Talıstan Cavanşir qalası ilə
də məşhurdur
Abidələr
Ölkəmizin qədim tarixə malik yaşayış məntəqələri arasında İsmayıllı rayonu xüsusilə seçilir. Bu məkan turizm potensialına görə də fərqlidir. Belə məskənlərdən biri də rayon mərkəzindən 4 kilometr şimalda yerləşən Talıstan kəndidir. Tanrının heç nəyi əsirgəmədiyi yurd yerimiz gözəl təbiəti, saf bulaqları, bir sözlə, bənzərsiz flora və faunası ilə həmişə görənlərin gözünü qamaşdırıb. Bu məziyyətlərinə görə də həmişə yaradıcı insanların ilham mənbəyi olub.
Şairlər Talıstan kəndinin gözəlliyini ilhamla tərənnüm etmişlər. Təsadüfi deyil ki, böyük şairimiz Səməd Vurğun üç dəfə Talıstan kəndində olmuşdur. Onun kəndə gəlişi ilə əlaqədar maraqlı xatirələr var. Həmin xatirələri ötən əsrin 70-ci illərində kənd məktəbində dil-ədəbiyyat müəllimi işləmiş Nazir Qasımov toplamış və rayonda çıxan "Zəhmətkeş” qəzetində dərc etdirmişdir. S.Vurğun 1939-cu ildə Talıstan kəndində qonaq olarkən yaradıcılığının əvəzsiz incilərindən olan "Talıstan” poemasını yazmışdır.
Göydə fanar kimi işıq saçır ay,
Buludlar açılır
örtülür lay-lay:
"Ay ellər!”
deyirəm ürəyimdə
mən,
Ömür cavanlaşır ellər deməkdən.
Ormanlar içində
durur Talıstan,
Ona bir baxışdan vurulur insan.
Talıstan kəndinin nadir incilərindən
biri də Cavanşir qalasıdır. Qafqaz Albaniyası
dövrünə aid olan
Cavanşir qalasının
təqribən VII əsrdə
tikildiyi ehtimal olunur. Qala Talıstan kəndindən
4 kilometr şimalda, Ağçayın sahilindədir.
O, əsas hissə və İç qaladan ibarətdir. Əsas hissənin cənub divarlarının hündürlüyü
10 metrdən çoxdur.
Düzgün olmayan çoxbucaqlıya
bənzər İç
qala dağın ən hündür yerində tikilmişdir.
Şimal
qurtaracağında eni
2 metr, uzunluğu isə 50 metr olan divar-çıxıntı
var. Divar silindirvari bürclə tamamlanır.
Qalanın adı Alban (Qafqaz)
hökmdarı Cavanşirlə
bağlıdır. Sahəsi
1,5 hektardan, xarici divarlarının uzunluğu isə 600 metrdən artıqdır.
Qalanın şimal qurtaracağında
baş müşahidə
məntəqəsi yerləşir. Oradan "Səngər
yeri” və ümumiyyətlə qalaya
gələn yollar aydın görünür.
Qalanın şimal-şərq tərəfində gizli yol olmuşdur. Bu da uzun çəkən mühasirə
zamanı qalanın xarici aləmlə əlaqə saxlamasına imkan verirdi. Gizli yol olan tərəfdən
qalaya hücum üçün heç bir imkan yoxdur.
Ümumilikdə qala üçün
seçilən yer müdafiə baxımından
idealdır. Ora çox
böyük qüvvə
ilə də hücum etmək mümkün deyildi. Qalaya edilən hücumların qarşısını almaq
üçün çox
da böyük qüvvəyə ehtiyac olmamışdır. Cavanşir qalası
sonrakı əsrlərdə
də müdafiə əhəmiyyətini qoruyub
saxlamışdır. Çox güman ki, qalanı heç vaxt düşmən qüvvələr ələ
keçirə bilməmişdir.
Orada döyüş zamanı olan dağıntı izlərinə rast gəlmək olmur.
Kəndin adının etimoloji mənası da maraqlıdır. Tədqiqatçıların qənaətinə görə, "Talıstan”
sözü "tala” sözü ilə yer mənasını ifadə edən "stan” şəkilçisinin
birləşməsi nəticəsində
əmələ gəlib
və talada olan yer, talada
olan məskən mənasını ifadə
edir. Zaman keçdikcə, dilimiz saflaşdıqca "Talıstan”
sözündəki ikinci
"a” səsi
"ı” səsinə çevrilmiş
və "Talıstan”
şəklini almışdır.
Kəndin ətrafında 4 yaşayış yeri və 5 qəbiristanlıq
mövcuddur. Bu qəbiristanlıqdan ikisi daha qədim dövrə aiddir.
XX əsrin
60-cı illərində Talıstanda
arxeoloji kəşfiyyat
işi aparılarkən
bir sıra maddi-mədəniyyət nümunələri
əldə edilmişdir. Həmin tapıntılar
eramızın əvvəllərinə
aid edilib. Sonralar da
təsərrüfat işləri
ilə əlaqədar
kənd ətrafındakı
Kələsər, Qaratikanlıq,
Mistökülən, Tuluq
yeri, Çökək
və basqa yerlərdə külli miqdarda saxsı qab qırıqları, təndir qalıqları, dən daşlarının
sınıqları aşkar
edilmişdir. Bütün bunlar
göstərir ki, Talıstan və onun ətrafında insanların məskən salaraq oturaq həyat surməsinin ən azı 2000 ilə yaxın tarixi var.
Sakinlər kəndlərindən
danışırlar...
Talıstanın İnzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Sihhət Şirəliyev və ziyalılardan Nazir Qasımovla söhbət zamanı onlar kənd haqqında maraqlı faktlar sərgiləyirlər. Məlum olur
ki, Talıstan kəndinin hazırda mövcud olduğu ərazi zamanında boş dağlıq və meşəlik ərazilərdən ibarət
idi. Bu yerin
köklü sakinləri
Marrac adlanan yerdə yaşayıblar.
Həmin
məkan indikindən təxminən 6-7 kilometr uzaqlıqda, dağlıq hissədə yerləşib.
Sonradan insanlar həyat şəraitlərini daha da asanlaşdırmaq, əkin-biçin sahələrinə
yaxınlıqda yaşamaq
üçün məskunlaşma
yerlərini dəyişiblər.
Kənd Yuxarı və Aşağı məhəllələrdən
ibarət idi. Sakinlər əsasən
Yuxarı məhəllədə
yerləşiblər. Ümumilikdə əhalinin
sayı da az olub.
Hazırda isə kənddə 760 təsərrüfat,
550 ev, 2520 nəfər
əhali var. Talıstanlıların
torpaq sarıdan da bəxti gətirib.
Kənd
1367 hektar əraziyə
malikdir. Bu da həm əkin
sahələri, həm
də heyvandarlığın
inkişaf etdirilməsi
baxımından sakinlərin
əl-qolunu açır.
Kəndin qədim sakinlərinin əsas məşğuliyyətlərindən
biri də baramaçılıq olub. Hətta zamanına
uyğun olaraq bu sahənin sənayesini də yaradıblar. Xüsusi dəzgahlar
vasitəsilə baramadan
ipək ipliklər əldə edib və ondan da
qanovuz parçalar toxuyublar. Burada kəlağayı sexi də olub.
Sonradan kənd sakinlərinin məşğulluğunda əkinçilik,
heyvandarlıq və arıçılıq üstünlük
təşkil edib.
Münasib turizm obyektləri də var, yeməli qızıl əhmədi alması da...
Talıstanın turizm potensialı da yüksəkdir. Kənd
ərazisində olan 3
istirahət mərkəzində
- "Şahbulaq”, "Talıstan
forest” və "Cavanşir
qalası”nda 1 gündə
100-ə qədər insanın
gecələməsi mümkündür.
Əlavə olaraq daha bir istirahət mərkəzi də inşa olunur ki, orada da
müəyyən sayda
insanın dincəlməsi
mümkün olacaq.
Burada kənd turizminə də xüsusi diqqət yetirilir. Ayrı-ayrı evlərdə 100-ə qədər
insanı yerləşdirmək
mümkündür. Təxminən 15-20 sakin bu fəaliyyətlə
müntəzəm məşğul
olur.
Kəndin dillər əzbəri olan brendlərindən biri də qızıl
əhmədi almasıdır. Əvvəllər məhsul daha çox olub və insanların dolanışığında əhəmiyyətli
rol oynayıb. Hətta zamanında başqa yerlərin sakinləri dəvələrlə duz
gətirib həmin almaya dəyişib aparırmışlar. "Canalı bağı” adlanan yerdə dəvələr duz satılıb qurtarınca
gözləyər, sonra
isə sahibləri onlara alma yükləyib
geri qayıdarmışlar.
Hər kəsin
sevimlisi Bilal dayı
Talıstanın əsas inkişaf mərhələsi sovetlər
dönəminə təsadüf
edib. O dovrdə uzun illər "Nizami” adına kolxoza sədrlik etmiş və el arasında hər kəsin Bilal dayı xitab etdiyi, rəğbət
bəslədiyi Bilal Süleyman oğlu Mahmudov, sözün əsl mənasında, tarix yazıb. O, kəndin inkişafı üçün bütün
varlığı ilə
çalışıb. Nəticədə istəyinə də çatıb. Obasının adı ölkə ilə bir olub.
Dəfələrlə rəhbərlik etdiyi
kolxoz "Keçici Qırmızı Bayrağa”
layiq görülüb.
Hətta
böyük şairimiz
Səməd Vurğun
da kəndə hər gəlişində
Bilal kişinin qonaqpərvərliyini görüb
və onunla səmimi dostluq əlaqəsində olub.
"Lenin” ordenli
Təşkilat Mirəziz
oğlu Əzizov da kəndin hörmət bəslədiyi
insanlardan idi. O da əlinin zəhməti, alnının təri ilə camaatına xidmət edib. Taxılçılıq üzrə təsərrüfat
briqadiri olub. Zamanında hər kəs üçün əlçatan
olmayan "Volqa” minik avtomobili ilə mükafatlandırılıb.
Vətənpərvər oğullar
və mükəmməl
təhsil sistemi
Kənd qəhrəman oğulları
ilə də fəxr edir. 4 nəfər
şəhidi var. Onlardan
2 nəfəri itkin düşüb, 2 nəfər
isə kənd qəbiristanlığında uyuyur:
Əhmədov Ramiz, Əliyev Bəhruz, Bayramov Elşad və Salmanov Ramiz. Kənd orta məktəbinə
şəhid Elşad Bayramovun adı verilib.
Talıstan eyni zamanda mükəmməl
təhsil sistemi ilə seçilir. Keçən
il 5 nəfər
600-dən, 5 nəfər isə
500-dən yuxarı bal toplayıb.
Bir sözlə, 20 məzundan 14 nəfəri
ölkənin fərqli
ali təhsil
müəssisələrinə qəbul olunublar.
Kənddə heyvandarlıq və taxılçılıqla yanaşı,
fındıq bağları,
baramaçılıq və
tütünçülük də inkişaf etdirilir.
Talıstanın qazlaşdırılmasında, yol
çəkilişində, içməli su təminatında bələdiyyə
böyük rol oynayıb. Növbəti hədəf kəndarası
yolların asfaltlaşdırılmasıdır.
Onu da öyrəndik ki, kəndin Aşağı və Yuxarı məhəllələrinin
arasından axan Talıstan çayının
suyu artanda yolu keçmək çətinləşir, narahatlıq
yaradırmış. Lakin dünya
heç zaman yaxşılardan xali olmayıb. Kənddən kənarda yaşasa
belə həmişə
el-obasının təəssübünü
çəkən Məhəmmədəli
Süleymanovun və bələdiyyənin köməyi
ilə orada körpü tikilib. Daha bir hissədə də bələdiyyə ayrıca körpü quraşdırıb. Kənd sakini
Əvəz Cəfərov
isə heç kəsin maddi köməyi olmadan öz gəliri hesabına 7 yerdə bulaq tikib.
Hesab edirik ki, əlavə şərhə ehtiyac yoxdur! Aşıq Abbas Tufarqanlının bir qoşmasında deyildiyi kimi: "El bir olsa, dağ
oynadar yerindən, söz bir olsa,
zərbi kərən sındırar”.
Əli SƏLİMOV
Azərbaycan.-
2019.-20 iyun.- S.11.