2.1 milyon insan, 2
milyard manat, 17 sərəncam...
İlham
Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində
imzaladığı yeni sənədlər Azərbaycanın
iqtisadi gücünü və vətəndaşların
rifahını daha da yüksəldir
"Biz minimum əməkhaqqını,
minimum pensiyanı artırırıq. Ancaq daha da
artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə
vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri
vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik”.
Əhalinin sosial vəziyyətinin
yüksəldilməsi istiqamətində mühüm
addımlar atan İlham Əliyev hələ aprel ayının
əvvəlində xalqla keçirdiyi səmimi
görüşlərin birində bu fikirləri səsləndirdikdə
bəlli olmuşdu ki, Prezidentin sosial islahatlar paketi çox zəngindir
və qarşıda daha böyük inqilabi addımlar
atılacaq.
İnqilabi xarakter
daşıyan sosial siyasət
İlin əvvəlindən
başlayaraq Prezidentin sosial islahatlarla bağlı
imzaladığı fərman və sərəncamlar təsdiq
etdi ki, dövlətin sosial siyasətinin fəlsəfəsi
iqtisadi inkişafın nəticələrini əhalinin rifah
halının yüksəldilməsinə yönəltməkdir. Bu siyasət
daha geniş şəkildə davam etdirilir. Minimum əməkhaqqının, pensiyanın, tələbələrin
təqaüdlərinin artırılması, digər ödənişlərin
verilməsi və əhalinin sosial müdafiəsinin yüksəldilməsi
sahəsində atılan addımların əhatə dairəsini
daha da genişləndirmək məqsədilə imzalanan sənədlər
xalqın dövlətə, liderinə olan inam və
etibarını daha da gücləndirir.
2019-cu ilin ilk rübündə
elə bir sahə yox idi ki, maaşlarda, sosial müavinətlər
və təqaüdlərdə artımlar edilməsin. Məsələn, şəhid
ailələrinə istisnasız olaraq birdəfəlik
müavinətlərin verilməsi, aylıq müavinətin
242 manatdan 300 manata, Əfqanıstan veteranlarının
müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi
köçkünlərə verilən aylıq müavinətlərin
50 faiz qaldırılması, minimum əməkhaqqının
40 faiz artırılaraq 130 manatdan 180 manata
çatdırılması, minimum pensiyaların 40 faiz
artırılaraq 116 manatdan 160 manata qədər
qaldırılması, 100 minə yaxın tələbənin
təqaüdünün yüksəldilməsi Prezidentin bu
kateqoriyadan olan insanlara göstərdiyi diqqət və
qayğının bariz nümunəsi idi.
Həmçinin aprelin 1-dən etibarən
dövlət başçısının "Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi sahəsində
əlavə tədbirlər haqqında” sərəncamı
qüvvəyə minməklə 14 kateqoriya üzrə sosial
müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri
orta hesabla 100 faiz artdı. Ümumilikdə 576,8 min nəfəri
əhatə edən bu sərəncamın icrası
üçün cari ilin 9 ayında əlavə olaraq 302 milyon
manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait
ayrıldı. Bu, 600 minə yaxın insanın
(buraya əlilliyi olan 300 min şəxs də daxildir) sosial
durumunun yaxşılaşdırılması istiqamətində
atılan mühüm addımlar idi.
Sosial rifahın
yüksəlişi
Bununla belə, əməkhaqqı,
təqaüd və pensiyalardakı artım yenə də
Prezidenti qane etmədi. Dövlət başçısı sosial
islahatların davam edəcəyini, maaşların,
pensiyaların bundan sonra da qaldırılacağını bəyan
etdi. İyunun 18-də böyük sosial
islahatlar paketi çərçivəsində tarixi sərəncamlar
imzaladı və sözünə, vədinə sadiq lider
olduğunu növbəti dəfə isbatladı. Sözlərinin, bəyanatlarının konkret əməli
addımlar olduğunu sübuta yetirdi.
İmzalanan 17 sərəncam ölkədə
sosial rifahın yüksəldilməsinin İlham Əliyevin
uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti
olduğunu bir daha təsdiq edərək bu istiqamətdə il ərzində artıq ikinci böyük
sosial paketin reallaşdırıldığını göstərdi.
Sosial ədalət prinsiplərinin
daha da möhkəmləndirilməsi məqsədilə
Prezident tərəfindən minimum əməkhaqqının məbləği
40 faizə yaxın artırılaraq 250 manata
çatdırılır.
Minimum əməkhaqqının
artımı 950 minədək vətəndaşı əhatə
edəcək.
Həmin insanlardan 600 mini dövlət sektorunda,
350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün
dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin
sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait
ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının
məbləğinin 250 manata çatdırılması
dövlət büdcəsindən maliyyələşdirilən
sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən
edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə
orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265
manatdan 367 manata çatmasına imkan verir.
Bu sərəncamlar
ümumilikdə 2.1 milyon insanı əhatə etməklə,
həm dövlət orqanlarında, həm də özəl
sektorda çalışan şəxslərin maddi vəziyyətini
əhəmiyyətli dərəcədə
yaxşılaşdıracaq.
İmzalanmış sərəncamlara
ayrı-ayrılıqda nəzər yetirsək görərik
ki, bu sənədlərə əsasən,
- minimum aylıq əməkhaqqı
180 manatdan 250 manata çatdırılır;
- dövlət
qulluqçularının aylıq vəzifə maaşları
50 faiz artırılır;
- pensiyaların
minimum məbləği 160 manatdan 200 manata
qaldırılır;
- hərbi və
hüquq mühafizə orqanlarının xüsusi rütbəli
əməkdaşlarının və mülki işçilərinin
əməkhaqları 40 faiz artır;
- dövlət ümumi
təhsil və peşə təhsili müəssisələrində
çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin
vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz
yüksəlir;
- dövlət
büdcəsindən maliyyələşən bir sıra digər
təşkilatlarda çalışan şəxslərin
aylıq vəzifə maaşları orta hesabla 40 faiz artır.
3 ay ərzində
ikinci dəfə artan əməkhaqqı və pensiyalar
Əgər ilin əvvəlində
imzalanmış sərəncamlar qlobal iqtisadiyyatda baş verən
mənfi meyillərin ölkə əhalisinin sosial təminatına
təsirini minimallaşdırmağa imkan vermişdisə,
hazırkı sərəncamlar əhalinin gəlirlərinin
artmasına şərait yaradacaq.
Çünki yeni sərəncamlarla
1 milyon 350 min insanın əməkhaqqında ciddi artımlar
edilir. Əməkhaqqının
məbləğinin sentyabrın 1-dən 40 faizədək
artıb 180 manatdan 250 manata çatdırılması ilə
ölkədə minimum əməkhaqqının məbləğinin
yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi
təmin ediləcək.
Həmçinin Prezidentin təşəbbüsü
ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən
160 manatdan 200 manata çatdırılacaq. Bu, təxminən
25 faiz artım deməkdir. Minimum pensiya məbləğinin
artırılması ümumilikdə 660 min
pensiyaçını əhatə edəcək.
Artımın edilməsi üçün illik 216 milyon manat,
cari il (oktyabr-dekabr ayları) üzrə 62
milyon manat əlavə vəsait yönəldiləcək.
Minimal pensiya səviyyəsinin
artımı da il ərzində həyata
keçirilən ikinci ciddi artımdır. Belə ki, dövlət
başçısının təşəbbüsü ilə
qəbul olunan qanunla bu il martın 1-dən minimal pensiya məbləği
də 116 manatdan 160 manata çatdırılmışdı,
oktyabrın 1-dən isə 160 manatdan 200 manata
qaldırılacaq.
Göründüyü kimi, il ərzində minimum əməkhaqları, əmək
pensiyası ikinci dəfə ciddi şəkildə artır.
Belə ki, əgər mart ayına qədər minimum əməkhaqqı
130 manat idisə, bu rəqəm 3 ayda iki dəfə artaraq əvvəlcə
180, sonra 250 manata yüksəldi. Bu, ümumilikdə 92,3 faiz artım deməkdir.
Mart ayınadək olan minimum
pensiya 116 manat idisə, iki sərəncamla əvvəl 160,
sonra 200 manata yüksəldi. Yəni minimum pensiyanın məbləğində
72,4 faiz artım edildi. Bu isə o deməkdir
ki, oktyabr ayından ölkədə 200 manatdan
aşağı pensiya alan olmayacaq.
160 minə
yaxın müəllimin orta aylıq əməkhaqqı 605
manatadək yüksəlir
Hər zaman elm və təhsil
işçilərinin sosial durumunun
yaxşılaşdırılması istiqamətində
mühüm sənədlər imzalayan dövlət
başçısı 18 iyun tarixli sərəncamları ilə
bu sahədə çalışan bir çox insana sevinc
payı bəxş edib.
Dövlət
başçısının imzaladığı "Dövlət
ümumi təhsil müəssisələrində
çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin
əməkhaqqının artırılması haqqında” və
"Dövlət peşə təhsili müəssisələrində
çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin,
idarəetmə və təlim fəaliyyəti ilə məşğul
olan işçilərin əməkhaqlarının
artırılması haqqında” sərəncamlar ümumilikdə
160 minə yaxın müəllimi əhatə edir. Sənəd onların orta aylıq əməkhaqqının
605 manata çatmasına imkan verir. Artımın təmin
edilməsi üçün dövlət büdcəsindən
əlavə olaraq illik 240 milyon manat, bu il
(sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait
ayrılacaq.
Prezident İlham Əliyevin
"Dövlət peşə təhsili müəssisələrində
çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin,
idarəetmə və təlim fəaliyyəti ilə məşğul
olan işçilərin əməkhaqlarının
artırılması haqqında” sərəncamı isə həmin
təbəqədən olan müəllimlərin və
işçilərin aylıq vəzifə
maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla
20 faiz artırılmasını nəzərdə tutur.
MDB ölkələri
arasında 2-ci yer
Bütövlükdə
Prezidentin sərəncamları ilə əməkhaqlarının
artımı büdcədən əlavə 2 milyard manat (bu
ilin qalan dövrü üçün 660 milyon manat) vəsaitin
ayrılmasına səbəb olacaq. Dövlət büdcəsi
gəlirlərinin indiki artım sürəti və həcmi
sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə
imkan yaradacaq. Əməkhaqlarının
artımı həm də iqtisadi fəallığı
artıracaq. Bu artımlardan sonra Azərbaycan
minimum əməkhaqqının alıcılıq qabiliyyətinə
görə MDB ölkələri arasında 2-ci yerdə qərarlaşacaq.
Göründüyü kimi,
bu gün Azərbaycan dövlətinin sosial sahədə
atdığı addımlar öz miqyasına, təsir dairəsinə,
əhəmiyyətinə görə heç bir ölkədə
müşahidə olunmur. Hər bir vətəndaş
aydın şəkildə görür ki, dövlət onun
yanındadır və sosial rifahının
yaxşılaşdırılması istiqamətində
mühüm işlər görür.
Ölkə rəhbərinin
bu sərəncamları ilk növbədə xalqın rifahı
və gələcəyi üçün həyata
keçirilən sosial siyasətin məntiqi davamıdır. Çünki
dövlət başçısının
imzaladığı fərman və sərəncamlara əsasən,
son 6 ayda elə bir sahə yoxdur ki, maaşlarda, sosial müavinətlərdə
və təqaüdlərdə artımlar edilməsin.
Bir sözlə, həyata
keçirilən uğurlu siyasət, iqtisadi islahatlar və
görülən işlərin şəffaflaşdırılması
prinsipi nəticəsində artan büdcə gəlirlərinin,
maliyyə imkanlarının böyük hissəsi bundan sonra
da sosial sferaya yönəldiləcək və bu da xalqın
dövlətə inamını daha da gücləndirəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 21 iyun.- S.1; 8.