Operanın Koroğlusu “Azərkitab”da
xatırlandı
SSRİ xalq artisti
Lütfiyar İmanov dünya azərbaycanlılarının sevimlisi idi
Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən
biri, görkəmli
opera müğənnisi, SSRİ xalq artisti, "İstiqlal” ordenli professor Lütfiyar İmanovun anadan olmasından 90 il keçir.
"Azərkitab” kitab təbliğatı mərkəzində "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə yubilyara həsr edilən tədbir keçirilib. İctimai birliyin prezidenti Tofiq Əlizadə onun Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərini xatırladarkən vurğulayıb ki, dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazmış Lütfiyar İmanov səs imkanlarından məharətlə yararlanaraq obrazların mənəvi aləmini dolğunluqla yaratmağa müvəffəq olub: "Opera sənətinin korifeyi, tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi Lütfiyar İmanovun ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir. Ölməz opera müğənnisi sənətinə məhəbbəti ilə şöhrətləndi və zirvəyə ucaldı. İlk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqili Teatrının səhnəsində "Beş manatlıq gəlin” tamaşasında oynayan balaca Lütfiyar hələ 12 yaşında olarkən dahi Bülbülün "Səni gördüm, aşiq oldum” mahnısını plastik valda dinlədikdən sonra həmin oktavada həvəslə oxuyub. Bir ildən sonra isə o, Bakıya at arabası ilə gələrək Bülbülün obrazında Koroğlunu görüb və geri qayıdıb. Özü deyirdi: "Koroğlunun 7777 dəlisindən biri də mənəm”.
On səkkiz yaşında ilk dram dərnəyini yaradan Lütfiyar İmanov Dövlət Estrada Orkestrində, sonra Musiqili Komediya Teatrında çalışdığı zaman, daha doğrusu, 1958-ci ildə xalq artisti maestro Niyazinin diqqətini cəlb edir.
Qızıl səsli Lütfiyar İmanovun ünsiyyət qurduğu dostları - xalq artistləri Ramiz Quliyev, Canəli Əkbərov, Həmidə Ömərova, şairlər Oqtay Rza, Ramiz Abdullayev, Yağmur Xəzan, Tahirə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Yeganə Qəhrəmanova, QHT rəhbərlərindən Mehriban Abdullayeva, Könül Məmmədzadə və başqaları böyük sənətkarın yaradıcılıq irsindan söz açıblar. Sonra Lütfiyar İmanovun həyat və fəaliyyətini əks etdirən videosüjet nümayiş etdirilib.
Yubilyarın oğlu, musiqişünas Rauf İmanov atasını sənətkar-şəxsiyyət müstəvisində xarakterizə edərkən bəzi tarixi faktlara da diqqət yetirdi: "1959-cu ildə Moskvada tamaşaya qoyulan "Koroğlu” operasında baş rolun ifaçısı olduqdan sonra onun səs diapozonu və aktyorluq məharəti bir daha üzə çıxıb. Məhz bunun nəticəsi idi ki, sonradan atam 30-dan artıq operada baş rolun ifaçısı olub. 1975-ci ildə o, altı ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçib. 1991-1995-ci illərdə isə Türkiyənin İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsi keçən Lütfiyar İmanovun yaradıcılığı çoxşaxəli olub. O, xalq mahnılarının ifaçısı kimi də tanınırdı”.
Bəli, xalq artisti Lütfiyar İmanov səhnə üçün doğulan sənətkarlardan idi. Məhz ona görə F.Əmirovun "Sevil” operasında Balaş, C.Cahangirovun "Azad”ında Ayaz, S.Ələsgərovun "Bahadur və Sona”sında Bahadur müğənninin parlaq şəkildə yaratdığı opera partiyalarıdır. 1978-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2019.- 22 iyun.- S.7.