Bakıda QDİƏT Parlament Məclisi
Baş Assambleyasının 53-cü
iclası işini başa
çatdırıb
İyunun 21-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament
Məclisi (QDİƏT PM) Baş
Assambleyasının 53-cü plenar sessiyası öz işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Qara dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə demokratiyanın möhkəmlənməsində ombudsman institutlarının rolu” mövzusunda məruzənin müzakirəsi zamanı çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, QDİƏT Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Azərbaycanda Ombudsman institutunun yaranması, fəaliyyəti və ölkəmizin insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Quliyev qeyd edib ki, Azərbaycan problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Deputat Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsinə də toxunub. Bildirib ki, ermənilər işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən azərbaycanlılardan birini öldürüb, ikisini isə girov götürüb. Bütün bunlar bir daha göstərir ki, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq, Azərbaycan itkilərə məruz qalır.
QDİƏT PM-də Türkiyə nümayəndə heyətinin rəhbəri Camal Öztürk və Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Yemelyanovun fikirləri dinlənildikdən sonra “Qara dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə demokratiyanın möhkəmlənməsində ombudsman institutlarının rolu” mövzusunda məruzə və məruzəyə dair tövsiyələr səsə qoyularaq qəbul edilib.
Sonra iclasda “Qara dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə pensiya təminatı sistemləri” mövzusunda müzakirələr aparılıb. Çıxış edən QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev Azərbaycanda aparılan pensiya islahatları, pensiya təminatı sistemi, bu sahədə tətbiq olunan yeniliklər barədə məlumat verib.
Serbiya nümayəndə heyətinin üzvü Aleksandra Belaçiç və Türkiyə nümayəndə heyətinin üzvü Metin Gündoğanın çıxışları dinlənildikdən sonra məruzə və ona dair tövsiyələr səsə qoyularaq qəbul edilib.
İclasda təşkilatın 2018-ci maliyyə ili üçün auditor hesabatı dinlənilib, 2019-cu ildə Baş Assambleyanın payız sessiyasının keçirilmə yeri, vaxtı və gündəliyi müəyyən edilib.
Tədbirin sonunda iclasa sədrlik edən Ukrayna nümayəndə heyətinin rəhbəri Refat Çubarov 53-cü Baş Assambleyanın yüksək səviyyədə keçirilməsinə görə Milli Məclisin sədri Oqtay Əsədova təşəkkürünü bildirib.
Bununla
da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının Bakıda
keçirilən 53-cü plenar
sessiyası işini başa
çatdırıb.
Azərbaycan.- 2019.- 22 iyun.- S.3.