Azərbaycanın elmi
jurnalı 254 beynəlxalq
nəşr arasında
10-cu yerdə qərarlaşıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin birgə təsis etdiyi “Applied and
Computational Mathematics” (“Tətbiqi və Hesablama Riyaziyyatı”) beynəlxalq
elmi jurnalı 254 beynəlxalq nəşr arasında 10-cu yerdə qərarlaşıb.
Dünyanın ən mötəbər elmi-analitik
informasiya bazalarından
olan “Clarivate Analytics”
(əvvəllər “Thomson Reuters”) 2019-cu il üçün
illik hesabatını açıqlayıb. Hesabat ötən
dövr üçün
sözügedən bazanın
siyahısında olan yenilikləri, siyahıya daxil olan və
xaric edilən elmi jurnallar, onların impakt faktorlarının (keyfiyyət
dərəcəsi) dinamikası
haqqında məlumatı
əks etdirir. Agentliyin son hesabatına əsasən,
Azərbaycanda dərc
olunan “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 2.365-dən qalxaraq
3.16-ya bərabər olub,
yəni jurnal 19-cu yerdən 10-cu yerə yüksəlib.
Jurnalın həmbaş
redaktoru akademik Fikrət Əliyev bildirib ki, Azərbaycan
Respublikası Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda dərc olunan bu jurnal Azərbaycan
elm tarixində ilk və
yeganə elmi nəşr olaraq 2008-ci ildə “Clarivate Analytics”in genişləndirilmiş
siyahısında yer alıb.
Qeyd edək ki, bu
göstərici (10-cu yer)
Avropa ölkələri
arasında 4-cü, keçmiş
sovetlər birliyində
birinci yeri təmin edir. Jurnalın bu
günədək 44 nömrəsi
çapdan çıxıb
ki, bu nömrələrdə
dünyanın 50-dən çox
ölkəsini təmsil
edən müəlliflərin
500-dək məqaləsi dərc
olunub.
Jurnalda tətbiqi və hesablama riyaziyyatının
müxtəlif sahələrinə
aid yüksək səviyyəli,
əsaslı rəydən
keçmiş elmi məqalələr çap
edilir. Nəşr olunduğu 18 il
ərzində jurnal 47
ölkədən 250-dən artıq elmi müəssisə ilə mübadilə həyata keçirib.
Azərbaycan.- 2019.- 22 iyun.- S.5.