İstiqlalımızın yadigarı və tarixin ən qüdrətli Azərbaycanının salnaməçisi

 

Rəsmi dövlət nəşri olan "Azərbaycan” qəzetinin ötən ilin sentyabrında 100 yaşı tamam oldu. Cümhuriyyətin yaşıdı olan "Azərbaycan”ı bu münasibətlə Prezident İlham Əliyev təbrik etdi, qəzetin bir qrup əməkdaşına orden, medal və fəxri adlar verdi.

Yubileyi münasibətilə "Azərbaycan” qəzetinə ölkənin hər yerindən təbriklər gəldi. Tanınmış ziyalılar, alimlər, araşdırmaçılar qəzetin tarixi, bu günü, respublikanın siyasi-ictimai həyatındakı rolu barədə məqalələr yazdılar. Həmin məqalələr sonradan nəfis tərtibatla hazırlanmış "100 yaşlı Azərbaycan” kitabında da işıq üzü gördü.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan” qəzetinin 100 illiyinə və "100 yaşlı Azərbaycan” kitabının təqdimatına həsr olunmuş "Böyük publisistika ənənələrinin müasir təqdimatı” mövzusunda elmi sessiya keçirilib.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa HƏBİBBƏYLİ tədbiri giriş sözü ilə açaraq "Azərbaycan” qəzetinin 100 ildə keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizdə publisistikanın inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən danışdı:

- Təqdimatına yığışdığımız bu kitab "Azərbaycan” qəzetinin 100 illik inkişaf yolunun çox qiymətli salnaməsidir. Burada qəzetin keçdiyi təkamül prosesini, onun mərhələlərini, uğurlarını, hətta çətinliklərini də aydın şəkildə görmək mümkündür. Kitabda nəşr olunan məqalələr isə "Azərbaycan” qəzetinin fonunda ölkənin bütün mətbuatının keçdiyi inkişaf yolu ilə bağlı aydın təsəvvür yaradır. Qəzetin keçdiyi yol, apardığı mübarizə, qarşılaşdığı çətinliklər bütövlükdə ölkəmizin, mətbuatın keşməkeşli tarixinin aydın göstəricisidir. Kitab bir əsrdə Azərbaycan cəmiyyətinin, mətbuatının keçdiyi yolu öyrənmək üçün dəyərli nəşrdir. "100 yaşlı Azərbaycan” kitabında ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının qəzet haqqında məqalələri də dərc olunub ki, həmin yazılarda qəzetin tarixindən, uğurlarından, hətta problemlərindən bəhs edilir. Ümumilikdə bu kitab "Azərbaycan” qəzetini mətbuatımızın etibarlı mənbəyi, zəngin qaynağı kimi səciyyələndirir.

Qəzetin fəaliyyətindən danışarkən, bir əsrlik inkişaf yolunda bu nəşrə rəhbərlik etmiş şəxsləri unutmaq olmaz. Rəsmi dövlət mətbuat orqanına müxtəlif vaxtlarda rəhbərlik edən baş redaktorların böyük xidmətləri olub. Qəzetin 100 illik tarixində həmin ziyalılar bu mətbu orqanın davamlı fəaliyyəti üçün böyük şücaət göstəriblər. Bu qəzetin beşiyi başında dahi Üzeyir Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Ceyhun Hacıbəyli, Xəlil İbrahim kimi tanınmış şəxslər dayanıb. Müstəqillik dövründə də qəzetə tanınmış ziyalılar rəhbərlik edib. Qəzetin müasir inkişaf mərhələsi isə Milli Məclisin deputatı, baş redaktor Bəxtiyar Sadıqovun adı ilə bağlıdır. "Azərbaycan” qəzeti son onillikdə dövlət qəzeti statusuna tam cavab verən yüksəksəviyyəli mətbuat orqanına çevrilib. Bu gün qəzet yenilənmiş redaksiyanın səyləri və zəhməti ilə ölkənin ən nüfuzlu mətbuat orqanlarından biri kimi özünün məsuliyyətli işini uğurla davam etdirir.

"Azərbaycan” qəzeti rəsmi dövlət orqanı olmağın nümunəsini göstərən mətbuat orqanıdır. Hətta rəsmi dövlət mətbuat orqanı olduğu halda bütün xalqın, oxucuların ən müxtəlif təbəqələrinin rəğbətini qazana bilib. Çünki rəsmi dövlət orqanı olmaqla cəmiyyətin ən müxtəlif təbəqələrini, ziyalıları öz ətrafında birləşdirmək çətin məsələdir. Ona görə də mübaliğəsiz demək olar ki, "Azərbaycan” qəzeti xalqın mütləq əksəriyyətinin qəzetidir. Bu nəşr Azərbaycan ziyalılarının tribunası, elmi və yaradıcı mühitin etibarlı bələdçisidir. "Azərbaycan” qəzeti müasir dövrün qəzetçilik nümunəsi və mətbuat tarixinin şanlı məktəbidir.

"Azərbaycan” qəzeti müstəqillik uğrunda həm XX əsrin əvvəllərində, yəni birinci mərhələdə, həm də müstəqillik illərində dövlətçilik naminə mübarizə aparan, yol göstərən, bələdçilik edən, mövqe nümayiş etdirən ən mübariz, ən obyektiv qəzetdir.

Geniş mənada Azərbaycan cəmiyyətinin, o cümlədən də "Azərbaycan” qəzetinin fəaliyyətində 1993-2003-cü illər xüsusi yer tutur. Çoxəsrlik Azərbaycan tarixinə Heydər Əliyev epoxası kimi daxil olmuş bu mərhələdə "Azərbaycan” qəzeti əsl azərbaycançılıq tribunasına çevrilib. Ulu öndər Heydər Əliyevin dövlət mətbuatına xüsusi həssaslıqla, böyük diqqət və qayğı ilə yanaşması "Azərbaycan” qəzetinin məsuliyyətini daha da artırıb, qəzetin kollektivinin azərbaycançılıq və müasirlik meyarları ilə çıxış etməkdə sabit, ardıcıl mövqe göstərməsini şərtləndirib. Dövlət rəhbəri Heydər Əliyev azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin ideologiyasına çevirmək istiqamətindəki mübarizəsi "Azərbaycan” qəzetində özünün real əks-sədasını tapıb, geniş təbliğ olunub. Qətiyyətlə demək olar ki, azərbaycançılıq ideologiyasının formalaşdırılması və təbliğində "Azərbaycan” qəzeti ilə müqayisə ediləcək ikinci bir mətbu orqanı göstərmək çətindir. Bir sözlə, "Azərbaycan” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycançılıq ideallarına sədaqəti vətənə, millətə və dövlətə sədaqətlə xidmət etməyin əsasları kimi müəyyən etdiyi siyasi xətti cəmiyyətə çatdırmaq yolunda dönmədən mübarizə aparıb. Qəzet Heydər Əliyev epoxasının layiqli publisist salnaməsini yaradıb.

Ulu öndər Heydər Əliyevin sevdiyi, etibar etdiyi, inandığı "Azərbaycan” qəzeti bu gün Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında həyata keçirdiyi tam müstəqil siyasətə ən yüksək formada dəstək verir. Qəzetin 100 illik yubileyi münasibəti ilə dövlət başçısının ürək açıqlığı ilə yazdığı sözlər, verdiyi müsbət qiymət bunu bir daha təsdiqləyir. Ölkəmizdə normal, hüquqi, demokratik dövlətin qurulması işində kütləvi informasiya vasitələrinin fəaliyyətinə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin milli mətbuatın inkişafına göstərdiyi qayğı bütün mətbu orqanları, eləcə də "Azərbaycan” qəzetini də əhatə edir. Rəsmi dövlət qəzeti funksiyasını yüksək səviyyədə yerinə yetirmək üçün yeni tarixi epoxada "Azərbaycan” qəzetinin seçdiyi yol, müəyyən etdiyi xətt və istiqamət milli dövlətçilik ideologiyasını, rəsmi materialları operativ sürətdə geniş oxucu auditoriyasına vaxtında çatdırmaqla yanaşı, həm də analitik təhlillərlə, yaradıcı şərhlərə və müqayisələrə əsaslanan üslubda dövrün, zamanın sözünü deməkdən ibarətdir.

Bir sözlə, rəsmi dövlət nəşri kimi "Azərbaycan” qəzeti Prezident İlham Əliyevin rəhbərliyi ilə iri addımlarla, böyük sürətlə inkişaf edən Azərbaycanı olduğu kimi, obyektiv şəkildə təqdim etmək yollarında bütün səylərini səfərbər edir. Azərbaycan dövlətinin həyatında baş verən mühüm dəyişikliklər, müasir dövrün inkişaf ritmləri qəzetdə bütün təbiiliyi ilə əks-səda tapır.

"Azərbaycanda rəsmi dövlət mətbuat nümunəsi: ənənə və müasirlik” mözusunda çıxış edən AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi, akademik Teymur KƏRİMLİ qeyd etdi ki, "Azərbaycan” qəzetinin nəşrinə qədər Azərbaycan mətbuatının onilliklərlə ölçülən zəngin ənənələri vardı və bu ənənələrin davam, inkişaf etdirilməsi Şərqdə ilk demokratik respublikanın rəsmi orqanının "çiyinləri” üzərinə düşürdü:

- XI yüzilliyin böyük Türk dilçi alimi, folklorşünası Kaşğarlı Mahmudun "Divanü lüğat-it-Türk” əsərindəki Yaxın və Orta Şərqin Türk arealını əks etdirən məşhur xəritəsində Türk etnosunun geniş yayıldığı ölkələrdən biri kimi Azərbaycanın ("Ərzi-Azərbadkan”) adı da qeyd olunmuş və sərhədləri göstərilmişdir. Bu böyük alimin dünyaya göz açmasından düz 910 il sonra həmin ərazidə eyni adlı bir qəzet dünyaya göz açdı: "Azərbaycan” qəzeti. Bu hadisə 15 sentyabr 1918-ci ildə, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan, dünya poeziyasına və ədəbi-fəlsəfi fikrinə Nizami Gəncəvi kimi bir düha bəxş etmiş, xalqımızın çoxəsrlik azadlıq mübarizəsinin verdiyi ən böyük meyvənin - demokratik respublikanın ilk paytaxtı Gəncə şəhərində baş vermişdi.

"Azərbaycan” qəzetinin meydana çıxmasına qədər keçilmiş bu qısa zaman kəsiyi ərzində Azərbaycan mətbuatı özünün simasını tapdı, öz təkraredilməz üslubunu müəyyənləşdirdi, mütərəqqi humanist səsini dünya mətbuatının səsinə unison köklədi.

"Azərbaycan Cümhuriyyəti hökumətinin Xəbərləri” kimi nəzərdə tutulmuş və bu funksiyanı daşıyan "Azərbaycan” qəzeti üzərinə qoyulan bu məsul vəzifəni şərəflə yerinə yetirməklə bərabər, həm də müstəqil dövlətin və xalqın həyatının bir çox sahələrinə işıq salırdı. Xalq Cümhuriyyəti dövründə qəzetin cəmi 881 nömrəsi (Azərbaycan dilində 443, rus dilində 438 say) işıq üzü görmüşdü.

İkinci fəaliyyəti dövründə 1000-ci sayının çapdan çıxması münasibətilə qəzetin kollektivini təbrik edən ümummilli lider Heydər Əliyev yazırdı: "Əsası 1918-ci ildə qoyulmuş "Azərbaycan” qəzeti müstəqil dövlətçilik tariximizdə öz yeri olan nəşrlərdəndir. Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti kimi nəşr olunmuş "Azərbaycan” xalqımızın istiqlal mübarizəsində mühüm xidmətlər göstərmişdir. Məlum tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti kimi, "Azərbaycan” qəzetinin də ömrü uzun olmamışdır. Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini əsrin axırlarında bərpa etdiyi zaman "Azərbaycan” qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi həyatda layiqli yerini tutdu”.

XX əsrin əvvəllərində Azərbaycanın ən böyük ziyalılarından biri kimi şöhrət tapmış, "Azərbaycan” qəzetinin nəşrə başlamasından cəmi iki ay öncə Gəncədə erməni quldurları tərəfindən qətlə yetirilmiş Abbas Səhhətin məşhur bir sözü var, deyir ki: "Sabir İran inqilabına bir ordu qədər xidmət göstərmişdir”. Eynilə "Azərbaycan” qəzeti də nəşrə başladığı dövrdən səpdiyi azadlıq toxumları, Azərbaycan xalqının istiqlal mücadiləsində oynadığı müstəsna rol ilə bir ordu qədər xidmət göstərmişdir. Məhz buna görə "Azərbaycan” qəzeti ən müxtəlif rakurslardan işıqlandırılaraq, xalqın və dövlətin sosial-siyasi, mədəni-mənəvi, ədəbi-tarixi həyatına, həlli vacib problemlərinə obyektiv güzgü tutan bir tribuna kimi araşdırılmağa və qiymətləndirilməyə layiqdir.

Obyektivliyə maksimum dərəcədə nail olmaq, həyat həqiqətinə sədaqət, sosial-siyasi problemlərin labirinti içərisində ən optimal yolu seçə bilmək, ağrılı problemlərin həlli yollarını sağlam məntiqin qanunları ilə müəyyənləşdirmək - hər bir mətbuat orqanının qarşısında duran şərəfli vəzifələr sırasındadır. Bütün bu kimi vəzifələrin öhdəsindən alın açıqlığı və üz ağlığı ilə gəlməyə nail olmuş "Azərbaycan” qəzetinin Vətən və Millət qarşısındakı xidmətlərini yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycan” qəzeti peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir”.

Bu gün bütün dünyada sensasiya dalınca qaçaraq işi-gücü yalan-palan quraşdırmaqdan ibarət olan minlərlə bulvar qəzetlərinin, internet saytlarının içində "Azərbaycan” qəzeti kimi mətbu orqanlar yalan və böhtan "dəryası” içində ucalan qocaman dağlar kimi vüqarla dayanmaqdadırlar.

Mətbuat aləminə göz açdığı gündən üzərinə böyük bir missiya götürən "Azərbaycan” qəzeti hər şeydən öncə bu missiyanı adında ifadə etmişdir. "Azərbaycan” sözü ölkədə və bütün dünyada yaşayan 50 milyondan artıq azərbaycanlılar üçün böyük dünyanın kiçik modeli, kiçik bir dünyadır və bu dünyanın bütün yönlərinə ayna tutub, olduğu kimi böyük dünyaya və hər şeydən öncə isə xalqın özünə təqdim etmək, onun maddi-mədəni dəyərlərini lazımi səviyyədə təbliğ etmək və sevdirmək media mənsubundan Azərbaycan boyda bir ürək və bu ürəkdə Azərbaycan boyda bir sevgi tələb edir. Əcəba, hali-həyatda olduğu 30 ildən artıq bir dövr ərzində "Azərbaycan” qəzetini araya-ərsəyə gətirənlərdə Azərbaycan boyda bir ürək, bu ürəkdə Azərbaycan boyda bir sevgi, bir vurğunluq, bir heyranlıq var idimi? Bu sualın cavabı üçün bir qədər tarixə baş vuraq.

Qəzetin ilk redaktorları, ilk yazarları, ilk müəllifləri kimlər idi? Heç şübhəsiz ki, Azərbaycanın o keşməkeşli dövrdəki sayseçmə övladları, millətin önündə gedən ziyalılar, düşüncə ağaları və qələm sahibləri, ərdəmli kişilər və qeyrətli vətəndaşlar. Bir mətbu orqanı öz oduna-alovuna, işığına nə qədər millət, Vətən pərvanəsi yığa bilərmiş!

"Azərbaycan” qəzetinin baş redaktoru, sələflərinin layiqli xələfi və onların işini yüksək səviyyədə davam etdirən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov yazır: "...Şahidlər söyləyirlər ki, parlamentin (Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin) son iclasında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın (bolşevik istilası) Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür. Ağlayan "Azərbaycan” qəzetinin baş redaktoru Səfi bəy Rüstəmbəyli idi”.

Aylar keçdi, aylar illərə döndü. İllər keçdi, illər onillərə döndü. Azad, müstəqil, yeni, güclü bir Azərbaycan quruldu. "Azərbaycan” qəzeti də dərindən nəfəs aldı, əbədi və dönməz həyatına başladı. Akademik İsa Həbibbəylinin çox sərrast olaraq göstərdiyi kimi: "Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra "Azərbaycan” qəzeti sözün həqiqi mənasında əsl rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərməyə başlamışdır”.

İstər 1918-1920-ci illərdə, istərsə də müstəqillik dövrü olan 1991-2019-cu illərdə "Azərbaycan” qəzetinin öz adı ilə səsləşən başlıca məramlarından biri də azərbaycançılıq ideyasının təbliği olmuşdur. Doğrudur, bu ideyanın çox qədim kökləri vardır; ancaq onun məhz mükəmməl bir ideologiya şəklində formalaşdırılaraq dünyaya təqdim edilməsi ulu öndər Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. Həm də ulu öndərin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə əlamətdar olan 2019-cu ildə, qətiyyətlə demək olar ki, azərbaycançılığın mükəmməl bir ideologiya formasına salınmasının da yarım əsrlik yubileyi tamam olur. Bu gün "Azərbaycan” qəzeti 50 illik bir tarixi olan möhtəşəm ideologiyanın təbliği yolunda qeyrət kəmərini belindən bir an belə açmadan bütün gücü ilə çalışmaqdadır.

Bu gün "Azərbaycan” qəzeti təkcə rəsmi dövlət qəzeti deyil, həm də Azərbaycanın elitar mətbu orqanıdır. Ümummilli lider Heydər Əliyevin Naxçıvan dağları üçün dediyi məşhur ifadəni iqtibas etsək, deyə bilərik ki, "Azərbaycan” qəzeti Azərbaycanın kişi qəzetidir, sanballı, ciddi, ağırtaxtalı media orqanıdır.

Sözümüzü yenə də ulu öndərin aforizm səciyyəli bir fikri ilə bitirmək istərdik: "Azərbaycan” qəzeti respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirir”.

Ümummilli liderin təsbit etdiyi bu şərəfli yolda "Azərbaycan” qəzetinin yaradıcı kollektivinə yeni-yeni uğurlar diləyir, fəaliyyətinin üçüncü - akademik İsa Həbibbəylinin "XXI əsrin müstəqil dövlətçilik və inkişaf tribunası. İlham Əliyev dövrü” kimi müəyyən etdiyi müasir mərhələdə daha uca zirvələrə yüksəlməyi arzu edirik.

"Azərbaycan” qəzeti Xalq Cümhuriyyətinin yadigarı olaraq, milli təfəkkürün formalaşmasında, milli oyanışın gerçəkləşməsində, milli dövlət quruculuğunda mühüm rol oynayıb” deyən akademik, Milli Məclisin deputatı Nizami CƏFƏROV qəzetin 100 illik yubileyinin mətbuat tarixi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı:

- "Azərbaycan” qəzeti Azərbaycan mətbuatının Səməndər quşudur. XX əsrin əvvəllərində xalqın milli oyanışının publisistik-ideoloji təzahürü olaraq yarandı. Yanıb külə dönməkdə ikən əsrin sonlarında yenidən doğuldu.

"Azərbaycan” qəzetinin tərcümeyi-halı xalqımızın milli dövlət quruculuğu tarixindən ayrılmazdır. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu kimi, bugünkü "Azərbaycan” da cümhuriyyət "Azərbaycan”ının bilavasitə xələfidir.

"Azərbaycan” qəzeti heç bir tərəddüd etmədən deyə bilərik ki, öz missiyasını əsrin əvvəllərindəki qədər ləyaqətlə, vətənpərvərliklə, peşəkarlıqla yerinə yetirir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, ölkə başçısı İlham Əliyevin inkişaf etdirdiyi genişmiqyaslı milli yüksəliş strategiyası qəzetin səhifələrində ardıcıl olaraq təqdim, təhlil və təqdir edilməkdədir. Əlbəttə, "Azərbaycan” yalnız iqtisadiyyatda, siyasətdə, sosial sferalarda, mədəniyyətdə... danılmaz uğurlarımızı göstərməklə kifayətlənmir, eyni zamanda həmin uğurları gözü götürməyənlərə, istər xaricdən, istərsə da daxildən milli varlığımıza qara yaxmağa cəhd edənlərə qarşı barışmaz mübarizə aparır. Və bu gün qəzetdə öz işinin ustası olan təcrübəli jurnalist-publisistlər, cəmiyyət həyatının müxtəlif sahələrini dərindən bilən şərhçi-analitiklər çalışırlar. Onların əksəriyyəti yüksək dövlət mükafatlarına layiq görülmüşdür.

Yəqin ki, qəzetin yüzilliyi barədə danışanda bir məsələni xüsusi məmnunluqla qeyd etmək lazımdır. Bu da ondan ibarətdir ki, "Azərbaycan” ümumiyyətlə nəşrə başlayandan, xüsusilə son illərdə öz şərəfli tarixi irsinə inamla sahib çıxır. Buraya, ilk növbədə, vaxtilə cümhuriyyət "Azərbaycan”ında getmiş, aktuallığını itirməmiş, yaxud yaddaşımızı təzələmək üçün çox böyük əhəmiyyət daşıyan məqalələrin bugünkü oxuculara yenidən çatdırılması, Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Səfi bəy Rüstəmbəyli... kimi mütəfəkkir qələm adamları haqqında vaxtaşırı dəyərli yazıların verilməsi aiddir. Baş redaktor, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun təşəbbüsü ilə cümhuriyyət "Azərbaycan”ının bütöv komplektinin əldə olunması da "Azərbaycan” sevərləri sevindirməyə bilməz.

Qəzet çox yaxşı haldır ki, parlament aristokratizminə sadiq olmaqla yanaşı, ölkənin intellektual mühitinin üzvi tərkib hissəsinə çevrilməkdən də çəkinmir. Bu cür birbaşa əməkdaşlıq isə imkan verir ki, öz elitar simasını həmişə qoruyub saxlasın.

"Azərbaycan” qəzeti Azərbaycan dilinin böyük təəssübkeşidir. Qəzet orfoqrafiyasından tutmuş funksional üslub imkanlarına qədər dilimizi özünəməxsus mükəmməlliyi ilə təqdim edir.

Və mən yüz yaşını arxada qoymuş "Azərbaycan”a öndə daha böyük uğurlar arzulayıram.

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər PAŞAYEV "Azərbaycan” qəzetinin 100 illik yubileyinin yalnız mətbuat tarixinin əlamətdar məqamı olmadığını, həm də böyük ədəbiyyat bayramına çevrildiyini qeyd etdi:

- Sovet quruluşu çökdükdən sonra mətbuatda qeyri-peşəkarlıq tüğyan edir, özünü və sözünü bilməyənlər jurnalist adı ilə meydan sulayırdı. O ağır dövrdə simasını və nüfuzunu qoruya bilən azsaylı qəzetlərdən biri, bəlkə də birincisi "Azərbaycan” qəzeti oldu.

Səbəbi çox sadə idi. Qəzet peşəkar kollektiv formalaşdıra bilmişdi. Ənənə indi də davam edir. Qəzet publisistika sənətkarlığı məktəbinə çevrilib.

Bu gün çox nüfuzlu qəzetin 100 illiyinə həsr olunmuş möhtəşəm "100 yaşlı Azərbaycan” kitabının təqdimat mərasiminə toplaşmışıq. Bu əlamətdar hadisə münasibətilə möhtərəm Prezidentimiz İlham Əliyevin qəzetin baş redaktoru Bəxtiyar Sadıqovu "Şöhrət” ordeni, həmçinin digər əməkdaşları yüksək dövlət mükafatları ilə təltif etməsi ziyalıların ürəyindən oldu. Mənə belə gəlir ki, bu bütövlükdə kollektivin əməyinə verilən qiymətdir. Bunu cənab Prezidentin kollektivə ünvanladığı təbrik məktubundan da görmək olur.

Ən uzunömürlü qəzetin yubileyinə həsr olunmuş qeyri-adi kitaba Bəxtiyar Sadıqov "100 yaşlı Azərbaycan” adlı çox geniş ön söz yazmışdır və kitabın adı buradan götürülmüşdür. Mən bu yazını qəzetin 100 illik salnaməsi adlandırardım. Müəllif qəzetin yarandığı ilk gündən bugünə kimi keçdiyi "həyat yolu”na, bənzərsiz taleyinə nəzər salır. Uğurlarını ön plana çəkir. Məqaləni ulularımızın çox işlətdiyi arzu məqamlı alqışla başlayır: "Səni yüz yaşa!”

Bu ifadə "Yüz yaşlı Azərbaycan”a necə də yaraşır.

Kitabda ən çox diqqəti cəlb edən yazılardan biri də akademik İsa Həbibbəylinin "Müstəqil Azərbaycanın güzgüsü "Azərbaycan” məqaləsidir. Məqalənin adı "Azərbaycan” qəzetinin uğurlarını, xalq və dövlət qarşısında müstəsna xidmətlərini bariz şəkildə əks etdirir.

"100 yaşlı Azərbaycan”da yer alan görkəmli ziyalılarımızın yazıları kitabın dəyərini artırmaq gücündədir. Çoxşaxəli "Azərbaycan” qəzetinin kollektivini möhtəşəm "100 yaşlı Azərbaycan” kitabına görə ürəkdən təbrik edir, "100 yaşayın!” deyirəm.

"Azərbaycan” qəzeti Cümhuriyyət dövrünün qəzetidir, həm də yeni dövrün və yeni əsrin qəzetidir! Azərbaycanın ilk rəsmi dövlət qəzetidir” - deyən filologiya elmləri doktoru, professor Bədirxan ƏHMƏDLİ qeyd etdi ki, mənim üçün "Əkinçi” hansı mənanı daşıyırsa, "Azərbaycan”da eyni mənanı ifadə edir. Nədən ki, əgər "Əkinçi” ilk anadilli qəzetdirsə, "Azərbaycan” ilk rəsmi anadilli və rusdilli qəzet olaraq həmin öncüllüyü daşıyır:

- "Azərbaycan” qəzetinin yaranmasını bu qədər gözləmək lazım gəlməsinin də müəyyən səbəbləri olmuşdur. Hələ XIX əsrin sonlarında və XX əsrin əvvəllərində bir neçə dəfə bu adda qəzet çıxarmaq üçün cəhdlər olunmuşdusa, senzor, yəni çar Rusiyası buna icazə verməmişdi. İcazə verməməsinin əsas səbəbi isə adın hər hansı bir coğrafi məkanı ifadə etməsi və bu ad altında xalqın, millətin özünün ictimai-siyasi cəhətdən milli mübarizəyə hazırlaması kimi faktorlar olmuşdur. Lakin buna baxmayaraq yeni əsrə anadilli qəzetsiz daxil olan xalq cəmi bir neçə il ərzində elə bir inkişaf yolu keçdi ki, bu yol onun müstəqilliyini və istiqlalını qazanmasına gətirib çıxardı. Azərbaycanın öz istiqlalını qazanmasında Azərbaycan mətbuatının böyük rolu oldu.

Azərbaycan Cümhuriyyətinin yaranması ilə "Azərbaycan” qəzeti də yarandı. Lakin bu nəşrin əsrin əvvəllərində nəşr edilən başqa qəzetlərdən bir çox fərqli özəllikləri vardı. Hər şeydən əvvəl, bu ad başqa adlardan fərqli olaraq xalqın etnik mənsubiyyətini və coğrafi ərazisini ifadə edirdi ki, bu da cəmiyyəti dövlətçilik və müstəqillik ideyası ətrafında toplamağa hazırlayırdı.

İkincisi, "Azərbaycan” rəsmi dövlət qəzeti idi və başqa qəzetlərdən fərqli olaraq burada dövlətçilik atributları, ideyası hər zaman aparıcı rol oynamışdır.

Üçüncüsü, bu qəzetin ana xəttini dövlətçilik və istiqlal ideyaları təşkil edirdi.

Dördüncüsü, yeganə qəzetdir ki, rus və Azərbaycan dillərində həm Gəncə, həm də Bakıda nəşr edilmişdir.

Beşincisi, yeganə tək qəzetdir ki, taleyi cümhuriyyətin taleyinə bənzəmişdir. Yəni cümhuriyyət süqut etdikdən sonra "Azərbaycan” qəzeti də bağlanmışdır.

1920-ci il bolşevik işğalı ilə Azərbaycan Cümhuriyyəti kimi onun orqanı da işğal olunmuş və sovetlər dönəmində heç zaman fəaliyyət göstərməmişdir. Bu dövrdə bütün qəzetlər "Bütün ölkələrin proletarları, birləşin!” devizi altında nəşr edilmişdir. "Azərbaycan” qəzeti isə bu dövrdə nəinki nəşr edilməmiş, hətta onu həbs etmişdilər. Ona görə həbs etmişdilər deyirəm ki, sovet dövründə "Azərbaycan” bütün qəzetlərdən fərqli olaraq, oxucuların ixtiyarına verilmirdi. Bu qəzetdəki materiallarla tanış olmaq üçün yalnız xüsusi icazə lazım idi ki, bu icazədən sonra da qəzet səhifələrinə istinad etmək, ondan qeydlər götürməyə belə icazə vermirdilər. Bu isə o demək idi ki, sovet hökuməti xalqın müstəqil dövlətçilik ideyalarından qorxurdu. 20-ci illərdən başlayaraq sovet Azərbaycanının mətbuatı xalqın milli istiqlal dəyərlərini deyil, bolşevik dəyərlərini təbliğ edir, xalqa yalançı müstəqillik ideyaları aşılamağa çalışırdı.

"Azərbaycan” qəzeti Azərbaycan Cümhuriyyətinin milli mücadiləsini ən yaxşı şəkildə ifadə etdi; həm siyasi-ictimai, həm tarixi, həm ədəbi kontekstdə materiallar dərc etdi, xalqa azca da olsa M.Ə.Rəsulzadənin təbirincə desək, "milli istiqlal tamını dadızdırmaqda” böyük işlər gördü. Dövlətin siyasətinə uyğun məqalələr dərc etdi. Milli Məclisin iclaslarından çıxarışlar edildi. Ölkənin siyasi, iqtisadi, mədəni arenadakı işlərini göz önünə gətirdi. Ordu və milli marşların böyük bir qismi bu qəzetin səhifələrində işıq üzü gördü. M.Hadinin istiqlalla bağlı şeirləri burada çap olundu. Türk-islam ordusunun Bakıya gəlişi və qələbələri haqqında bu qəzetin səhifələrində xəbərlər verildi. Rövşən Əşrəf bəyin Azərbaycana gəlişi ilə bağlı məqalə və müsahibə dərc edildi. Bir sözlə, "Azərbaycan” qəzeti Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin barometrinə çevrildi. Bu qəzetin səhifələrində bir məqalə də getmişdir: bu da ermənilərin əlində olan Əsgəran rayonunun alınması ilə bağlı idi. "Azərbaycan” qəzeti bu müjdəni oxucularına "Əsgəran alındı” məqaləsi ilə verirdi.

"Azərbaycan” qəzeti bir də bir əsrdə ikinci dəfə müstəqilliyini qazanan Azərbaycan Respublikasının yaranması ilə siyasi arenaya daxil oldu. Azərbaycan Cümhuriyyətində olduğu kimi, bu gün də "Azərbaycan” qəzeti öz missiyasını ləyaqətlə davam etdirir. İstəyimiz odur ki, bu qəzet öz səhifələrində "Qarabağ alındı” müjdəsini versin və oxucularını sevindirsin.

"Azərbaycan”ın bayramı Azərbaycan ədəbiyyatının da bayramıdır” mövzusunda çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Elçin MEHRƏLİYEV qeyd etdi ki, "Azərbaycan” qəzeti öz adında bütöv bir xalqın, məmləkətin, dövlətin tarixi varlığını, vəhdət və birliyini, ümumi maraq və mübarizəsini ehtiva edir:

- Hər bir xalqın öz gələcəyi ilə bağlı ictimai-siyasi ideallarının formalaşması onun mütəfəkkir şəxsiyyətlərinin yaradıcılığında gerçəkləşir. Bu proses uzaq keçmişdən, hələ mətbuat anlayışının olmadığı dövrlərdən ədəbiyyatda başlayır. Təbii ki, Azərbaycanda da belə olmuşdur. Artıq XX əsrin əvvəllərində milli müstəqillik və milli özünüidarəetmə uğrunda ədəbi-ictimai mübarizə əsası "Əkinçi” ilə qoyulmuş milli mətbuat şəbəkəsinin yaranması və genişlənməsi ilə qarşısıalınmaz dalğaya çevrildi. Milli ədəbiyyatla milli mətbuat arasında istiqlal amalı birliyinin əsası qoyuldu və bu birlik 1918-ci ildə bütün müsəlman aləmində ilk azad, demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyəti kimi, onun ilk rəsmi qəzeti "Azərbaycan” da müstəqil dövlətçilik ideyalarından doğuldu və fəaliyyəti müddətində vətən sevgisi, milli dövlətçiliyin qorunması onun başlıca mövzusuna və mübarizə xəttinə çevrildi. Bu baxımdan Üzeyir Hacıbəyli, Seyid Hüseyn, Məhəmməd Hadi, Cəfər Cabbarlı, Əhməd Cavad, Umgülsüm Sadıqzadə və digər ədəbiyyatçıların "Azərbaycan”la əməkdaşlığı, azadlıq fərəhli, istiqlal duyğulu yaradıcılıq örnəkləri bu gün də bədii-estetik ruhunu təzə-tər saxlayır.

Mətbuatın inkişafında ənənə və novatorluq əhəmiyyətli rol oynamaqla bərabər, prosesi şərtləndirən daxili və xarici amillər, onların qarşılıqlı münasibəti də xüsusi önəm daşıyır. Bolşevizmin təcavüzü və AXC-nin süqutu ilə "Azərbaycan” qəzeti də fəaliyyətini dayandırmalı olur. Azad mətbuat sıxışdırılıb sıradan çıxarılır, onun yerini senzuralı bolşevik mətbuatı tutur.

Mətbuat yalnız informasiya və mənəvi ünsiyyət vasitəsi deyil, o həm də yeni insan tərbiyəsində, yeni ictimai şüurun formalaşmasında mühüm rol oynayan ideologiya tribunasıdır. Azərbaycan xalqı müstəqilliyini əldə edəndən sonra milli ədəbiyyatla milli mətbuatın birliyi yenidən, bu dəfə "azərbaycançılıq” ideologiyası ətrafında, yeni cəmiyyət quruculuğu istiqamətində gücləndi. Müstəqil dövlətin rəsmi qəzeti əvvəl "Həyat”, sonra isə yenidən "Azərbaycan” adı ilə həyata qaytarıldı. Mürəkkəb tarixi şəraitdə, Mirzə Cəlil demiş, qələmin "müqəddəs vəzifəsini birinci növbədə millətin xoşbəxtliyi yolunda xidmət etməkdə”, "insanlarda yüksək bir qayə və ideal doğurmaqda” görən vətənpərvər yazarlarımızın məfkurə və mübarizəsi təqdirəlayiqdir. "Azərbaycan” qəzetinin yaradıcı kollektivi bu mübarizədə örnək olmağa çalışmış və bu gün də öz şərəfli missiyasını layiqincə yerinə yetirməkdədir. Ana vətənimizin istər bugünkü uğur və fərəhi, istərsə də problemləri və mübtəla olduğu Qarabağ dərdi onun adını daşıyan qəzetin problemləridir.

"Azərbaycan” qəzeti yalnız müstəqil dövlətçiliyimizin salnaməçisi deyil, həm də bu salnamənin yaradılmasında özünəxas rol oynayan düşüncə, fikir, məfkurə mərkəzi - enerji mənbəyidir. Bu mənbənin miqyası xalqın gücü, düşüncə, təfəkkür, məfkurə hüdudları ilə ölçülür. Milli ədəbiyyatla milli mətbuatın, o cümlədən "Azərbaycan” qəzetinin ideya-məqsəd birliyi bu miqyasda reallaşır. Bu baxımdan, "Azərbaycan” qəzetinin 100 illik bayramı, həm də Azərbaycan ədəbiyyatının, o cümlədən AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı İnstitutunun bayramıdır.

"100 yaşlı Azərbaycan” kitabının təqdimatına həsr olunmuş tədbirin keçirilməsinə görə AMEA-nın və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirən "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- Olduqca xoşdur ki, kitabın təqdimatı əlamətdar və tarixi hadisənin - Milli Qurtuluş Gününün ildönümü günlərində keçirilir. Heydər Əliyev 1993-cü ildə xalqın istək və tələbi ilə hakimiyyətə gəlməsəydi, nə müstəqil Azərbaycan dövləti olardı, nə də "Azərbaycan” qəzeti fəaliyyət göstərərdi. Biz bu təqdimata da yığışmayacaqdıq. Məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycan dövləti və "Azərbaycan” qəzeti 1920-ci ildəki taleyini yaşamaqdan xilas oldu. Bu mənada bugünkü təqdimatımız ilk növbədə ulu öndərin dövlətimiz qarşısındakı tarixi xidmətlərinin nəticəsidir.

"Azərbaycan” qəzetinin kollektivi bu kitabın ərsəyə gəlməsinə görə sizlərin timsalında ölkəmizdəki böyük ziyalı zümrəsinə, elm xadimlərinə, araşdırmaçılara minnətdardır. Çünki bu kitab məhz ziyalıların, alimlərin, mətbuat tədqiqatçılarının fədakarlığı sayəsində ərsəyə gəlib. Kitabda dərc olunan məqalələr, araşdırmalar, o cümlədən qəzetin hazırki fəaliyyəti ilə bağlı fikirlər bizim üçün əziz və qiymətlidir.

Çıxışlarda səsləndiyi kimi, "Azərbaycan” qəzeti müstəqil Azərbaycan dövlətinin rəmzlərindən birinə çevrilib. Yəni 1918-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə "Azərbaycan” qəzeti də fəaliyyətə başlamışdı. 1920-ci ildə Azərbaycan işğal olunanda "Azərbaycan” qəzetinin də nəşri dayandırıldı, adının çəkilməsi qadağan edildi. Azərbaycan müstəqilliyini bərpa edəndə "Azərbaycan” qəzeti də yenidən dövlətin rəsmi nəşri kimi işıq üzü gördü. Bu mənada "Azərbaycan” qəzeti dövlətimizin atributu və müstəqilliyimizin yaşıdı olan bir mətbuat orqanıdır.

Həsən bəy Zərdabi "Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının və jurnalistikasının əsasını qoydu. "Əkinçi” özünədək olmayan bir sıra məsələləri və mövzuları qəzet səhifəsinə çıxardı. Demokratik fikir və ideyaların, elm və maarifin təbliği, dini xurafata qarşı mübarizə yazıların ana xəttini təşkil edirdi. "Əkinçi”dən sonra onun yolunu davam etdirən qəzet və jurnallar mövzu dairəsini daha da genişləndirdi. Xüsusən 1905-1907-ci illər inqilabından sonra yaranan şərait nəticəsində meydana çıxan mətbu orqanlar məişətdən tutmuş siyasətədək, mədəniyyətdən iqtisadiyyatadək ən müxtəlif mövzularda yazmış, müzakirələr açmış, fikir və mövqelər bildirmişlər. Onlardan sonra yaranmasına baxmayaraq, "Azərbaycan” qəzetlər bolluğunda öz yerini tutmağa, milli mətbuatımıza yeni nəfəs və istiqamət gətirməyə, jurnalistikamızı janr və tematika cəhətdən daha da zənginləşdirməyə nail oldu. Qəzet fərdi maraqlara, partiya mənafeyinə yox, bütövlükdə dövlətə, xalqa xidmət etməyə başladı. "Azərbaycan”ın ilk redaktoru Ceyhun bəy Hacıbəyli bu məqamı nəzərdə tutaraq yazırdı: "Azərbaycan” bir firqənin, bir sinfin və ya bir kastanın orqanı deyildi. "Azərbaycan” milli bir orqan idi və feilən rəsmi hökumət heyətinin rəy və mülahizəsini izah edəcəyinə, öz yolunu sərbəstcəsinə cızıb, öz qənaətini bəyan edirdi”.

"Azərbaycan” həm də talesiz qəzetdir. 1918-ci ildə qəzeti böyük vətənpərvər insanlar yaradıb və burada çalışıblar. Həmin insanlar xaricdə təhsil alıb, vətənə qayıtmışdılar. Rusiyada, Fransada, Almaniyada, Qori Seminariyasında oxumuşdular. Onların amalı Azərbaycanı müstəqil, inkişaf etmiş dövlət kimi görmək idi və həyatları boyu bunun üçün çalışdılar. Onlarda nə qədər milli dəyərlərə bağlılıq və sədaqət olub, nə qədər müasir dünya görüşünə malik olublar, nə qədər onlar xalqa xidmət etmək eşqi ilə çalışıblar. Xalq Cümhuriyyəti dövründə "Azərbaycan” qəzetinin dörd baş redaktoru olub. Onlardan yalnız Üzeyir Hacıbəyli özünün musiqi dühası ilə sovet repressiyasından xilas ola bilib. Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli ömürlərini qürbətdə, sıxıntılar içərisində başa vurublar. Xəlil İbrahimin isə heç qəbrinin harda olduğu məlum deyil. Eləcə də "Azərbaycan” qəzetində çalışmış, məqalələrlə çıxış etmiş əksər müəlliflər sürgün olundular, repressiyaya məruz qaldılar, xaricdə yaşamağa məcbur oldular. Bax buna görə "Azərbaycan” qəzeti talesiz qəzetdir. Amma həmin adamlar ömürlərinin axırına qədər öz əqidələrinə sadiq qaldılar, vətən həsrəti ilə yandılar, ideallarından dönmədilər. Bu insanlar öz həyatları, fəaliyyətləri ilə bugünkü nəsil üçün nümunə yaratdılar və göstərdilər ki, vətən üçün xaricdə necə çalışmaq lazımdır.

Bildiyiniz kimi, kollektivimiz hələ 2008-ci ildə "Azərbaycan” qəzetinin 90 illik yubileyinə həsr olunmuş kitab hazırlayıb nəşr etdi. Həmin kitabda qəzetin Xalq Cümhuriyyəti dövrünə daha çox nəzər salınıb. 100 illik yubileylə bağlı hazırladığımız kitabda isə qəzetin həm də müasir dövrdəki fəaliyyətindən geniş bəhs olunur. Həmin məqalələr kifayət qədər fundamental, sanballı və mövzu baxımından rəngarəngdir. "Azərbaycan” qəzetinin fəaliyyətinin mərhələlərini, toxunduğu mövzuları, prinsiplərini və digər bu məsələləri mövzulaşdırmaq nəticəsində olduqca oxunaqlı məqalələr yazılıb. Məsələn, akademik İsa Həbibbəylinin məqaləsində bir neçə elmi işin tezisləri var. Bu mənada istəyimiz həm də odur ki, "Azərbaycan” qəzetinin fəaliyyəti elmi baxımdan da araşdırılsın, namizədlik və doktorluq işləri yazılsın. Bu gün buna həqiqətən ehtiyac var. Çünki elə bir dövrə gəlib çatmışıq ki, mətbuatın ənənələri, prinsipləri, sözün məsuliyyəti yox olmağa doğru gedir. Sosial şəbəkələr ortaya elə bir mənəviyyatsızlıq qoyublar ki, onun qarşısını mütləq almaq lazımdır. Ona görə istədik ki, "100 yaşlı Azərbaycan” kitabının təqdimatını və həm də müzakirəsini ziyalılarla, alimlərlə keçirək.

"Azərbaycan” qəzeti də yaranışından bugünədək qarşısına qoyulan tələblərə cavab verməyə çalışıb və daim buna uyğun yaradıcı kollektivi formalaşıb. Rəsmi dövlət qəzeti statusu daşıdığından "Azərbaycan”da səsləndirilən hər bir fikir, yanaşma, mövqe hökmən dövlətin mövqeyi ilə üst-üstə düşməlidir. Yeri gəlmişkən, jurnalistikamız üçün "sirr kimi” görünən bir məqama da toxunmaq istərdim. "Azərbaycan” qəzetində faktların təqdimi, şərhi, məsələyə yanaşmada xüsusilik, habelə materialların tərtibi, hansı səhifədə, hətta səhifənin harasında yerləşdirilməsi, ardıcıllığı və dizaynı ilə bağlı çox ciddi qayda və prinsiplər mövcuddur. Bunları bir yerə toplayıb sistemə salsan və "ümumi qaydalar” formasında tərtib etsən, heç qəzetin bir nömrəsinə belə sığışmaz! Lakin həmin qayda və prinsiplər heç bir jurnalistika nəzəriyyəsində yazılmayıb, jurnalistikaya dair heç bir dərsliyə düşməyib.

Deməli, bu qayda və prinsiplər heç bir universitetin jurnalistika fakültəsi və şöbələrində tədris edilmir, öyrənilmir. Bunların böyük əksəriyyəti ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, "yazılmamış qanun” səviyyəsinə yüksəlib! Ümummilli lider Heydər Əliyev daim redaksiyamızla əlaqə saxlayıb, tövsiyə, məsləhət və iradları ilə bizi öyrədib, peşəkarlığımızın yüksəlməsinə şəxsi töhfəsini verib. Jurnalist yaradıcılığına bu qayğını möhtərəm Prezidentimiz İlham Əliyevdən də görürük.

Onu da qeyd edim ki, "Azərbaycan” qəzetinin özünəməxsus elitar oxucu auditoriyası var. Bizim oxucularımız çox ciddi və tələbkardırlar. Hətta orfoqrafik səhvlərimizi belə bağışlamır, dərhal redaksiyaya zəng edərək bildirirlər. Oxucularımızın əsas hissəsi ziyalılar, alimlər, siyasətçilər, hüquqşünaslar, iqtisadçılar, dövlət məmurları, idarəetmənin müxtəlif pillələrində çalışan insanlar, öz sahələrinin biliciləri, mütəxəssislərdir. Bütün bunlar bizi daim məsuliyyətli, dəqiq və obyektiv olmağa sövq edir. Milli Məclisin qəzeti olmağımız da məsuliyyət yükümüzü xeyli artırır. Müstəqillik dövründə parlament tərəfindən minlərlə qanun və qərar qəbul olunmuş, müxtəlif komitələrin qanun yaradıcılığı ilə bağlı saysız-hesabsız iclasları, habelə plenar iclasları keçirilmiş, çoxsaylı qonaqlar təşrif gətirərək fikir mübadiləsi aparmışlar. Bütün bunlar "Azərbaycan” qəzetinin səhifələrində öz əksini tapmış, tarixə çevrilmişdir.

Mətbuat tarixini araşdıranlar "Azərbaycan”ın cümhuriyyət dövrünün ensiklopedik nəşri səviyyəsinə yüksəldiyini söyləyirlər. "Azərbaycan” bu gün də müstəqillik dövrünün ensiklopediyasıdır. Müasir tariximizin ən obyektiv və fədakar salnaməçisidir. Eyni zamanda mətbuat tariximizin böyük publisistika ənənələrinin müasir davamını da "Azərbaycan” qəzetinin səhifələrində görmək olar.

Yekun nitq söyləyən akademik İsa HƏBİBBƏYLİ diqqətə çatdırdı ki, alimlərin səsləndirdikləri dəyərli fikirlər tədbir iştirakçılarında "Azərbaycan” qəzetinin bir əsrlik tarixdə keçdiyi yolla bağlı aydın təsəvvür yaratmış oldu. O da bəlli oldu ki, "Azərbaycan” qəzeti bütün dövrlərdə mətbu sözün bütün imkanlarından bacarıqla və yaradıcılıqla istifadə edərək müstəqil respublikamızın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə şərəflə, məsuliyyətlə xidmət edib, bu gün də öz missiyasını uğurla davam etdirməkdədir:

- İndiki "Azərbaycan” qəzeti XXI əsrin yeni Azərbaycanının güzgüsüdür. Qəzetin siyasi-ideoloji xətti ölkəmizin digər mətbu orqanları üçün əsas oriyentirə çevrilib. Müstəqil dövlətçilk idealı mənasında "Azərbaycan” qəzeti vahid, konkret və aydın mövqeyə malik olan qəzetdir. "Azərbaycan” qəzetində nüstəqil Azərbaycanın nəbzi döyünür. Çünki azərbaycançılıq, müstəqillik, milli dövlətçiliyin möhkəmləndirilməsi, vətənpərvərlik, vətənə və torpağa sədaqət "Azərbaycan” qəzeti üçün əqidə işidir. "Azərbaycan” qəzeti ölkədə rəsmi dövlət nəşrinin mükəmməl nümunəsidir, cəmiyyətin bütün təbəqələrinin tribunasıdır. Bu qəzet müstəqil Azərbaycanın salnaməsi və ensiklopediyasıdır. Dövlət siyasətinin təbliğatında var gücü ilə çalışan, sözün qiymətini ucaldan bu mətbu orqanın 100 illiyinə həsr olunmuş kitab isə "Azərbaycan” qəzetinin abidəsidir.

Ölkəmizdə rəsmi dövlət mətbuatının, ümumilikdə isə KİV-in müdrik ağsaqqalı olan "Azərbaycan” qəzətinin kollektivini şanlı-şərəfli, məsuliyyətli və əhəmiyyətli bir əsrlik inkişaf yolunun tamamlanması münasibətilə ürəkdən təbrik edir, uğurlarının davamlılığını arzulayıram..

Sonda AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun hazırladığı Nizami Gəncəvinin "Leyli və Məcnun” əsərini "Azərbaycan” qəzetinə xatirə hədiyyəsi kimi təqdim etdi.

 

Azərbaycan.- 2019.- 21 iyun.- S.6-7.