Bolqarıstanlı qonaqlar Xalça Muzeyindən və İşərişəhərdən
xoş təəssüratla
ayrıldılar
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament
Məclisinin 53-cü Baş
Assambleyasında iştirak
etmək üçün
Azərbaycanda səfərdə
olan Bolqarıstan Respublikası Xalq Məclisinin Sədri xanım Tsveta Karayançeva iyunun 20-də
Azərbaycan Xalça
Muzeyi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Maddi-mədəni irsimizlə
yanaşı, Muzey binasının orijinal görünüşü,
qeyri-adi ekspozisiya
zallarının quruluşu qonaqlarda xoş təəssürat
yaradıb.
Azərbaycan.- 2019.- 21 iyun.- S.9.