Bakıda Azərbaycan-Rusiya Birgə Demarkasiya
Komissiyasının iclası keçirilib
Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti, yeddinci iclası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2010-cu il sentyabrın 3-də imzalanmış dövlət sərhədi haqqında müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planı qəbul ediblər. İclasın nəticələrini əks etdirən protokola uyğun olaraq, birgə komissiyanın işçi qrupu tərəfindən cari ilin iyul-oktyabr aylarında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yerləri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq, eləcə də dövlət sərhəd xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq.
Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.
Birgə komissiyanın
növbəti iclasının Rusiya
Federasiyası ərazisində keçirilməsi nəzərdə
tutulur. İclasın keçirilmə
tarixləri diplomatik kanallar
vasitəsilə razılaşdırılacaq.
Azərbaycan.-
2019.- 21 iyun.- S.4.