Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi
konfrans keçirilib
İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin birgə təşkilatçılığı ilə "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə AMEA-nın Tarix İnstitutunun nəşrlərindən ibarət sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Nadir şahı tarixdə üç imperiyanı - çar Rusiyası, Osmanlı və Böyük Moğol imperiyalarını məğlub edən, əfqan müdaxiləçilərini ölkədən qovub çıxaran və çökmüş Səfəvi imperiyasının ərazisini daha da genişləndirərək Əfşarlar imperiyasını yaradan böyük hökmdar kimi xarakterizə edib. O deyib: "Nadir şahı amansızlıqda, qırğınlar törətməkdə suçlayanlar yanılırlar. Bu, həqiqət deyil! Onun kütləvi qırğınlar törətməsi barədə ilk mənbələrdə heç bir məlumata rast gəlinmir. O, fərariləri, satqınları, qiyamçıları, mərkəzi hakimiyyətə qarşı çıxanları cəzalandırırdı. Bunsuz böyük bir imperiyanı əldə saxlamaq mümkün idimi?!”
Yaqub Mahmudov qeyd edib ki, akademik Ramiz Mehdiyevin əsərləri, o cümlədən Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarixşünaslıq elmində ən mühüm nailiyyətlərdən biridir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında xalqımızın çoxəsrlik tarixinin, görkəmli şəxsiyyətlərinin dərindən, əsaslı şəkildə, sənədlər əsasında və azərbaycançılıq mövqeyindən tədqiq olunub öyrənilməsinin, bu barədə əsərlərin nəşr edilib yeni nəsillərə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə hələ sovet hakimiyyəti dövründə həyata keçirdiyi tədbirlər Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra daha da vüsət alıb. Bu gün Prezident İlham Əliyevin imzaladığı mühüm tarixi sərəncamlarla tarixi hadisələrə, görkəmli şəxsiyyətlərə yenidən qiymət verilir, onların irsi və fəaliyyəti dərindən araşdırılır.
Alimin sözlərinə görə, Azərbaycanda ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin sayəsində milli-mənəvi dəyərlərə qayıdış prosesləri, azərbaycançılıq mövqeyinin dərinləşməsi istiqamətində ciddi işlər aparılıb. Hələ 1960-80-ci illərdə bir-birinin ardınca Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş tarixi romanlar nəşr olunub. Akademik Ziya Bünyadovun Atabəylər dövləti haqqında qələmə aldığı kitab Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
İsa Həbibbəyli dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycanda dahi şəxsiyyətlərə, soy-kökə, milli-mənəvi dəyərlərə, tarixi yaddaşa qayıdış prosesinin sürətləndiyini vurğulayıb. Qeyd edib ki, ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra azərbaycançılığın ümummilli ideyadan müstəqil dövlətin ideologiyası səviyyəsinə qaldırılması bu dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir. Hazırda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət milli tarixi siyasətin, azərbaycançılıq hərəkatının tamamilə yeni mərhələyə çatmasına gətirib çıxarıb.
Akademik bu gün Azərbaycan tarixi, mədəniyyəti və dəyərlərinin elmi əsaslarla öyrənildiyini, tədqiq və təbliğ olunduğunu deyib. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin UNESCO-nun Dünya qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu istiqamətdə dövlətin apardığı iş AMEA-nın Humanitar və İctimai elmlər bölmələrinin institutlarında da davam etdirilir, daha da dərinləşdirilir.
İsa Həbibbəyli müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən birinin tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlar olduğunu deyərək Tarix İnstitutunun "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini yüksək qiymətləndirib. Bildirib ki, bu elmi müəssisə tariximizin ən müxtəlif dövrlərini tədqiq edərək, şanlı tariximizi düzgün və dolğun əks etdirən əsərlər ortaya qoyur.
AMEA-nın vitse-prezidenti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətindən də söz açaraq, alimin Azərbaycan dövlətinin ideoloji əsaslarını əks etdirən bir sıra sanballı tədqiqat əsərlərinin müəllifi olduğunu bildirib. Qeyd edib ki, akademik Ramiz Mehdiyevin son illər bir-birinin ardınca nəşr etdirib geniş ictimaiyyətə çatdırdığı "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, "Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitablarını Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıran, onu sənədlər əsasında tədqiq edən xüsusi elmi nümunələr hesab etmək olar.
Elmi konfransda "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” kitabının təqdimatı keçirilib. Bildirilib ki, kitabın müəllifləri akademik Yaqub Mahmudov və professor Tofiq Mustafazadədir. Kitab Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Nəşrin elmi redaktoru tarixçi alim Mehman Süleymanovdur.
Konfransda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Türkiyənin Dünya Avşarlar Dərnəyinin rəhbəri Şərəf Kocakaya, Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə, tarix üzrə elmlər doktoru Mehman Süleymanov, professor Ədalət Tahirzadə, yazıçı Yunus Oğuz və Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin rəhbəri Şöhlət Əfşar çıxış edərək bildiriblər ki, Nadir şah təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən biridir.
Beynəlxalq
konfrans "Nadir şah Əfşar imperiyasının tarixi ilkin qaynaqlarda
və tarixşünaslıqda”, "Nadir şah Əfşar: dahi sərkərdə
və dövlət xadimi”, "Nadir şah
Əfşarın daxili siyasəti” və
"Nadir şah
Əfşarın xarici siyasəti” bölmələrində
fəaliyyət göstərib.
Konfransa Azərbaycan tarixçiləri
ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və
başqa ölkələrin alimləri də məruzələrini
təqdim ediblər.
Azərbaycan.-
2019.- 21 iyun.- S.5.