Zəngin tariximiz, mədəni sərvətimiz
140 ölkədən gələn milyonlarla
əcnəbi ölkəmizin təbiətinə
heyranlığını gizlətmir
Əsrarəngiz təbiətli ölkəmiz tarix boyu səyyahların diqqətini cəlb edib. İlk səyahətlər əsasən ticarət, dini, siyasi məqsədlər daşıyıb. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Bu da, əslində, turizmin bir növü hesab edilib.
Xatırlatmaq yerinə düşər ki, BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada "Beynəlxalq davamlı turizm ili” elan etmişdi və rəsmi açılış mərasimi İspaniyanın paytaxtı Madriddə keçirilmişdi. Dövlət başçısı İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı sərəncama əsasən, 27 sentyabr, həmçinin Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib.
"Beynəlxalq davamlı turizm ili”ndə hərtərəfli və dayanıqlı iqtisadi inkişaf, sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi, mədəni dəyərlər, müxtəliflik və irs, qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu təşviq edilmişdir.
"2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” ölkəmizdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə stimul verdi. Bu gün zəngin tariximiz, mədəni irsimiz dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Bənzərsiz təbiət - fauna və flora, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan - Naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün hərtərəfli şərait yaradır.
Məqsədinə görə turizmin aşağıdakı növləri var: ekskursiya, "həftəsonu”, işgüzar, etnik və ya nostalji, müalicə məqsədli səfərlər, macəra turizmi, kənd turizmi, ekoturizm, dağ turizmi, şəhərətrafı gəzinti, istirahət, yaxud, çadır turizmi, müəmmalı gəzintilər, dini turizm, ritual, karavaninq, su turizmi, piyada və s.
Turizm dünyanın bir çox ölkələrinin təsərrüfat strukturunda getdikcə daha böyük əhəmiyyət kəsb edir. Mədəni-tarixi obyektlər və təbii-coğrafi potensialla yanaşı, kəndlərin turizm sənayesində istifadə edilməsi bu sahənin fəaliyyətini ildən-ilə genişləndirir.
Dağ turizmi ən geniş yayılmış növlərdən biridir. Azərbaycanı uca dağları olan ölkələr sırasına daxil etmək olar. Belə ki, 2200 metr hündürlükdə yerləşən Xınalıq kəndi Avropanın ən hündür ikinci yaşayış məntəqəsidir. O, Azərbaycandakı ən yüksək 8 zirvənin tam ortasında yerləşir. Bu iki amil, lazımi təbliğat Xınalığa milyonlarla turistin cəlb edilməsi üçün kifayətdir.
XX əsrin sonlarından etibarən inkişaf etmiş ölkələrin turizm bazarında struktur dəyişiklikləri baş verib. Zaman keçdikcə insanlar aktiv istirahətə üstünlük verir. Nəticədə turizm idmanın ayrı-ayrı növlərini (ekstremal) özündə birləşdirir. Ekstremal turizmin inkişafı da bu idman növlərinin tarixi ilə sıx bağlıdır. Ekstremal turizmdə müəyyən risk və təhlükələr olsa da, bu, nəticə etibarilə əsrarəngiz istirahət deməkdir.
...qaya divarları...
Azərbaycan ərazisində dağ turizminin müxtəlif növlərinin inkişafı üçün böyük imkanlar var. Quba rayonunun Qalayxudat kəndi yaxınlığındakı Kam dağlıq massivinin tədqiqi nəticəsində şimal yamacda boulderinq (qayayadırmanma) üçün perspektivi olan qaya divarları (200 m) aşkar olunub. Qrız və Qalayxudat kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15-20 metrə yaxındır, ətəklərində çadır düşərgələri salmaq üçün yerlər var. Bu yerlər nəinki məşqlər, həmçinin beynəlxalq yarışlar da daxil olmaqla, boulderinq yarışları üçün çox əlverişli məkandır.
Dövlət tərəfindən Şahdağda inşa edilən qış-yay turizm kompleksi də bu sahənin inkişafı üçün mühüm imkanlar yaradır. Bölgəyə daha çox turistin cəlb edilməsi üçün burada da dağ turizmindən istifadə imkanları var. Bu gün kompleksdə bir sıra xidmətlər göstərilir. Ölkənin digər bölgələrində, o cümlədən Gədəbəy, Qazax, Şəmkir, Göygöl ətrafında, həmçinin Naxçıvanda dağ turizminin inkişafı üçün münbit təbii şərait mövcuddur.
Macəra,
müəmma, müalicə, "həftəsonu”, ekoturizm...
Dağ turizmi ölkəmizdə bütün beynəlxalq standartlara uyğun olaraq yenicə formalaşmağa başlayıb. Vaxtilə dağlıq ərazilər turizm nöqteyi-nəzərindən diqqətdən kənarda qalıb. Amma bu gün milli parklar formalaşıb, dağlara səfərlər, turist gəzintiləri təşkil etmək olar.
Dağçılıq idmanı bütün dünyada, o cümlədən də Azərbaycanda populyarlıq qazanır. Artıq ölkəmizin müxtəlif bölgələrində bu idman növü üzrə 50-dən çox klub fəaliyyət göstərir, idmançıların sayı 5 minə yaxındır. Beynəlxalq təcrübəyə əsaslanaraq dağ turizmi üzrə xüsusi, özəl qaydalar hazırlanır. Dağ idmanı üzrə təcrübəli bələdçilər yetişdirilir. Başqa sözlə, dağ turizmi ilə məşğul olmaq üçün baza yaradılıb. Böyük Qafqazda, əsasən də Şahdağ silsiləsində bu növ üzrə yay və qış marşrutları hazırlanıb. Bu marşrutların üzərində daldalanacaqlar, düşərgələr salınması üçün yerlər müəyyənləşdirilib, təhlükəsizliklə bağlı müxtəlif tədbirlər görülüb.
Müalicə məqsədli səfərlər - turizmin digər növlərindən fərqlənir. Fərdi səyahət növüdür. İstirahət etmək, əylənmək, idmanla məşğul olmaq məqsədilə istirahət günlərində hər hansı yerə getmək "həftə sonu turizmi” də adlanır. Elm və ya konqres turizmi - müxtəlif konqreslərdə, simpoziumlarda, yığıncaqlarda iştirak etmək məqsədi daşıyan səyahətləri özündə birləşdirir. İşgüzar məqsədlə edilən səfərlərə müasir turizm mübadiləsinin mühüm tərkib hissəsi kimi baxılır. Bu cür səyahətlər ən perspektivli turizm növlərindən biri hesab edilir. Etnik və ya nostalji turizm - beynəlxalq turizmdə əhəmiyyətli yer tutan, qohumlarla görüşmək və ya ata-baba yurduna səyahət etməklə bağlıdır. Turistlərin bu kateqoriyası ekskursiyaçı da adlanır.
Macəra turizminə gəlincə, o, fiziki cəhətdən ağır, çox vaxt həyat üçün təhlükəli olan anlayışdır. Belə turların təşkili zamanı "macəralar kompleksi” çox vaxt öncədən, xüsusi hazırlıqla yanaşı, turistlərin təhlükəsizliyi üçün bütün mümkün vasitə və imkanlardan istifadə olunur.
"Varam kənd həyatına...”
Ekoturizm - təbiətlə sıx bağlıdır. Xüsusi məqsədli turizm isə ictimai tədbirlərdə iştirak etmək üçün həyata keçirilən səyahətdir. Dini turizm hər hansı bir mərasimlərin, missiyaların, ibadətlərin yerinə yetirilməsi məqsədilə həyata keçirilir. Ritual turizm qohumların, həlak olan döyüşçülərin məzarının ziyarət edilməsidir. Karavaninq turizmə gəlincə, təkərlər üzərində olan kiçik, mobil evlərdə həyata keçirilən səyahətdir. Su turizmi çayda, kanallarda, göllərdə, dənizlərdə üzən teploxodda, yaxtada, çay, dəniz gəmilərinin digər növlərində səyahətə deyilir. Müəmmalı - (sirli) məkanı və məqsədi öncədən elan edilməyən səyahət, macəra turizminin növlərindən biridir. Piyada, nəqliyyatdan istifadə edilməyən səyahət də turizmin bir növü sayılır.
Kənd turizminin isə üstün cəhətlərindən biri odur ki, daha az vəsait hesabına başa gəlir. Bu səbəbdən də kənd turizminin inkişaf etdirilməsi optimal variantdır. Regionlarda fəaliyyət göstərən Qafqaz mehmanxanalar şəbəkəsi, Qəbələdəki Gabaland attraksionlar parkı, Qusardakı möhtəşəm "Şahdağ” qış-yay turist kompleksi həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malikdir. Olimpiya idman komplekslərini də bura əlavə etsək, daha real təsəvvür yarada bilərik. Çünki həmin komplekslərdə də mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar, təbii ki, turizmin dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi, eyni zamanda ölkənin iqtisadi inkişafı üçün böyük perspektiv deməkdir.
Bir sözlə, dünya xalqlarının marağı Azərbaycana getdikcə artır. Axı, 150-dək ölkədən gələn əcnəbilər ölkəmizin təbiətinə heyranlıqlarını gizlətmirlər.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2019.-20 iyun.- S.11.