Güldürən ciddi adam
...O gecə xatirələr onu ötənlərə səsləyirdi. Aktrisa Nəsibə Zeynalova ilə dəvət olunduğu Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) keçirilən görüşdən evə dönmüş Lütfəli Abdullayev şam yeməyindən sonra bir-bir dost-tanışlarına zəng vurmuşdu. Telefonda ən son danışdığı şair Bəxtiyar Vahabzadə oldu. Ona dedi: "Bəxtiyar, Mahmudun yanına gedəcəm, sözün varsa, de, çatdırım”. Şair, deyəsən, aktyor dostunun sözlərindən bir şey anlamadı. Lütfəli Abdullayev dəqiqləşdirməli oldu: "Atan Mahmudu deyirəm də”. Onlar ikisi də şəkiliydi. Söhbətləri doyulmaz, zarafatları duzlu-məzəliydi. O gecə də şair dostunun sözlərini zarafat bildi. Bir az da söhbətləşib, sağollaşdılar.
Şəkidə keçən günlər
Lütfəli Abdullayev yorğun-yorğun gülümsədi. 1914-cü ilin 22 martında Nuxa (indiki Şəki) şəhərində başlanan həyat yolu onu haradan haralara gətirmişdi... Ata ocağı düşdü yadına. Ailədə üç bacı, üç qardaş idilər. Atası Əmir İrana gedib-gəlir, xalça alveri edirdi. Anası isə evdar qadındı. Lütfəli Abdullayev Şəkidə yeddiillik məktəbi bitirdi. Şəki fəhlə klubunda bir neçə ay həvəskar aktyor kimi müxtəlif tamaşalarda iştirak etdi.
On dörd yaşında
Bakıya üz tutdu. 1928-ci ilin sentyabrı idi. Xeyli vaxt xəyalında qurduğu bir arzu ilə gəldi
bu şəhərə. Hələ də
bir neçə ay qabaq Bakıdan Şəkiyə qastrol səfərinə
getmiş aktyor truppasının ifasında baxdığı
tamaşanın təsirindəydi. Aktyorlar Hüseynqulu
Sarabski, Sürəyya Qacar, Həqiqət Rzayeva, Əhməd
Anatollu o unudulmaz yay axşamında şəkili teatrsevərlərin
qarşısına Üzeyir Hacıbəylinin məşhur
"Arşın mal alan” operettası ilə
çıxmışdılar. Aktyorların
peşəkarlığı, musiqinin mükəmməlliyi on
dörd yaşlı Lütfəlini heyran qoydu. Tamaşadan sonra səhnə arxasına keçmək,
artistlərlə görüşmək istəyirdi. Küçəyə çıxan Əhməd
Anatollunu görəndə sanki ona dünyanı
bağışladılar. Aktyor Lütfəlini
yanına çağırdı, onunla danışdı.
Lütfəli Əhməd Anatollunu evlərinə
dəvət etdi.
O gecə təkcə
"Arşın mal alan” tamaşasından
danışmadılar. Gənc, həvəskar
aktyor təcrübəli aktyora fəhlələrlə birlikdə
tamaşalarda iştirak etdiyindən fərəhlə söz
açdı. Əhməd Anatollu onun teatr
sənətinə olan böyük məhəbbətini duydu.
Bir az sınaqdan da keçirdi. İstedadına əmin olduqdan sonra Lütfəli
Abdullayevə Bakıya gəlib burada musiqi təhsili
almağı, görkəmli sənətkarlardan bu sənətin
incəliklərini öyrənməyi məsləhət gördü.
Çin
çıxan arzular
Bakıda dayısı
oğlunun evində qalırdı. 1928-ci ilin
payızından Azərbaycan Dövlət
Konservatoriyasının nəzdində fəaliyyət göstərən
valtorna sinfinin məşğələlərində
iştirak etməyə və professor Berolskinin sinfində vokal
sənəti ilə məşğul olmağa başladı.
Müsabiqə ilə Opera və Balet
Teatrının xor truppasına qəbul edildi. Çox keçmədi ki, yardımçı aktyor
kimi sözsüz və epizodik rollarda oynamağa
başladı.
1938-ci ildə Moskvada Azərbaycan
incəsənəti ongünlüyü keçirildi. Lütfəli
Abdullayev də Opera və Balet Teatrının aktyorları ilə
birlikdə həmin tədbirdə iştirak etdi.
Həmin il Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli
Abdullayev truppaya qəbul olundu. 1949-cu ilin
yazında maliyyə çətinliyi üzündən teatr fəaliyyətini
dayandırdı. Lütfəli Abdullayev Milli
Dram Teatrında işləməyə başladı. Bu teatrın səhnəsində "Kimdir müqəssir?”də
Rəşid, "Köhnə dudman”da Tağı,
"Çiçəklənən arzular”da Nadir oldu. İki
ildən sonra Azərbaycan Dövlət Filarmoniyasının nəzdində
estrada ansamblı kimi çıxış
edən Muskomediya truppasına keçdi.
1956-cı ildə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və
rus bölmələri yenidən fəaliyyətə
başladı.
Teatrın bədii rəhbəri Şəmsi Bədəlbəyli
idi. Lütfəli Abdullayev Musiqili Komediya
Teatrının çox sevilən aktyorlarından biri oldu.
O, "Arşın mal alan”da Vəli, "Evliykən subay”da Kəblə
Heydər, "Əlli yaşında cavan”da Qulu, "Lənkəran
xanının vəziri”ndə Kərim, "Dərviş Məstəli
şah”da Qulaməli, "Toy kimindir?”də Qoşun,
"Gözün aydın”da Qəhrəman, "Hacı Kərimin
Aya səyahəti”ndə Hacı Kərim, "Bizə bircə
xal lazımdır”da Səbrəli, "Məmmədəli
kurorta gedir”də Məmmədəli, "Hicran”da Mitoş,
"İki ağanın bir nökəri”ndə Trufaldino,
"Hacı Qara”da Hacı Qara, "Şirin arzular”da Avo,
"Keto və Kote”də Çako və başqa rolları ilə
Azərbaycan teatr sənətində əbədi izlər
qoydu.
O, teatr səhnəsinə
çıxdığı andan tamaşaçıların
diqqət mərkəzində olurdu. Aktyorluq məharəti
ilə ifa etdiyi hər bir rola öz möhürünü
vururdu. İstedadı kinoaktyorluq fəaliyyətində
də seçilməyə, uğurlar qazanmağa yetdi.
Birinci dəfə 1945-ci ildə "Arşın mal alan” filmində Vəli rolunu canlandırdı. Ona kino sahəsində şöhrət gətirən
bu ilk roluna görə 1946-cı ildə SSRİ Dövlət
mükafatına (həmin vaxtlar Stalin mükafatı
adlanırdı) layiq görüldü. 1956-cı ildə
"O olmasın, bu olsun”da Baloğlan, 1960-cı ildə "Qəribə
əhvalat”da Kefcilov, 1962-ci ildə "Payız konserti”ndə
konsert təşkilatçısı, 1963-cü ildə
"Əhməd haradadır”da Zülümov, 1964-cü ildə
"Ulduz”da Məhəmməd kimi bir-birindən maraqlı
rollar oynadı. Lütfəli Abdullayev təsdiq
etdi ki, rolun böyüyü, kiçiyi yoxdur, aktyorun
istedadlısı, istedadsızı var.
O, cəmi altı filmdə çəkildi.
Teatr tamaşaçı ilə aktyor arasında
canlı ünsiyyət baxımından Lütfəli Abdullayev
üçün daha cəlbedici idi. Buna görə
deyirdi: "Mən tamaşaçını görməyəndə,
hiss etməyəndə özümü aktyor saya bilmirəm”.
Teatrın səhnəsində,
filmlərdə tərəf-müqabilləri çox oldu. Ancaq
onların arasında Nəsibə Zeynalovanın yeri
başqaydı. Lütfəli Abdullayev
tamaşalar zamanı improvizə etməyi sevirdi. Tərəf-müqabili Nəsibə Zeynalova olanda
bilirdi ki, aktrisa onu bircə baxışdan, bircə kəlmədən
anlayacaq.
Azərbaycanın
Çarli Çaplini
1943-cü il iyunun
17-də Lütfəli Abdullayev
yaradıcılığındakı uğurlara və Musiqili
Komediya Teatrının inkişafındakı xidmətlərinə
görə əməkdar artist, 1960-cı il mayın 24-də
isə xalq artisti fəxri adları ilə təltif olundu.
Onu Azərbaycanın
Çarli Çaplini adlandırırdılar. Sənətdə
hər gün yeni-yeni uğurlar qazanır, məşhurlaşır,
sevilirdi. Ancaq yaşı ötsə də,
evlənmirdi. Səbəbi maddi
imkansızlıq deyildi. 1948-ci ildə ona teatrdan ev də vermişdilər. Qazancı
da pis deyildi. Könlünə sonunadək
söz keçirə də bimirdi Lütfəli Abdullayev.
Bir sevdaya tutulmuşdu. Alman
dili mütəxəssisi Sevda xanıma aşiq idi. Sevda
Pepinova ilə 1943-cü ildə tanış
olmuşdu. Müharibənin ağır illəriydi.
Musiqili Komediya Teatrının
yaxınlığındakı yeməkxanada incəsənət
adamlarına xüsusi vəsiqə ilə yemək payı
verirdilər. Aktyor Lütfəli Abdullayev
özünün, Sevda xanım isə Azərbaycanın ilk
musiqişünas qadını, əməkdar incəsənət
xadimi olan anası Xurşid Ağayevanın vəsiqəsi ilə
bura gəlirdilər. Bir gün Lütfəli
Abdullayev onu "Ürəkaçanlar” tamaşasının
premyerasına dəvət etdi.
Sevda xanımın babası
Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycanın
ilk əmək naziri olmuşdu. Tanınmış
publisist, ictimai xadim Ömər Faiq Nemanzadə dayısı
oğluydu. Böyük türkçü
olduqlarına, doğma milləti azad görmək istədiklərinə
görə sovet hakimiyyəti onların həyatını məhv
etmişdi. Sevda xanım nənəsi Xədicə
xanımın ümidinə qalmışdı. Bu əsilli-nəcabətli, məğrur xanım sadə
bir ailədən çıxmış aktyorun onun nəvəsinə
elçi düşməsindən hiddətləndi. Onun "yox” cavabı Lütfəli Abdullayevin
ümidini qıra bilmədi. Ancaq
elçiləri hər dəfə əliboş
qayıdırdı. Bundan sonra da beş
il görüşdülər. Lütfəli Abdullayevin
qoşulub-qaçmaq təklifini Sevda xanım qəbul etmədi,
əziyyətlərinə qatlaşan nənəsinin
üzünə ağ olmadı...
Bu sevdanın yolunda onlar çox əziyyət
çəkdilər, 13 il ayrılıq əzabına
dözdülər və nəhayət, tale üzlərinə
güldü. Xədicə xanımın
xeyir-duası ilə evləndilər. Xurşid
və Gülnarə adlı iki qızları oldu.
Ailədə çox
xoşbəxt idi Lütfəli Abdullayev. Onu sevən,
anlayan həyat yoldaşı, iki mehriban qızı var idi.
Səhnədə komik rolların
ifaçısı kimi tanınan aktyor evdə ciddi ailə
başçısı və tələbkar ata idi. Amma
onun ailəcanlılığını,
qayğıkeşliyini görən Xədicə xanım son
günlərində etiraf etdi: "Mənim həyatda bir səhvim
var ki, Lütfəlini vaxtında tanımamışam”.
Lütfəli Abdullayev
bacardığı qədər hər kəsə kömək
əlini uzadar, yardım edərdi. Bir xasiyyəti də var idi: istəyirdi
ki, evi qonaqlı olsun. Müdrikliyi, hazırcavablığı,
şirin söhbətləri, zarafatları ona dostlar
qazandırmışdı. Dostlarının
arasında Azərbaycanın məşhur sənət
adamları da çox idi.
Həyat sevgisi güclü
olan bu üzügülər insanın canındakı
ağrılardan çoxunun xəbəri yox idi. Qanında
şəkər xəstəliyi tapılanda həkim ona pəhriz
saxlamağı məsləhət gördü. Aktyor
soruşdu: "Deyirsən mən ölməyəcəyəm?”
Özü də öz sualına cavab verdi:
"Onsuz da öləcəyəm, qoy heç olmasa tox
ölüm”.
...O, gecə saat 1-ə işləmiş
ürək ağrısından şikayətlənəndə
də əvvəl elə bildilər şəkər xəstəliyindəndir.
"Təcili yardım”
çağırdılar. Şəmsi Bədəlbəyli
Moskvaya zəng etdi. Təyyarə ilə
Kreml xəstəxanasına aparacaqdılar. Amma bu dəfə gələn ağrılar nə
ürəyindən, nə də şəkər xəstəliyindən
imiş. Beyninə qan
sızıbmış. Bunu həkimlər də sonradan dərk
elədilər...
Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da dünyasını dəyişdi. O günü həyatının ən gözəl günlərindən biri kimi gözləyirdi. Çünki həmin gün çox sevdiyi Sevdasının növbəti doğum gününü qeyd edəcəkdilər... Sevda xanım ondan sonra 30 il yaşadı. Və heç bir zaman həyat yoldaşının yoxluğuna alışa bilmədi. Ömrünün sonunadək ona yas saxladı.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.- 22 iyun.- S.7.