Qaçqın və məcburi köçkünlərə
qayğı dövlət siyasətinin prioritetlərindəndir
Azərbaycan məcburi köçkün
vətəndaşlarının sosial
problemlərinin həllini daim ön planda saxlayır
Azərbaycanda prioritet istiqamət kimi müəyyənləşdirilən sosial siyasət bu gün cəmiyyətdə maddi rifah halının davamlı şəkildə yüksəlməsi ilə müşayiət edilməkdədir. Əməkhaqlarının və sosial müavinətlərin, insanların gəlirlərinin artması Azərbaycanın sosial siyasətinin də dünyaya nümunə ola biləcək səviyyədə yüksəlməsinə gətirib çıxarıb. Bütün bunları ölkənin bütün vətəndaşları kimi məcburi köçkünlər də gündəlik həyatlarında hiss edirlər.
Mənzil-məişət şəraiti
yaxşılaşdırılan məcburi köçkünlərin
sayı artır
Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Məhz bunun nəticəsidir ki, indiyədək 300 minə yaxın qaçqının və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında yaşanan sürətli inkişaf, məşğulluq, sosial problemlərin effektiv həlli qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin böyük miqyasda aradan qalxmasına rəvac verib.
Əlverişli sosial atmosferin yaradılması, bütün ölkə miqyasında tərəqqinin sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluqla təmin edilməsi bu gün məcburi köçkünlərin də davamlı, sabit gəlirləri üçün əsas yaradıb. Onların qarşılaşdıqları mənzil probleminin həllinə də dövlət ən yüksək səviyyədə daim böyük diqqət və qayğı göstərib. Elə bunun nəticəsidir ki, təkcə keçən il 5 min 901 ailə və ya 27 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bundan əlavə, müvəqqəti məskunlaşma yerlərində aparılmış təmir işləri nəticəsində 158 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Ümumiyyətlə isə, 2001-2018-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün ölkənin 30-dan çox şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət 102 müasir qəsəbə (bu il də əlavə bir qəsəbə istifadəyə verilib) və ya yaşayış kompleksi salınıb. Bunun da 3,3 milyon kvadrat metr yaşayış sahəsinə malik 97-si və yaxud 95 faizi son 15 ildə inşa edilib.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhərində və regionlarda yaşayış komplekslərinin və fərdi evlərin tikintisi davam etdirilir. Bu il 6 mindən çox məcburi köçkün ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulub.
Yoxsulluq 75 faizdən 12 faizədək azalıb
Belə bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, sosial-iqtisadi potensialının göstəricisidir.
Azərbaycanda qeydə alınan dinamik sosial-iqtisadi inkişaf məcburi köçkünlərin həyat səviyyəsinin yüksəlməsində də özünü qabarıq büruzə verir. Üzləşdikləri mənzil-məişət problemlərinin uğurlu həlli fonunda məcburi köçkünlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində doğma yurd yerlərinə qayıdacaqları günün də uzaqda olmadığını yaxşı bilirlər.
Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı fəaliyyəti iki istiqamətdə qurulub. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsidir. Qeyd olunduğu kimi, bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb.
Görülən fəaliyyətin nəticəsi olaraq, 15 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb.
Digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla "Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Dövlətin məqsədi odur ki, "Böyük Qayıdış” proqramı tam icra olunsun. Əslində, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə tezliklə həllinə hər bir azərbaycanlı qəti şəkildə əmindir. Çünki kifayət qədər güclənən Azərbaycan dövləti və xalqı əzəli, tarixi torpağının daha düşmən tapdağı altında qalmasına dözmək niyyətində deyil. Azərbaycan bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək imkanları tükənmədyindən Ermənistanla danışıqlar prosesini davam etdirir. Bu, istənilən nəticəni verməsə, onda ordumuz qısa müddətdə zəbt edilmiş ərazilərdən düşməni süpürüb atacaq. Buna qədər isə dövlət məcburi köçkünlərin problemlərinin həlli istiqamətində zəruri tədbirlər görməkdə davam edir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr
Məcburi köçkünlərin məişət problemlərinin həlli işində dövlətlə yanaşı, artıq özəl sektor da yaxından iştirak edir. "Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi oldu. Xatırladaq ki, burada mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. Ən əsası isə həmin layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib. Növbəti dövrdə də bu istiqamətdə özəl sektorun fəaliyyətinin genişlənməsi gözlənilir.
Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. 2017-2018-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1481 mənzil məcburi köçkünlərin istifadəsinə verilib.
Hazırda Heydər Əliyev Fondunun xətti ilə Qaradağ rayonu ərazisindəki "Qobu Park” yaşayış kompleksinin yanında 2-ci yaşayış kompleksində 1300, Dövlət Proqramının icrası üzrə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 810, Pirallahı rayonunda 306, Şirvan şəhərində 685, Beyləqan rayonunda 146 ailəlik qəsəbə və yaşayış komplekslərinin tikintisi intensiv surətdə davam etdirilir.
Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.
Sosial müavinətlərin artırılması istiqamətində
mühüm tədbirlər görülüb
Məlumdur ki, bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması dövlətin sosial siyasətində əsas istiqamətlərdəndir. Prezidentin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncamı bunu bir daha təsdiq edir. Sərəncama əsasən, vahid aylıq müavinətin məbləği bu il aprelin 1-dən 50 faiz artırılıb.
Dövlət başçısının sərəncamı hazırda vahid aylıq müavinət alan 500 mindən çox məcburi köçkünə şamil edilir. Bu, məcburi köçkünlərin vahid aylıq müavinətinin artırılması üçün son bir ildə verilmiş ikinci sərəncamdır. Belə ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla 2018-ci il martın 1-dən müavinətlər 10 faiz artmışdı. Nəticədə bir il ərzində ümumilikdə götürdükdə müavinətin məbləğində 70 faiz artım olub.
Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə ilk dəfə 2018-ci il iyunun 22-də Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, oktyabrın 26-da isə "Qobu Park” yaşayış kompleksində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib. Aktiv məşğulluq tədbirlərində, ümumilikdə, məcburi köçkünlərə 994 vakant iş yeri təklif olunub.
2019-cu ilin ilk əmək yarmarkası isə mayın 7-də Abşeron rayonunda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində keçirilib. Yarmarkada 80 müəssisədən 881 vakant iş yeri təqdim olunub. Məcburi köçkünlərin məşğulluqlarının artırılmasına dəstək məqsədilə əmək yarmarkalarının keçirilməsi davam edəcək. Bundan başqa, bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluğunu artırmaq məqsədilə digər dövlət qurumları və özəl təşkilatlar tərəfindən həyata keçirilən layihələrə dəstək verilib.
Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi digər dövlət qurumları tərəfindən də həyata keçirilir. 2019-cu ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün "İşsizin DOSTu” proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Sosial cəhətdən həssas qruplardan olan məcburi köçkünlərin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarına sahib olmaları sahəsində də işlər davam etdirilir. Cari ilin yanvar-aprel aylarında bu proqrama 1610 nəfər cəlb olunub ki, onlardan 400-ə yaxını məcburi köçkündür.
2019-cu ilin əvvəlinə olan göstəricilərə görə, əmək qabiliyyətli məcburi köçkünlər 366,9 min nəfər təşkil edir. Bunlardan 198 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 134 min nəfəri mövsümi işlə təmin olunub. Əmək qabiliyyətli işsiz məcburi köçkünlərin sayı ümumilikdə 34,9 min nəfərdir. Qarşıdakı dövr ərzində isə bu qəbildən olan insanların mənzil-məişət problemlərinin həlli istiqamətində işlər daha geniş miqyasda davam etdiriləcək.
Yeni qəsəbələr istifadəyə veriləcək
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bu il bir neçə yaşayış kompleksinin inşasına başlanması, bir neçəsinin istifadəyə verilməsi nəzərdə tutulub. Belə ki, Bakı şəhərinin Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin inşası başa çatmaq üzrədir. Doqquzmərtəbəli üç yaşayış binasının, 220 yerlik məktəbin texniki infrastruktur obyektləri ilə birlikdə yaxın zamanda istifadəyə verilməsi planlaşdırılır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə özəl sektor tərəfindən inşa edilən "Qobu Park-2” yaşayış kompleksində işlər yekunlaşıb. 1200 yerlik bu yeni qəsəbə də yaxın günlərdə istifadəyə veriləcək. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bölgələrdə də davam edir. Beyləqan rayonunda ağır şəraitdə yaşayan 146 məcburi köçkün ailəsi üçün sosial-texniki infrastrukturu olan fərdi yaşayış evlərindən ibarət qəsəbədə, Şirvan şəhərində yataqxanalarda məskunlaşmış 685 məcburi köçkün ailəsi üçün doqquzmərtəbəli 13 yaşayış binasından ibarət məhəllədə son tamamlama işləri aparılır.
Hər iki kompleksdə məktəb, bağça və digər zəruri infrastruktur obyektləri inşa edilib. Bu isə o deməkdir ki, yaxın vaxtda mənzil-məişət problemi həll edilən məcburi köçkünlərin sayı daha da artacaq.
Bütün bunlar sözügedən kateqoriyadan olan insanlara yüksək diqqət və qayğının real təzahürləridir.
Elçin CƏFƏROV
Azərbaycan.-
2019.- 20 iyun.- S.9.