Təhsil sahəsində kiçik
və orta biznesin
inkişafı müzakirə edilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şura tərəfindən iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən kiçik və orta biznes (KOB) subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda müzakirələr təşkil olunur.
AZƏRTAC xəbər verir ki, növbəti belə forum "Təhsil biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilib. Tədbirdə təhsil sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri, eləcə də Təhsil, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, müxtəlif qeyri-hökumət təşkilatlarının, KOBİA-nın İctimai Şurasının, Milli Elmlər Akademiyasının nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər. Forumda təhsil sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, ictimai şuraların və vətəndaş cəmiyyəti institutlarının rolu, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib.
Tədbirdə təhsilin insan kapitalının inkişafında mühüm rol oynadığı vuğulanıb, ixtisaslı mütəxəssislərin hazırlanması üçün təhsilin bütün mərhələlərində keyfiyyətin davamlı olaraq yüksəldilməsinə, peşə təhsili sisteminin KOB-ların ehtiyaclarına uyğun qurulmasına, KOB subyektləri üçün "ömür boyu öyrənmək” imkanlarının təmin edilməsinə, təhsildə dövlət-özəl tərəfdaşlığına dair müzakirələr aparılıb, təhsil sektoruna investisiya qoyuluşu, məktəblərdə innovativ strukturların yaradıması, müxtəlif təkliflər səsləndirilib.
Forumda çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının agentliyin əsas fəaliyyət istiqamətlərindən olduğunu bildirib. Qeyd edib ki, KOBİA-nın vəzifələrinin icrası bir çox istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır. Bu istiqamətlər bir çox sahələri əhatə etməklə sahibkarlıq ideyasının təbliği, sahibkarların maarifləndirilməsindən başlayaraq qabaqcıl dəstək modellərinin tətbiqi imkanlarının araşdırılması, ölkənin innovativ potensialının reallaşdırılmasına qədər olan böyük spektri əhatə edir.
Agentlik sədri tədbirdə bir sıra təkliflər də səsləndirib. Qeyd edib ki, KOBİA kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlər hazırlanmasında təhsil sektorunda fəaliyyət göstərən KOB subyektlərinin də potensialından faydalanmaqda maraqlıdır. Agentliyin strukturunda kiçik və orta biznesin inkişafı mərkəzlərinin (KOB İnkişaf Mərkəzi) yaradılmasında işlərə başlanılıb. KOB İnkişaf Mərkəzlərini özəl təhsil mərkəzi və müsissələrinin iştirakı ilə formalaşdırmaq olar. Agentlik təhsil biznesi sektorunda və vətəndaş cəmiyyəti institutları ilə KOB subyektlərinin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramlarının, metodiki vəsaitlərin hazırlanmasında birgə iştirakın təşkil edilməsində maraqlıdır. Hazırda "KOB kadr bankı”nın hazırlanması istiqamətində işlərə başlanıb. Məqsəd KOB subyektləri üçün tələb olunan peşələr üzrə ixtisaslı kadrlara dair ehtiyacları, o cümlədən əlavə təhsilə dair tələbatın həcmini, ölkə üzrə müxtəlif kadrlara dair məlumatları özündə əks etdirən sistemi yaratmaqdır.
KOBİA dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın icrası istiqamətində də təhsil sektorunda fəaliyyət göstərən özəl qurumlarla əməkdaşlıq edə bilər.
Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsilin inkişafı, bu sahədə görülən işlər, özəl təhsil müəssisələrinin fəaliyyəti barədə danışıb, ölkə qanunvericiliyinin təhsilin istənilən pilləsində özəl təhsil müəssisələrinin yardaılmasına və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan verdiyini qeyd edib.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilmə məqsədi, İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların fəaliyyət göstərdiyi müxtəlif sahələrdə belə formatda tədbirlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.
Agentliyin idarə heyəti sədrinin
müavini Nadir Adilov İctimai Şurada təmsil olunan assosiasiyaların
və qeyri-hökumət təşkilatlarının, eləcə
də belə forumlarda QHT-lər tərəfindən
səsləndirilən fikirlərin, rəy və təkliflərinin
diqqətlə öyrənildiyini qeyd edib.
Azərbaycan.- 2019.- 22 iyun.- S.3.