Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 8-ci iclası keçirilib

 

İyunun 21-də Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının səkkizinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov iclasın gündəliyində duran məsələlərdən danışıb. O, iclasın əsas məqsədinin BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunacaq ikinci Könüllü Milli Hesabatın təqdimatı və təsdiq edilməsi, həmçinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin səmərəli təşkili məqsədilə dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qruplarının tərkibinə yeni qurumların nümayəndələrinin daxil edilməsi məsələləri olduğunu deyib.

İkinci Könüllü Milli Hesabatın təqdimatının hazırlanması barədə məlumat verən Baş Nazirin müavini bildirib ki, Azərbaycan BMT-yə dayanıqlı inkişaf üzrə ikinci hesabat verən 14 ölkədən biri olacaq. Azərbaycanın sürətlə dəyişən gənc bir ölkə kimi bütün nailiyyətləri, eləcə də ölkəmizdə insan amilinin inkişaf etdirilməsi ilə bilavasitə əlaqədar olan məsələlər bu hesabatda öz əksini tapıb. Sənəddə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda sosial sahədə həyata keçirilən islahatlar, ölkə vətəndaşlarının sosial rifahının artımı üçün görülən tədbirlər geniş qeyd olunub. Sənədin yüksək peşəkarlıqla hazırlandığını deyən Baş Nazirin müavini bu sahədə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan işçi qruplarının fəaliyyətini də təqdirəlayiq qiymətləndirib.

Sonra gündəlikdəki hər iki məsələ ilə bağlı Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov təqdimat edib.

Təqdimatdan sonra Şura üzvlərinin çıxışları olub.

İclasda Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyü və qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirildiyi bildirilib.

Daha sonda ikinci Könüllü Milli Hesabat, həmçinin Şuranın dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qruplarının tərkibinə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin daxil edilməsi məsələsi Şura tərəfindən təsdiqlənib.

 

Azərbaycan.- 2019.- 22 iyun.- S.3.