Tutu yeyin doyunca...

 

Azərbaycanın hansı kəndində, şəhərində böyüməyimizdən asılı olmayaraq, budaqlarını əyib, yaxud silkələyib şirin meyvələrini ləzzətlə yediyimiz tut ağacı ilə bağlı bəlkə də hər birimizin uşaqlıq xatirələri var.

Tut ağacı Gəncədə, Şəkidə, Naxçıvanda, Abşeron bağlarında, həm aran, həm dağ bölgələrində, bir sözlə, demək olar ki, yurdumuzun başqan-başa hər yerində bitir. Sadəcə olaraq, ayrı-ayrı məkanlarda ağaclar növünə - böyüklüyünə-kiçikliyinə, meyvələrinin rənginə, iriliyinə-xırdalığına, dadına görə bir-birindən fərqlənir. Bu ağacların barı tut, qara tut, xar tuts. kimi tanınır. Başqa sözlə, vətəni ÇinYaponiya olsa da, tut ağacı Azərbaycan torpağında dərin kök atıb və qədim zamanlardan becərilir.

Tutu dərdlər dərmanı, yaralar məlhəmi adlandırırlar. Bu meyvədən həqiqətən də qanazlığında, maddələr mübadiləsinin bərpasında, öd yolları xəstəliyində, piylənmənin nizamlanmasında və digər xəstəliklərdə müalicə vasitəsi kimi istifadə olunur. Xalq təbabətində tuta geniş yer verilir. Onun yarpaqlarının dəmləmələri diş ağrısında ağrıkəsici, soyuqdəymədə hərarətsalıcı kimi işlədilir.

Tut nadir ağacdır ki, onun təkcə meyvəsi deyil, yarpağı, budağı, oduncağı da çox qiymətlidir. Məsələn, ipəkqurdu yalnız tut yarpağı ilə qidalanır. Tutun qurumuş budaqlarının təndirdə və manqalda əvəzi yoxdur. Tut ağacından bir sıra məişət əşyaları - ət döymək üçün toxmaq, təhnə, xəlbir və ələyin sağanağı və s. hazırlanır.

Tutun meyvəsi adətən təzə halda yeyilir. Bununla belə, tutdan mürəbbə bişirir, meyvələrini qurudub qışa tədarük edirlər. Doşabı isə bir çox dərdlərin dərmanıdır.

"Doşab almışdıq, bal çıxdı”, "Tut yemədim doyunca” və folklorumuzda tutla bağlı digər deyimlərin təkcə məcazi deyil, həm də birbaşa mənası var. Yəni yaxşı doşabın dəyəri heçbaldan əskik deyil. Yaxud tutu doyunca yeməmək yalnız təəssüf doğuran haldır, çünki onun faydası çoxdur. Ona görə də tutu sevin, doyunca yeyin.

 

Azərbaycan.- 2019.- 22 iyun.- S.8.