahiyyətləndirilməsi” mövzusu Baş katib Kitak Limin təklifi ilə öz təsdiqini tapıb. Qadınların dünyada dəniz sahəsində fəaliyyətinin genişləndirilməsi, səlahiyyətlərinin artırılmasına dəstək verilməsi mühüm əhəmiyyət kəsb edir deyən Kitak Lim vurğulayıb ki, dəniz nəqliyyatı sahəsində gender bərabərliyinin qorunmasına, qadın və qızların səlahiyyətləndirilməsinə nail olmaq lazımdır.

Sessiyada Beynəlxalq Dəniz Təşkilatı qurumlarının qərarları müzakirə olunub, əsas hüquqi sənədlərə dəyişikliklər nəzərdən keçirilib. Sessiyada, həmçinin dənizdə mühafizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər, yeni gəmi konstruksiya və standartları, qütb sularında üzən "SOLAS” Konvensiyasının tətbiq olunmadığı gəmilərə dair təhlükəsizlik tədbirləri, yanacaq istifadəsinə uyğun olaraq gəmilərin təhlükəsizliyinin yüksəldilməsinə dair əlavə tədbirlərin təkmilləşdirilməsi, konteynerlərin və yüklərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri müzakirə edilib. Naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi dizaynı və konstruksiyası, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq olunması üçün bacarıqların artırılması, formal mühafizə qiymətləndirilməsi, beynəlxalq ictimaiyyəti dərindən narahat edən mühüm gəmilərə qarşı silahlı basqın və quldurluq halları, dəniz vasitəsilə təhlükəli qarışıq miqrasiya halları, komitə metodunun tətbiqi məsələləri də sessiyada müzakirə olunub. Sessiyanın yekununda 2020-ci il üçün Brad Groves (Avstraliya) yenidən katibJuan Carlos Cubusino (Argentina) katib müavini seçilib.

Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə son illərdə Prezident İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə yeni-yeni uğurlara imza atdığı, iqtisadiyyatımızın bütün sahələri kimi dəniz nəqliyyatı sahəsinin ölkəmizdə inkişaf etdirilməsinin diqqət mərkəzində olduğu vurğulanıb. Qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, əlverişli coğrafi mövqeyə malik olan müstəqil Azərbaycan son 16 ildə etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görür. Dəniz nəqliyyatına böyük investisiyalar yatırmaqla infrastrukturunu möhkəmləndirən ölkəmiz regionda əlverişli logistik bağlantı yaradır. Xüsusən də dəniz nəqliyyatı sisteminin müasirləşdirilməsi Azərbaycanı Avrasiya məkanının ən mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevirib.

Azərbaycan bu gün Xəzər hövzəsində ən böyük ticarət donanmalarından birinə sahibdir. Hazırda 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır. Ümumiyyətlə, dünya ticarət məhsullarının 80 faizdən çox hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar bütün dünya dövlətləri tərəfindən qəbul olunan və riayət edilən, dənizçilik münasibətlərini tənzimləyən tələblərə və normalara daim ehtiyac duyulub. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.

Prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü islahatlar nəticəsində dəniz nəqliyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər də xüsusi qeyd edilməlidir. Azərbaycanın dəniz nəqliyyatı sahəsində qazandığı nailiyyətlər ölkəmizə səfər edən müstəqil beynəlxalq ekspertlər, habelə Beynəlxalq Dəniz Təşkilatı və Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən müsbət dəyərləndirilir.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.-19 iyun.- S.6.