Ali məqsəd sosial güvənliyin tam təminatıdır

 

Prezident dedi və sözünə əməl etdi

 

O iqtisadiyyat iqtisadiyyat deyil ki, məramı, məqsədi, hədəfi əhalinin sosial güvənliyinin təminatı olmasın. Çünki bütün sahələrdə, xüsusən də iqtisadiyyatda nə edilirsə, hamısı insan, onun xoş güzəranı üçündür. Bəzən biz bu məlum həqiqətin fərqinə varmırıq və o üzdən hökumətdən hərdən incik düşürük, imkanından artığını gözləyirik, uman yerdən küsərlər deyib bu işdə bizimboynumuza düşən hansısa bir vəzifə olduğunu unuduruq. Unuduruq ki, dolanışığımız iqtisadiyyatımızın göstəricisi olduğu kimi, iqtisadiyyatımız da vəzifə və peşəmiz daxil hər birimizin fəaliyyətinin, işimizə münasibətin güzgüsüdür.

Bununla belə, dünyada bir sıra ölkələr var ki, onların iqtisadi gücü, imkanı əhalisinin sosial müdafiəsindən çox, siyasi və hərbi hikkələrinin, iddialarının təminatına yönəldilir. Amma tərkibində olduğumuz keçmiş SSRİ-nin, eləcə də bugünün bəzi hegemon ölkələrin keçmişyeni tarixi göstərir ki, iqtisadi qüdrətdən bu yöndə istifadənin sonu yoxdur. Ən azı o səbəbdən ki, xalq özünə iqtidar seçərkən tank və topların sayına yox, cibinə və təknəsinə baxıb səs verir.

Bu mənada Azərbaycanı, 30 ildən çoxdur qonşu ölkə ilə hərb şəraitində olmasına baxmayaraq, sosial ölkə hesab etmək mümkündür. Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan həmin siyasəti 15 ildən çoxdur Prezident İlham Əliyev ardıcıllıqla davam etdirir. Bu dövrdə sosial güvənliyin əsası olan əməkhaqları, pensiyalar, əlilliyə, işsizliyə, ailə başçısının itirilməsinə görə verilən müavinətlər, ödənişlər faizlərlə deyil, dəfələrlə artıb, yüz minlərlə yeni yerləri açılıb, Qarabağ savaşı üzündən ata-baba yurdlarından qaçqın və köçkün düşmüş soydaşlarımız üçün hər cür şəraiti olan şəhərciklər, qəsəbələr salınıb, ölkənin hər yerində birbaşa əhalinin sosial müdafiəsinə xidmət edən müasir xəstəxanalar, uşaq bağçaları tikilib, infrastruktur yaradılıb. Siyahını artırmaq da olar. Amma hər kəsin hər gün gördüyü, yaşadığı, xidmətlərindən istifadə etdiyi bütün bunları bir-bir sadalamağa ehtiyac yoxdur, xüsusən də belə tədbirlər ardıcıllıqla davam edirsə.

Hələ cari ilin əvvəlində İlham Əliyev bəyan etmişdi ki, 2019-cu il Azərbaycanın yeni tarixinə sosial tədbirlər dövrü kimi düşəcək. Həmişə olduğu kimi, Prezident bu dəfə də sözünün sahibi oldu. İlin ilk rübündə demək olar bütün sahələrdə əməkhaqları, eləcə də sosial müavinətlər və ödənişlər artırıldı. Ən əsası, ölkə üzrə minimum əməkhaqqı 180 manat müəyyən edildi ki, bu da 40 faiz artım demək idi. 40 faizlik artım eyni zamanda minimum pensiyanı əhatə etdi. Ölkə üzrə minimum pensiyanın məbləği 116 manatdan 160 manata yüksəldildi.

Amma bunlar da hələ hamısı deyildi. Dövlət başçısının "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində cari ilin aprel ayından 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri 100 faiz artırıldı. İndi həmin sərəncamdan ümumilikdə 576,8 min nəfər yararlanır. Bu isə dövlət büdcəsinə külli miqdarda (hər il təxminən 400 milyon manata) vəsaitə başa gəlir. Ümumiyyətlə, cari ilin əvvəlində İlham Əliyevin imzaladığı ilk sosial paket çərçivəsində büdcədən ayrılan 1,5 milyard manat hesabına 3 milyon nəfərdən çox vətəndaşımızın güzəranı yaxşılaşmışdır. Həmin 3 milyon nəfər isə ölkə əhalisinin, demək olar, bütün təbəqələrini əhatə edir.

"Bu il maaşlar, pensiyalar artırıldı bu proses davam etdiriləcək. Mən bildirmişəm ki, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi qane edə bilməz. Ona görə bundan sonra da minimum əməkhaqqı, minimum pensiya digər sosial müavinətlərin artırılması nəzərdə tutulur. İmkan daxilində biz bunu edəcəyik. Bu sahədə öz siyasətimizi ardıcıl şəkildə aparacağıq”.

Bu sözləri dövlət başçısı Nazirlər Kabinetinin cari ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləmişdir. İndi budur, həmin iclasdan təxminən iki ay sonra Prezident növbəti sosial paketini açıqladı. Bu paket çərçivəsində imzalanan 17 sərəncam İlham Əliyevin fəaliyyətinin əsasən əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində olduğunu bir daha sübut etdi. Təxminən 2 milyondan çox vətəndaşımızın sosial güvənliyinin artırılmasına xidmət edən bu sərəncamlar üçün dövlət büdcəsindən 2 milyard manatdan çox vəsaitin ayrılacağı nəzərdə tutulur.

Həmin sərəncamların əhəmiyyətindən danışarkən, ilk növbədə, təbii ki, minimum əməkhaqqının cari il ikinci dəfə 40 faiz artırılaraq 250 manata çatdırılması qeyd olunmalıdır. Bu artım birbaşa 950 minədək adamı əhatə edəcək. Onlardan 600 mini dövlət, 350 mini özəl sektorda işləyənlərdir. Eyni zamanda bu artım dövlət büdcəsindən maliyyələşən sahələrdə vahid tarif cədvəli müəyyən edilmiş aylıq vəzifə maaşları üzrə orta aylıq əməkhaqqının da təxminən 40 faiz yüksələrək 367 manata çatmasına imkan verəcək. Bütün bunlar dövlət büdcəsinə hər il 780 milyon manata başa gələcək. Onu da qeyd edək ki, Azərbaycanda sentyabrın 1-dən artırılacaq minimum əməkhaqqının məbləği MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq.

Başqa mühüm bir fakt: məlumdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Əmək pensiyaları haqqındaqanuna dəyişiklik edilməsini nəzərdə tutan layihə hazırlanaraq Milli Məclisə təqdim olunmuşdur. Təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda minimum pensiyanın məbləğinin cari il oktyabrın 1-dən 160 manatdan 200 manata qaldırılacağı gözlənilir. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumata görə, minimum pensiya məbləğinin artırılması 660 min pensiyaçını əhatə edəcək. Bu artım üçün təkcə cari ilin oktyabr-dekabr aylarında 62 milyon manat əlavə vəsait xərclənəcək. İllik isə həmin vəsaitin məbləği 216 milyon manat olacaq. Xatırladaq ki, bundan əvvəl dövlət başçısının qanunvericilik təşəbbüsü ilə ölkə üzrə pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116, bəzi kateqoriyalar üzrə isə 80 manatdan 160 manata çatdırılmış bu artımdan 233 min pensiyaçı bəhrələnir. Bütün bunlar deməyə əsas verir ki, yalnız cari il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım olacağı təmin edilmişdir.

Sosial paketə daxil olan növbəti mühüm sərəncamlar dövlət ümumi təhsil dövlət peşə təhsili müəssisələrində çalışıb diaqnostik qiymətləndirilmədən keçmiş müəllimlərin, eləcə idarəetmə təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqındadır. Təxminən 160 min nəfəri əhatə edən bu sərəncamlar nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı 605 manata çatacaq. Bunun üçün dövlət büdcəsindən illik 240 milyon, sərəncamın qüvvəyə minəcəyi sentyabr ayından cari ilin sonunadək isə 73 milyon manat vəsait ayrılacaq.

Prezidentin növbəti sosial paketi əhalinin müxtəlif təbəqələrini əhatə edir. Bu sosial paketə daxil olan sərəncamlarla sentyabrın 1-dən qeyd etdiyimiz təbəqələrdən savayı, bir sıra dövlət qulluqçuları, hərbi hüquq mühafizə orqanlarının əməkdaşlarının da aylıq əməkhaqlarının 20-50 faiz artırılması nəzərdə tutulur.

Sonda onu da bildirək ki, bu ilin əvvəlində qəbul olunmuş ilk sosial paket çərçivəsində ölkə əhalisinin güzəranının yaxşılaşdırılmasını təmin edən sərəncamlar qlobal iqtisadiyyatda baş verən meyillərin mənfi təsirini neytrallaşdırmağa yönəlmişdirsə, son sərəncamlar tamam başqa məqsədə - əhalinin gəlirlərinin artmasına yığım imkanlarının genişlənməsinə xidmət edir. Növbəti paket həm əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir göstərəcək ki, bu da dolayısı ilə ölkədə iqtisadi aktivliyin artmasına imkan verəcək.

 

Raqif MƏMMƏDLİ

 

Azərbaycan.- 2019.- 22 iyun.- S.1; 4.