“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan
bəşəri həmrəyliyə” mövzusunda
Vyana Beynəlxalq Konfransının
iştirakçılarına
Hörmətli konfrans iştirakçıları!
Sizi - Avstriya Respublikasının Vyana şəhərində keçirilən "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Beynəlxalq Konfransın təşkilatçılarını və iştirakçılarını səmimi qəlbdən salamlayıram.
Nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli elm və din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu mötəbər konfrans dünyada cərəyan edən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dinlərin və milli mədəniyyətlərin qarşılıqlı münasibətləri kimi aktual məsələlərin müzakirəsinə həsr olunmuşdur.
Dünyada sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi günümüzün vacib məsələlərindəndir. Müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təsadüfi deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmiz müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bu sahədə çoxsaylı qlobal təşəbbüslər irəli sürür. Ümumdünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya dini liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki fəaliyyətinin beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirildiyinin göstəricisidir. Biz müxtəlif dinlər və sivilizasiyalar arasında əməkdaşlığın genişlənməsinə, qlobal müstəvidə qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə olacaq daha bir beynəlxalq tədbirin - Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə qərar qəbul etmişik.
Ölkəmizin təşəbbüsü ilə keçirilən hazırkı konfransın təşkilinə Avstriya tərəfindən dəstəyi, konfransın işi üçün yaradılan şəraiti yüksək qiymətləndirirəm. Bu tədbirin birgə keçirilməsi, eyni zamanda, Azərbaycan-Avstriya əlaqələrinin, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir.
İnanıram ki, xoşməramlı niyyətlərə xidmət edən Vyana Beynəlxalq Konfransı konstruktiv müzakirələr ruhunda keçəcək, bəşəri dəyərlərin təbliğinə, xalqlar arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası dialoqun və mədəni-mənəvi inteqrasiyanın inkişafına töhfələr verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan.-
2019.- 20 iyun.- S.2.