Dünyaya nümunə olan Azərbaycan
reallığı
Milli-mənəvi dəyərlər
Azərbaycan xalqının milli-mənəvi dəyərləri dedikdə bizi bir-birimizə doğmalaşdıran, bütövləşdirən və mədəniyyətimizi zənginləşdirən amillər - dilimiz, dini inancımız, adət-ənənələrimiz, eyni zamanda tarixən bu torpaqlarda mövcud olmuş birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərimiz nəzərdə tutulur.
Xalqımız yüzillər boyu məhz bu dəyərlərə söykənərək tarixin ağır sınaqlarından üzüağ çıxıb. Öz milli varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağa müvəffəq olub. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan dövləti də məhz əsrlər ərzində formalaşmış həmin dəyərlər üzərində bərqərardır. Mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən, mədəni irsimizi ucaldan dəyərlərimizi qoruyub saxlamaq hər bir dünya azərbaycanlısının müqəddəs borcudur. Bu dəyərləri yaşatmaq, təbliğ etmək, gələcək nəsillərə sevdirmək doğma vətənin dünəni, bugünü və gələcəyinə xidmət deməkdir.
Milli-tarixi yaddaş
Xalqın malik olduğu mədəni irsə düzgün münasibətinin formalaşmasında, bütün bunlardan cəmiyyətin inkişafı üçün məqsədyönlü şəkildə istifadə edilməsində liderlər müstəsna rol oynayırlar. Bu qanunauyğunluq ulu öndər Heydər Əliyevin dövlətçilik irsində də aydın şəkildə əks olunur, fəaliyyətində xüsusi yer tuturdu. Hələ ötən əsrin 70-ci illərində Sovet Azərbaycanına rəhbərliyi dövründə ümummilli lider xalqımızın milli-mənəvi dəyərlərini varlığında yaşadaraq onlara münasibətilə özü cəmiyyət üçün bir nümunə yaratmışdı. Bacardığı hər məqamda sovet quruluşunun sərt ideoloji-siyasi maneələrini aradan qaldıraraq xalqımızın milli şüurunu oyatmış, özünüdərk, milli heysiyyət duyğularının gücləndirilməsi, milli yaddaşın bərpası məramı ilə sistemli tədbirlər həyata keçirmişdir. Azərbaycan mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin yaşadılması, ana dilimizin qorunması və inkişafı, şəxsiyyətlərimizin təbliği yönündə Heydər Əliyevin həmin illərdə gördüyü işlərin hədəfi keçmişimizə, soykökə qayıdış, bu xalqın ucalığının bütün dünyada görünməsi demək idi.
Dövlət müstəqilliyimizin bərpasından sonra xalqımızın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək vəzifəsini də o çətin məqamlarda yenə məhz Heydər Əliyev üzərinə götürmüş və bu missiyanı uğurla həyata keçirmişdi.
Ulu öndər Heydər Əliyev milli-tarixi yaddaşımızın bərpasını demokratik, hüquqi dövlət quruculuğu prosesi ilə həmahəng həyata keçirirdi. Azərbaycan mədəniyyəti, mənəvi dəyərlərimiz Heydər Əliyevin dövlətçilik irsində təkcə milli varlığımızın ifadəsi deyil, həm də dövlət quruculuğu prosesinin mühüm atributu rolunda çıxış edirdi. Xalqımızın tarixi keçmişinə, mənəvi irsinə dərindən bağlılığı, mənəvi-əxlaqi, dini dəyərlərimizin, adət-ənənələrimizin zənginliyinin, tərbiyəvi əhəmiyyətinin fərqində olması və bu misilsiz xəzinədən məqsədyönlü şəkildə istifadə etməyi bacarması Heydər Əliyevin böyüklüyü idi. Ulu öndər deyirdi: "Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.
Din və dövlət
bir-birinin yanındadır
Bu münasibət müasir tarixi mərhələdə
də həyata keçirilən dövlət siyasətinin
aparıcı istiqamətini təşkil edir. Prezident İlham
Əliyev milli-mənəvi dəyərlərimizin, mədəni
irsimizin, adət-ənənələrimizin
qloballaşmanın mənfi təsirlərindən
qorunmasına, onların bütün dünyada təbliğinə
mühüm prioritet kimi yanaşır. Məhz bu siyasət sayəsində
ölkədə insanların etiqad azadlığı qorunur,
bu azadlıqların təmin olunması üçün tam
şərait yaradılır. Dini dəyərlərə, ibadət
yerlərinə, din xadimlərinə xüsusi qayğı
göstərilir. Dövlətlə din arasında
qarşılıqlı anlaşma və əməkdaşlıq
güclənib. Dünyəvi dövlət prinsiplərinə
sadiq olan Azərbaycanda dövlət-din münasibətlərinin
də özünəməxsus modeli formalaşıb.
Bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə
dini etiqad azadlığının, multimədəni
harmoniyanın əsas təminatçısı və himayədarı
rolunda çıxış edir. Azərbaycanda mövcud olan
dini dözümlülük və tolerantlıq dinə
münasibətdə dövlət siyasətinin əsasını
təşkil edərək sülhə, milli vəhdətə,
mədəniyyətlərin dialoquna xidmət göstərir.
Bu il mayın 23-də Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə
öz iqamətgahında açdığı iftar süfrəsində
Prezident İlham Əliyev bunu nəzərdə tutaraq dedi:
"Ölkəmizdə milli həmrəylik, vətəndaş
həmrəyliyi var. Konstitusiyaya görə, din dövlətdən
ayrı olsa da, əslində din və dövlət bir-birinin
yanındadır. Bizim gücümüz birliyimizdədir. Bu
gün Azərbaycanın uğurlu inkişafı dövlət-din
münasibətlərinin uğurlu inkişafından
böyük dərəcədə asılıdır”.
Məhz bu münasibət, həyata
keçirilən bu siyasət sayəsində Azərbaycanda
dini durumun sabitliyi, dini tolerantlıq mühiti qorunur. Ölkəmizin
uğurlarını gözü götürməyən
qüvvələrin dini müstəvidə pozuculuq niyyətlərinin
qarşısı alınır. Azərbaycan bu sahədə
apardığı dövlət siyasəti ilə bir çox
müsəlman ölkələri üçün də parlaq
nümunə yaradır. Dünyada mədəniyyətlərarası
dialoq, multikulturalizm, tolerantlıq ideyalarının təşviqinə
xidmət göstərir. Ölkəmizdə
vaxtaşırı olaraq dini mövzularda beynəlxalq
konfranslar, görüşlər təşkil olunur.
Dini icmaların fəaliyyəti
qanunvericiliyə uyğun qurulur, vətəndaşlar
arasında dini maarifləndirmə işləri
aparılır. Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında, milli-mənəvi irsimizin təbliğində,
mədəniyyətlərarası dialoq, multikulturalizm kimi
qlobal təşəbbüslərin təşviqində
tanınmış din xadimlərimiz də yaxından
iştirak edir. 2016-cı ilin ölkəmizdə
"Multikulturalizm ili”, 2017-ci ilin isə "İslam həmrəyliyi
ili” elan olunması da Azərbaycan dövlətinin milli-mənəvi
dəyərlərə, fərqli mədəniyyətlər
arasında təmasa verdiyi önəmin ifadəsidir. Ölkəmizdə
dinlərarası münasibətlər ən yüksək səviyyədə
tənzimlənir. Bütün dünya bu reallığı
görür və bundan nümunə götürməyə
çalışır.
Bu gün Azərbaycan dünya
miqyasında dinlərarası dialoqun aparılması
üçün bir mərkəzə çevrilib. Təsadüfi
deyil ki, çoxsaylı beynəlxalq tədbirlər, qlobal
humanitar forumlar Azərbaycan rəhbərliyinin təşəbbüsü
ilə ölkəmizdə keçirilir.
Əsl islam
Azərbaycan dövləti bu istiqamətdə
həyata keçirdiyi siyasətlə islam dinini də
dünyaya öz məzmununda təqdim edir. Onu məkrli
qüvvələrin hücumlarından, islami dəyərlərə
qarşı yönələn təhdidlərdən
qorumağa çalışır. İslamın sülh,
inkişaf, sevgi, mərhəmət dini olduğunu Azərbaycan
dövlətinin nümunəsində dünyaya təqdim edir.
Prezident İlham Əliyevin bununla bağlı mövqeyi birmənalıdır:
"Biz dərin milli-mənəvi təməl üzərində
müasir dövlət qurmuşuq. İslam dəyərləri
milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir.
Biz öz dinimizə bağlıyıq. Biz dünyada islam mədəniyyətini
təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər,
təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri,
islam mədəniyyətinin həqiqətləri dünya
ictimaiyyətinə təqdim edilir. Biz islamı olduğu kimi,
sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və
bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik”.
Böyük tarixə malik məbədlərimizin
bərpası sahəsində Prezident İlham Əliyevin rəhbərliyi
ilə ardıcıl tədbirlər həyata keçirilir.
Son illər tarixi mədəniyyət abidələrinin, məscid
və ziyarətgahların, yəhudi və xristian məbədlərinin
bərpası və təmiri Azərbaycan gerçəkliyini əks
etdirən sağlam dini-mənəvi durumun göstəricisidir.
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçildiyi 2003-cü ildən indiyədək ölkədə
dövlətin dəstəyi ilə 250-dən çox məscid
tikilmiş və ya bərpa edilmişdir. Xalqımız
üçün böyük dəyər kəsb edən, Cənubi
Qafqazın ən böyük məscidi olan Heydər məscidi,
Bibiheybət, Təzəpir, Əjdərbəy, Gəncə
"İmamzadə” Dini Kompleksi və s. kimi abidələrimiz
bu sıraya daxildir.
Azərbaycan Ordusunun 2016-cı ildəki
Aprel zəfəri sayəsində Cəbrayıl rayonunun
işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası
zamanı kənddə Şuşadakı Gövhər Ağa
məscidinin bənzəri olan məscidin inşası da
ölkə başçısının milli-mənəvi dəyərlərimizə
yüksək ehtiramının təcəssümüdür. Təsadüfi
deyil ki, 2018-ci ilin aprelində xalqımızın yekdil dəstəyi
ilə növbəti dəfə Azərbaycan
Respublikasının Prezidenti seçildikdən sonra cənab
İlham Əliyevin iştirak etdiyi ilk rəsmi tədbir də
dövlət rəhbərimizin təşəbbüsü ilə
inşa edilmiş Hacı Cavad məscidinin
açılışı olmuşdu. Mayın 23-də iftar mərasimindəki
çıxışı zamanı Azərbaycan Prezidenti bu
faktı xüsusi xatırlatdı: "Bildiyiniz kimi, keçən
il prezident seçkilərindən sonra iştirak etdiyim birinci
tədbir Hacı Cavad məscidinin yeni binasının
açılışı olmuşdur. Bu da təsadüfi
deyil. Mən seçkilərdən sonra istənilən yerə
gedə bilərdim. Məhz Hacı Cavad məscidinin yeni
binasının açılışını birinci növbədə
qeyd etməyimiz dövlət-din münasibətlərimizə,
islam dininə göstərdiyimiz hörmətdir”.
Tolerantlıq
ünvanı
Tolerantlıq ta qədim zamanlardan bu
günədək insanlarda bir-birinin fərqli
baxışlarına, fikir və düşüncələrinə
dözümlü yanaşma mədəniyyəti kimi
formalaşmağa başlamış, zaman keçdikcə hər
bir cəmiyyətdə sivil harmoniyanın təmin
olunmasında həlledici amilə çevrilmişdir. Bir qayda
olaraq təkcə mənəvi deyil, həm də siyasi və
hüquqi tələbat kimi özünü göstərən
tolerantlıq insan hüquq və azadlıqlarının
etirafı əsasında formalaşmış
düşüncə sərbəstliyidir. O, insanın təbii
- başlanğıc və sonradan qazanılmış
hüquqlarının pozulmasına heç bir halda bəraət
qazandırmır, eyni zamanda hər kəsin qanun
qarşısında bərabərliyi prinsipini inkar etmir. Məhz
dözümlü yanaşma sayəsində cəmiyyətdə
sivil birgəyaşayış normaları, habelə fikir və
əqidə müxtəlifliyi, siyasi plüralizm təmin
olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə
imkan yaranır.
Qloballaşan dünyada tolerantlıq
bir tərəfdən bütün insanların qanun
qarşısında bərabərliyini və məsuliyyətini
önə çəkməklə hüquqi, digər tərəfdən
yüksək əxlaqi keyfiyyətlər, mədəniyyət,
dözümlülük, geniş savad və
dünyagörüş aspektlərini də ifadə etməklə
mənəvi məzmun daşıyır. Lakin təəssüf
ki, dərisinin rənginə, irqinə, cinsinə, dilinə,
dininə, siyasi əqidəsinə, milli, sosial mənşəyinə
görə diskriminasiya hallarına müasir dövrdə də
geniş rast gəlinir.
Azərbaycan 70 il sovet
imperiyasının tərkibində yaşamalı olsa da, bu
dövrdə mərkəzin qondarma "vahid sovet xalqı”
formalaşdırmaq məqsədinə xidmət edən beynəlmiləlçilik
ideologiyası digər respublikalarda olduğu kimi, Azərbaycanda
da etnik tolerantlığın güclənməsinə təkan
vermişdir. Lakin ateizm siyasəti yürüdən imperiya
ayrı-ayrı xalqların mental dəyərlərinin, mədəniyyətinin,
dininin inkişafına yol verməmiş, milli identikliyə
qarşı dözümsüzlük nümayiş
etdirmişdir. Həmin illərdə respublikada məscidlər
bağlanmış, din xadimləri
sıxışdırılmış, islami dəyərlərin
yayılmasına qarşı sərt tədbirlər həyata
keçirilmişdir. Bununla belə, 70 illik totalitar sovet rejimi
xalqın tolerantlıq düşüncəsinə hakim kəsilə
bilməmiş, onu öz milli-mənəvi, dini dəyərlərindən,
adət-ənənələrindən ayıra bilməmişdir.
Onu da xüsusi vurğulamaq lazımdır ki, istər
1970-1980-ci illərdə, istərsə də müstəqillik
illərində məhz ulu öndər Heydər Əliyevin
himayəsi altında onlarla məscid tarixi abidə adı
altında qorunub saxlanılmış, əsaslı təmir
edilmiş, xalqa qaytarılmışdır.
Bu gün Azərbaycan Prezidentinin cəmiyyətin
mühüm təbəqəsi olan din xadimləri ilə
mütəmadi görüşləri, onların mənəvi
ehtiyaclarına həssaslıqla yanaşması, müxtəlif
dini bayram və mərasimlərdə şəxsən
iştirak etməsi cəmiyyətdə etnik-dini
dözümlülüyün təbliğində mühüm
rol oynayır. Dövlətin bu sahəyə diqqət və
qayğısı Azərbaycandakı bütün mövcud
milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə
edir. Hazırda respublikamızda dünya dinləri ənənəvi
olaraq qarşılıqlı etimad və əmin-amanlıq
şəraitində fəaliyyət göstərir, yüzlərlə
islam və qeyri-islam dini icmaları öz etiqadlarını
azad və sərbəst şəkildə icra edirlər. Son
illərdə ölkədə 500-dən artıq dini icmanın
dövlət qeydiyyatından keçməsi də
tolerantlığın bariz təcəssümü sayıla
bilər.
Əslində, bu gün dünyada
mövcud olan problemlərin böyük əksəriyyəti də
məhz tolerantlıq prinsipinə riayət olunmamasından irəli
gəlir. Bəzi hallarda terrora, qarşıdurmalara, münaqişələrə
rəvac verən başlıca amillərdən biri də
milli-etnik və dini tolerantlığın lazımi səviyyədə
inkişaf etməməsidir. Ölkə
başçısı bütün beynəlxalq forumlardakı
çıxışlarında bu məsələni hər dəfə
xüsusi vurğulayır.
Roma Papası Azərbaycan Prezidenti
İlham Əliyevlə görüşündə ölkəmizdə
dini tolerantlıq sahəsində mövcud olan vəziyyəti
yüksək dəyərləndirmişdir. İnsan
hüquqları üzrə ixtisaslaşmış beynəlxalq
təşkilatların hesabatlarında Azərbaycanda müxtəlif
dini sivilizasiyalar arasındakı münasibətlərin
çox yaxşı olduğu, dini azlıqların maraq və
mənafelərinin qorunduğu razılıqla bildirilir.
Respublikamızda rusların, yəhudilərin və digər
milli azlıqların öz ana dillərində təhsil
alması üçün çoxsaylı məktəblərin
mövcudluğu da tolerantlığın əyani göstəricisidir.
Bütün bunların nəticəsi olaraq respublikamız bu
gün regionda iqtisadi əməkdaşlıq, dialoq və dini
tolerantlıq mərkəzi kimi tanınır.
Milli-mənəvi irsimizin
qorunması, təbliği, tədqiqi və gələcək
nəsillərə çatdırılmasında Heydər Əliyev
Fondu da tarixi xidmətlər göstərir. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
rəhbərliyi altında Heydər Əliyev Fondu
çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi
dəyərlərimizin yorulmaz təbliğatçısına
və etibarlı müdafiəçisinə
çevrilmişdir. Fondun həyata keçirdiyi
çoxsaylı layihələrdən olan
"Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi
çərçivəsində istər ölkə daxilində,
istərsə də ölkə xaricində bir çox dini,
tarixi abidələrin yenidən qurulması və bərpası
Mehriban xanımın keçmişimizə,
bugünümüzə və gələcəyimizə dəyərli
töhfələridir.
Bu gün ölkəmizdə milli-mənəvi
dəyərlərin təbliği istiqamətində sistemli
iş aparılır. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin
Təbliği Fondu fəaliyyət göstərir və
müxtəlif layihələr həyata keçirir. Ölkəmizdə
mükəmməl dini təhsil üçün lazımi
imkanlar yaradılır, müvafiq təhsil sistemi təkmilləşdirilir.
Bütün bunların isə bir məqsədi var: dəyərlərimizi
qorumaq, onları gələcək nəsillərə
düzgün çatdırmaq və ölkəmizin bu dəyərlər
işığında daha da möhkəmlənməsinə,
inkişafına nail olmaq.
İradə ƏLİYEVA
Azərbaycan.-
2019.-19 iyun.- S.1; 7.