Samuxda Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun xatirə lövhəsi açılıb

 

XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı - sərhədçi Eltun Xaləddin oğlu İsgəndərovun şəhid olmasının 10-cu ildönümü ilə əlaqədar qəhrəmanın doğulduğu Samux rayonunun Əhmədbəyli kəndində təntənəli mərasim keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mərasimdən əvvəl Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, DSX-nin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri, qəhrəmanın doğmaları şəhid sərhədçinin əziz xatirəsini yad edərək məzarı üzərinə tər çiçəklər, gül dəstələri düzüblər.

Sonra tədbir Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun adının verildiyi Əhmədbəyli kənd tam orta məktəbində qəhrəmanın xatirə lövhəsinin açılışı ilə davam etdirilib.

Mərasimdə çıxış edənlər 2009-cu il iyunun 18-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində bir qrup şəxsin dövlət sərhədini Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qanunsuz olaraq keçməyə cəhd göstərməsinin qarşısının alınması zamanı şəxsi şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 25 iyun tarixli 349 saylı Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildiriblər. Natiqlər Vətənimizin təhlükəsizliyinin təmin olunması kimi şərəfli bir vəzifəni yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Eltun İsgəndərovun keçdiyi xidmət yolundan, dövlət sərhədinin mühafizəsi zamanı göstərdiyi hünərdən söz açıb və onun bu şücaətinin gənc nəslə örnək olduğunu xüsusi vurğulayıblar.

Milli Qəhrəmanın atası Xaləddin İsgəndərov oğlu ilə fəxr etdiyini, ölkəmizdə Eltun kimi oğullarımızın sayının on minlərlə olduğunu deyib. O, şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirən şəxslərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirib.

Tədbirin sonunda məktəblilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilmiş bədii kompozisiya nümayiş etdiriblər.

 

Azərbaycan.- 2019.- 21 iyun.- S.9.