İlham Əliyevin yeni sosial paketi 2 milyon vətəndaşın sosial rifahını yüksəldəcək

 

Yeni iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları son dövrlərdə əhəmiyyətli dərəcədə artıb. Maliyyə imkanlarının artması isə digər məsələlərlə yanaşı vətəndaşların sosial rifahanın yüksəldilməsinə də real zəmin yaradır. Belə ki, bu ilin ilk yarısında Prezident İlham Əliyevin imzaladığı sosialyönümlü fərman və sərəncamlar 3 milyon vətəndaşı əhatə etdi. Dövlət başçısının iyunun 18-də imzaladığı müvafiq sərəncamlar isə göstərdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir.

Milli Məclisin deputatları bu barədə fikirlərini qəzetimizlə bölüşdülər.

 

İslahatların mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri:

 

- Əhalinin maddi rifah halının davamlı şəkildə yüksəlməsi, insanların layiqli həyat tərzinin təmin olunması baxımından bu gün Azərbaycan dünyanın ən qabaqcıl dövlətləri sırasında yer almaqdadır. Ölkənin sürətli sosial-iqtisadi inkişafına paralel olaraq insanların maddi gəlirləri mütəmadi artır, sosial rifahı yüksələn xətt üzrə inkişaf edir. Bu, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və sürətli tərəqqiyə xidmət edən siyasətin əsas məqsədlərindən birini təşkil edir.

Prezident İlham Əliyev dəfələrlə 2019-cu ili "Sosial müdafiə ili” adlandırıb. Dövlət başçısının son 6 ayda böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır.

Azərbaycan Prezidentinin imzaladığı 18 iyun 2019-cu il tarixli "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamı isə respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində cari ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. 950 minədək vətəndaşı əhatə edəcək artımın 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait təmin olunacaq. Minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması ilə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq tarif maaşları üzrə orta əməkhaqqı 265 manatdan 367 manata çatacaq.

"Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərə görə, ölkəmizdə minimum pensiyanın məbləği bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. 700 minə yaxın insanı əhatə edəcək bu dəyişiklik təxminən 25 faiz artım deməkdir.

Prezident İlham Əliyevin sosial islahatlar paketinin yeni uğurlu nəticələri, sosial müdafiə sahəsində atılan mühüm addımlar müəllimləri də əhatə edir. "Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamı ilə həmin müəllimlərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq. Yeni sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, cari il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq. Göründüyü kimi, dövlət başçısı vətəndaşın sosial rifahının yaxşılaşdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.

Ümumiyyətlə, cari il başlayandan sosial sahədə atılan addımlar həyata keçirilən böyük sosial paketin tərkib hissəsidir. Bu barədə Prezident İlham Əliyev əvvəllər də fikirlərini bildirib, əhalinin sosial müdafiəsinə xidmət edən tədbirlərin davamlı həyata keçiriləcəyini diqqətə çatdırıb. Yanvarın sonlarından etibarən Prezidentin qeyd etdiyi məsələlər gerçəkliyə çevrilərək ölkə vətəndaşlarının sosial rifahına xidmət edir. Cari ilin ilk 6 ayında elə bir sahə yoxdur ki, maaşlarda, eləcə də sosial müavinətlərdə və təqaüdlərdə artımlar edilməsin.

Prezidentin imzaladığı və 2 milyon insanı əhatə edən bu son sərəncamlar həm də onu göstərir ki, islahatlar kompleks xarakter daşıyır və atılan hər bir addımın mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır.

Sərəncamın bir müsbət cəhəti də qadınlarla kişilərin əməkhaqları arasında olan fərqin azaldılmasına xidmət etməsidir. Çünki sərəncam məhz vahid tarif cədvəli üzrə işləyənlərdir. Onların da böyük əksəriyyətini qadınlar təşkil edir. Vahid tarif cədvəli üzrə vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında artım olacaq. Bu gün az maaşla işləyənlərin bir çoxu qadınlardır. Bu sərəncam qadınların əməkhaqqının və gəlirlərinin artmasına çox müsbət təsir edəcək. Eyni zamanda, minimum əməkhaqqının artırılması ölkə iqtisadiyyatında çalışan insanların əməkhaqlarının yüksəldilməsinə və pensiya fonduna ödənişlərin çoxalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əmək pensiyalarının əhəmiyyətli dərəcədə artması deməkdir.

 

Beləliklə, Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, dövlətin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Görülən bütün işlərin arxasında Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun rifahının daha da yaxşılaşdırılması amili dayanır.

 

Əhalinin sosial rifahının gücləndirilməsi daim prioritetdir

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı:

 

- Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlarla minimum əməkhaqqının, ayrı-ayrı dövlət orqanları əməkdaşlarının, müəllimlərin, dövlət qulluqçularının aylıq maaşlarının artırılması bəlli həqiqətlərə növbəti dəfə işıq saldı. Bir daha təsdiq olundu ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır və əhalinin sosial rifahının gücləndirməsi daim prioritet olaraq qalır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin 2019-cu ilin ötən dövrü ərzindəki fəaliyyətinin diqqəti çəkən əsas məqamlardan biri sosial məsələlərlə bağlı qəbul etdiyi qərarlardır. Bu da onu göstərir ki, əhalinin bütün qruplarının rifahının yüksəldilməsi həyata keçirilən sosial siyasətin əsas leytmotividir. Hələ bu ilin fevral ayında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla pensiya və əməkhaqlarına, sosial müavinətlərə tətbiq olunan artımlar təsdiqləmişdi ki, vətəndaşların maddi rifahının yüksəldilməsi dövlət başçısı üçün ümdə məsələlərdən biridir.

Məlum olduğu kimi, bu ilin əvvəlində tətbiq olunan sosial paketin ilkin mərhələsində 11 min manat birdəfəlik ödəmə alacaq şəhid ailələrinin əhatə dairəsi daha da genişləndi, şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləği 242 manatdan 300 manata qaldırıldı. Sosial paketin əsas tərkib hissələrindən biri minimum əməkhaqqının artırılması olmuşdu. Belə ki, minimum əməkhaqqının məbləği martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq, 130 manatdan 180 manata çatdırılmışdı.

Milli Məclisin fevralın 19-da qəbul etdiyi və cənab Pezidentin təsdiqlədiyi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna əsasən martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat məbləğində müəyyən olundu. Dəyişiklik 233 min nəfərin pensiyasında hiss olunacaq artıma gətirib çıxardı, 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz, bütövlükdə isə əhalinin böyük bir qisminin pensiyası 38,5 faiz artdı.

Prezidentin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı isə ümumilikdə 576,8 min nəfəri əhatə etdi. Aprelin 1-dən qüvvəyə minən sərəncama uyğun olaraq sosial müavinətlər yaşa görə 130 manat, I qrup əlilliyə görə 150 manat, II qrup əlilliyə görə 130 manat, III qrup əlilliyə görə 110 manat müəyyən olundu. Sərəncama əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar 150 manat, ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri 80 manat, 5-dən çox uşağı olan qadınlar hər uşaq üçün 55 manat sosial müavinət alacaqlar. Bunlarla yanaşı, müavinətlər uşağın anadan olmasına görə 200 manata, dəfn üçün 300 manata çatdırıldı.

Məcburi köçkünlər də unudulmadı. Bu kateqoriyadan olan vətəndaşlara verilən aylıq müavinətlər 50 faiz artdı. Tələbə və doktorantlar da diqqətdən kənarda qalmadılar. Prezidentin fərman və sərəncamları ilə ali təhsil müəssisələrində təhsil alan tələbələrin təqaüdü, Prezident təqaüdü, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlər artırıldı.

Çoxmənzilli binalardakı mənzillərin sənədləşdirilməsi və dollarla götürülmüş kreditlərlə bağlı yaranmış problemə son qoyulması da ölkədə həyata keçirilən mütərəqqi sosial siyasətin bariz nümunəsi kimi tarixə düşdü.

Bütövlükdə Prezident İlham Əliyevin fevral ayında qəbul etdiyi sosial qərarlar təxminən 3 milyon vətəndaşı əhatə etmişdi. Maddi tərəfinə gəldikdə isə bu, böyük məbləğdə büdcə vəsaiti deməkdir. Konkret desək, 2019-cu ilin fevralında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi məqsədlərinə 1,5 milyard manat ayrıldı.

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar isə bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir.

Dövlət başçısının "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamına əsasən ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir. Bu da dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə müəyyən edilmiş əməkhaqqının orta hesabla 40 faiz artırılmasına imkan verir. Ümumilikdə minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Əvvəldə qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin fevral ayında imzaladığı sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı. Bu isə o zaman 600 minədək insanı əhatə etmişdi. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.

Prezident tərəfindən dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması barədə sərəncamlar Azətbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını əyani şəkildə göstərir.

Ölkədəki mütərəqqi sosial siyasəti özündə növbəti dəfə bariz şəkildə ehtiva edən son qərarlar ümumilikdə 2 milyon insanı əhatə edir. Bununla həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Bir sözlə, artan maliyyə imkanları Prezidentin bəyan etdiyi kimi, əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilib.

 

Əmək haqlarının artımı iqtisadi aktivliyi yüksəldəcək

 

Tahir MİRKİŞİLİ,

Milli Məclisin deputatı:

 

- 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən aparılan son iqtisadi islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi yüksəlişin yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli ikişafını təmin etdi. Təbii ki, bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, inflyasıyanın həcminin kiçik olmasında, ixracın həcminin və strateji valyuta ehtiyatlarının yüksəlməsində göstərdi. 2018-ci ildə qəbul olunmuş, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqlarının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin və s. artması, problemli kreditlərin vətəndaşların xeyrinə həll olunması ilə nəticələndi.

Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı. İin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir. Dövlət başçısının 18 iyun tarixli sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsi başladı. Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50 faiz artırılmasını nəzərdə tutur.

Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Həmçinin dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların və digərlərinin əməkhaqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaqdır. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması (2.3 faiz) artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq.

Bütövlükdə, prezident sərəncamları ilə əməkhaqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsinin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əməkhaqlarının artımı həm də ölkədə iqtisadi aktivliyi artıracaq.

 

Azərbaycan.- 2019.- 20 iyun.- S.3.