Lerik turizm diyarıdır
Ölkəmizin cənub bölgəsinin də əsrarəngiz təbiəti var. Baxdıqca uzanan zümrüd meşələri, bulaqları, laləli yamacları, yarpızlı dərələri göz oxşayır. Qayalarından xınalı kəkliklərin nəğməsi eşidilir. Son illər bu gözəlliklərə tamaşaya gələn turistlərin sayı çoxalıb.
Lənkərandan Lerikə qalxan yolda birinci olaraq Piran kəndi görünür. Turistlərin ən çox üz tutduqları bu kənd yaraşıqlı qəsəbəyə çevrilib. Ötən ilin payızında dövlət başçımızın sərəncamı ilə Pirandan ən ucqar yaşayış məntəqəsi Vıjakerə asfalt yol çəkilib. Yoldan 22 kəndin əhalisi istifadə edir.
Turizm istirahət mərkəzləri buradan başlanır: "Çənlibel”, "Təbəssüm”, "Meşəbəyi”, "Ağgöl”, "Qala”, "Relax”, "Həyat”, "Xəyal”, "Cənub”, "Dağ çayı”... Bu istirahət ocaqları 10-15 ildir ki, istifadədədir. İstər yayda, istər qışda qapıları turistlərin üzünə açıqdır.
"Relax” bölgədə fəaliyyət göstərən ilk istirahət mərkəzidir. Prezident İlham Əliyev 2006-cı ilin oktyabrında rayona ikinci səfəri zamanı istirahət mərkəzi ilə tanış olarkən ictimaiyyət nümayəndələri ilə görüşündə demişdir: "Lerik rayonunun çox gözəl imkanları var, çox gözəl təbiətə malik məkandır. Bundan səmərəli istifadə etməliyik, turizmin inkişafına böyük diqqət yetirilməlidir”.
"Relax” meşələr qoynunda şəhərciyi xatırladır. Əcnəbi turistlər buraya üz tutur, dağlar diyarının flora və faunası ilə tanış olur, uzunömürlülərin duzlu-məzəli söhbətlərinə qulaq asır, xalqımızın adət-ənənələri barədə məlumat alırlar. Şəhərcikdə 142 kottecdəki lüks otaqlar onların ixtiyarındadır. Otaqlarda kabel televiziyası quraşdırılmış, telefon xətti çəkilmiş, yaddaş kitabçaları qoyulmuşdur. Həyətlərin hamısı güllü-çiçəklidir. Şərq üslubunda tikilmiş külafirəngilərə dağ kəndlərində toxunmuş xalçalar, kilimlər, palazlar sərilmişdir.
İstirahət mərkəzində uşaqların əylənməsi üçün də şərait ürəkaçandır. Meydançalardakı yelləncəklər, avtoqatar, velosipedlər, fırlanqıclar, hovuz onların ixtiyarına verilmişdir. Uşaqlara çayda qayıq sürmək də öyrədilir. Onlar valideynlərinə qoşulub "Uzunömürlülər” muzeyindəki eksponatlarla tanış olur, ahılların həyat tərzi barədə qısametrajlı filmlərə baxır, xatirələrini dinləyirlər.
"Relax”da uşaq bağçası da fəaliyyətdədir. Körpəsi olan analar uşaqlarını bağçaya qoyub arxayın istirahət edirlər.
Dincəlməyə gələnləri maraqlı görüşlər, müsabiqələr, konsert proqramları, səyahətlər gözləyir. Onlar avtobuslarda səyahətə çıxır, dini abidələri ziyarət edir, qədim insan məskənləri olan mağaralarla tanış olur, bulaq başında dincəlir, dərman otları toplayırlar. Tarix-diyarşünaslıq muzeyində rayonun keçmişini, bu gününü əks etdirən ekspozisiyalara baxır, əməkdaşların məlumatlarını dinləyirlər.
Zuvandın füsunkar təbiəti turistləri məftun eləyir. Onlar at belində, piyada dağlara qalxır, Buzeyir və Zuvandçay mağaralarında olurlar. Qızyurdu zirvəsindən zümrüd meşələri, mavi Xəzəri, "ağsaçlı” Savalanı seyr edirlər. Dünyadakı 11 iqlim növündən 8-nin bu məkanda olması Zuvandı gur turist məkanına çevirmişdir.
Bölgədəki böyük istirahət mərkəzlərindən sayılan "Meşəbəyi” sanatoriyasına istirahətə gələnlər həkimlərin nəzarəti altında müayinə olunurlar. Günün ikinci yarısında sakit guşələrdə oturub suların şırıltısına, quşların nəğməsinə, yarpaqların pıçıltısına qulaq asırlar. Çaya qırmaq atıb balıq tutanlar, at belində meşə cığırları ilə səyahətə çıxanlar da olur. Axşamlar milli yeməklərdən dadıb razı qalırlar. Hər bir dincələnin sağlamlığı tibb işçilərinin nəzarəti altındadır.
Lerik ölkəmizdə turizm diyarı, uzunömürlülər məskəni kimi tanınır. Son illər Lerik-Kəlvəz, Noda-Şingədulan-Xanagah, Piran-Hamarat-Vıjaker yollarının istifadəyə verilməsi diyarda yeni turizm mərkəzlərinin açılmasına səbəb olub.
Həmzə VƏLİMƏMMƏDOV,
əməkdar jurnalist