Milli Olimpiya Komitəsində “İdmançılar” İctimai Birliyinin təqdimatı keçirilib

 

Yeni yaradılmış "İdmançılar” İctimai Birliyinin (İİB) iyunun 18-də Milli Olimpiya Komitəsində təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə idman ictimaiyyətinin nümayəndələri, Olimpiya çempionları, klub və cəmiyyətlərin rəhbərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanda idmanın inkişafından bəhs edən videoçarx nümayiş olunub.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov tədbirdə çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısı nəticəsində bu sahənin sürətlə inkişaf etdiyini vurğulayıb. Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərin sayının ildən-ilə artdığını vurğulayan A.Məmmədov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bədən tərbiyəsi və idman siyasəti Prezident İlham Əliyevin rəhbərliyi dövründə uğurla davaminkişaf etdirilir. İdmançılarımız beynəlxalq arenalarda keçirilən yarışlarda yüksək nailiyyətlər əldə edirlər. İdman cəmiyyətləri, klub və birliklər də bu inkişafa töhfə verirlər. O, "İdmançılar” İctimai Birliyinin ölkəmizdə idmanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

İİB-in baş katibi Fərhad Acalov qeyd edib ki, birliyin təsis olunmasının əsas məqsədi dünyada idman dövləti kimi tanınan Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir. Azərbaycanda idman öz inkişafının ən yüksək mərhələsinə qədəm qoyub. Bu sahənin inkişafı istiqamətində görülən işlər fasiləsiz davam etdirilir”.

Olimpiya çempionu Namiq Abdullayev və başqaları çıxışlarında qarşıda duran vəzifələrdən danışıb, İctimai Birliyə fəaliyyətində uğurlar arzulayıblar.

"İdmançılar” İctimai Birliyinin prezidenti karate üzrə beşqat dünya çempionu Rafael Ağayev, vitse-prezidenti Olimpiya Oyunlarının mükafatçısı, üçqat dünya çempionu Hacı Əliyev, baş katibi yeniyetmələr arasında dünya çempionu Fərhad Acalovdur.

 

Azərbaycan.- 2019.-19 iyun.- S. 7.