Tarixin 22 iyun dərsləri
1941-ci ilin həmin günündə
keçmiş SSRİ-yə xaincəsinə
hücum edən Hitler
faşizminin aqibətindən indi Azərbaycan torpaqlarının bir hissəsini işğal
altında saxlayan erməni vandalları ciddi nəticə
çıxarmalıdırlar
78 il əvvəl iyunun 22-də faşist Almaniyası xaincəsinə keçmiş Sovet İttifaqına hücum etdi. SSRİ-nin bu savaşa girməsi ilə İkinci Dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Bu, Sovet İttifaqı tərəfindən xilaskar və ədalətli müharibə idi. Müharibə ümumxalq xarakteri daşıyırdı. SSRİ-nin bütün xalqları, o cümlədən Azərbaycan xalqı faşizmlə mübarizəyə qalxmışdı. Odur ki, bu müharibə Böyük Vətən müharibəsi adını aldı.
Dəhşətli savaş başlayanda Azərbaycanın minlərlə igid övladı "Müsəlləh əsgərəm mən də bu gündən” dedi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazılmışdı. Tarixin solmayan səhifələrində qalan bu və digər faktların, rəqəmlərin heç bir şərhə ehtiyacı yoxdur.
Lakin xalqımızın müharibədə iştirakı təkcə igid oğul və qızlarının odlu cəbhələrdə göstərdiyi qəhrəmanlıqla bitmirdi. Azərbaycanın özü də bir cəbhəyə çevrilmişdi - arxa cəbhəyə. Bu cəbhə o zaman ittifaqda birləşən bütün xalqların vətən dediyi ölkəyə düşmənə qarşı mübarizədə qələbə qazanmasında, sözün əsl mənasında, arxa-dayaq olmuşdu. Beləliklə, Azərbaycan həm birbaşa döyüş meydanında vuruşur, həm arxa cəbhədə işləyir, çalışır, əmək qələbələri qazanırdı.
Müharibə Azərbaycandan uzaqlarda, SSRİ-nin şimal-qərb regionlarında başlansa da, dünya ağalığına can atan Hitlerin əsas məqsədlərindən biri neft Bakısını ələ keçirmək idi. Faşistlər Qafqaza hücuma başlayanda feldmarşal Manşteyn demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”.
Elə bu böyük iştaha ilə də Hitlerin ad günü üçün bişirilən tortun üstündə Bakı şəhəri və Xəzər dənizi təsvir edilmişdi. Tortun ətrafına toplaşmış alman zabitləri onun Bakı təsvir edilmiş hissəsini dilim kimi kəsmiş və Hitlerin boşqabına qoymuşdular.
Qafqazın işğalı üçün tərtib edilmiş planının ("Edelveys” planı) həyata keçirilməsi faşistlərin A qrupu ordusuna həvalə edilmişdi. Bu plana əsasən, Qafqaz beş işğal rayonuna bölünməli və bunların sırasında Azərbaycana xüsusi önəm verilməli idi. "Ost” planına görə, Bakı 1941-ci il sentyabr ayının sonuna qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib onun neftini alman şirkətlərinin sərəncamına vermək məqsədini qarşıya qoymuşdular. Onlar hətta əvvəlcədən Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. 1941-ci il iyulun 16-da Hitler hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra hərbi məntəqəyə çevriləcək.
Faşistlər Bakını tuta bilmədilər. Çünki Hitlerin bu mənfur planının puç olması üçün Azərbaycan bütün varlığı ilə çalışdı, vuruşdu, mübarizə apardı. Tanınmış həmyerlimiz Nikolay Baybakovun dediyi kimi: "Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü”.
O illərdə Azərbaycanın bütün iqtisadiyyatı müharibənin tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qədər uzadılmışdı, məzuniyyətlər ləğv edilmişdi. Ərzaq və çoxişlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq olunurdu. Cəbhələrdə döyüşən əsgərlərin yerini istehsalatda qadınlar və yeniyetmələr, hətta qocalar tutmuşdular. Müharibənin ilk ilində təkcə neft sənayesində işləməyə 11 min qadın gəlmişdi.
Bütün sənaye sahələri
cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. O
zaman SSRİ-nin əsas
duru yanacaq - neft bazası olan
Bakının rolu xeyli
artmışdı. Belə ki, müharibə
illərində Bakı ölkə neftinin
70-75 faizini, benzinin
80-90 faizini verirdi.
Motorlu hərbi texnika,
demək olar ki,
Bakının verdiyi yanacaqla
işləyirdi. Başqa sözlə, 1941-1945-ci illərdə
Bakı ölkəyə
75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Ümumiyyətlə, bu şəhər
döyüşən ordunun
cəbbəxanalarından birinə
çevrilmişdi.
Bunlar 1941-1945-ci illər ərzində Azərbaycanın cəbhə
üçün etdiyinin
kiçik bir hissəsidir. Əslində isə Azərbaycan
xalqının bu müharibədəki igidlik
və hünərini
tam açıqlamaq üçün
hələ bundan sonra da ciddi
elmi və tarixi araşdırmalar gərəkdir.
Azərbaycan oğullarının bu müharibədə göstərdiyi
qəhrəmanlıqlar xalqımızın
yeni-yeni nəsilləri
üçün bir örnəkdir. Keçən əsrin 80-ci illərinin
sonundan üzübəri
mənfur qonşularımız
- erməni faşistləri
ilə vuruşub canından keçən yüzlərlə şəhidimiz
həmin o qəhrəmanların
genlərini daşıyır,
onların nəvə-nəticələridir.
Ürəyimizdən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsində, eləcə də sərhədyanı bölgələrimizdə
həyatını qurban
verən igidlərin hamısının adlarını
çəkmək keçir.
Rəmzi olaraq müxtəlif vaxtlarda şəhid olanlardan bir neçəsini xatırlayaq: Mübariz İbrahimov, Orxan Həmidov, Çingiz Qurbanov, Təbriz Musazadə, Aqil Omarov, Elşən Xəlilov... Bunların arasında Azərbaycanın
Milli Qəhrəmanı
adını alanlar da var, orden
və medallara layiq görülənlər
də. Amma hamısını birləşdirən bir şərəfli ad var - vətən fədaisi.
O vətən ki, hamısı onu müdafiə etməyi ən böyük vəzifə, ən şərəfli borc biliblər.
Bu igidlər İsrafil Məmmədovdan
dərs alıblar -
1941-ci ilin şaxtalı
dekabr günündə
tək bir döyüşdə 70-dən çox
faşisti məhv edib Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlıdan.
Stalinqradın müdafiəsində
snayper dəstəsi ilə vuruşan Baloğlan Abbasovdan və tank alayı ilə düşmənə
zərbələr endirən
Həzi Aslanovdan öyrəniblər qəhrəmanlığı.
Bu döyüşlərdə
hər ikisi Sovet İttifaqı Qəhrəmanı adını
almışdı. Sonra H.Aslanov
bu fəxri ada daha bir
dəfə layiq görüldü.
Şimali Qafqaz uğrunda döyüşlərdə
şücaət göstərərək
nəhəng sovetlər
ölkəsinin həmin
ən ali
mükafatını alan
Qafur Məmmədov və İdris Süleymanovun qəhrəmanlığı
da bugünkü gənclərimiz, yeniyetmələrimiz
üçün təkcə
tarix yox, həm də hünər və rəşadət dərsliyidir.
Bu siyahını
uzatmaq da olar. 1941-1945-ci illərdə
Azərbaycandan ordu sıralarına 640 min nəfər
səfərbər edilib
cəbhəyə göndərildi.
Onların 300 mindən çoxu
qələbə uğrunda
canından keçdi.
130 nəfər Azərbaycan vətəndaşı
Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görüldü.
30 nəfər "Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olundu. 170 min nəfər Azərbaycan əsgər və zabiti orden və medallar
aldı.
Həmin dövrdən onilliklər
keçməsinə baxmayaraq,
bu gün də Azərbaycanda elə bir ailə
tapmaq çətindir
ki, orada o böyük hərbin vurduğu yaralar ürəklərdə sızıldamasın. İndi
də evlərdə o
illərin qəhrəmanlarının
şəkilləri böyüdülüb
əzizlənir, xatirələri
uca tutulur...
Qoy o müharibənin acı dərsləri zəmanəmizdə
işğalçılıqla məşğul olan dövlətlər, işğalçılığa
səsləyən siyasətçilər
üçün bir görk olsun. "Özgə atına minən tez düşər”. Özgə torpağına
soxulan oradan qılınc-qalxanla qovulub
məğlub kimi çıxar, yaxud özgə torpağında
ömrünü şərəfsiz
ölümlə bitirər.
Budur bütün işğalçı müharibələrin
aqibəti, dərsləri!..
Flora SADIQLI
Azərbaycan.- 2019.- 22 iyun.- S.1; 6.