Sosial sahədə inqilabi addımların növbəti mərhələsi

 

Yeni sosial paket İlham Əliyevin ölkə vətəndaşlarının güzəranının daha da yaxşılaşdırılmasına olan həssas diqqətinin növbəti təcəssümüdür

 

Prezident İlham Əliyevin hər bir sahədə inkişafa nail olmaq üçün keçirdiyi islahatlar uğurlu nəticələr verməklə Azərbaycanın dinamik yüksəlişinə səbəb olub. Bu siyasət 2019-cu ilin əvvəllərindən olduqca mühüm nailiyyətlərlə əlamətdardır və həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub.

 

Artan vəsaitlər sosial sahəyə yönəldilir

 

Bu baxımdan artıq yarısı başa çatmaqda olan 2019-cu ilin iqtisadi mənzərəsi Azərbaycanın qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyən bir ölkə olduğunu nümayiş etdirir. Bu dövrün iqtisadi statistikası İlham Əliyevin həyata keçirdiyi inkişaf kursunun praktikada özünü tam doğrultduğunu ortaya qoyur. Lakin cənab İlham Əliyev islahatların yalnız iqtisadi sfera ilə məhdudlaşmayaraq digər sahələrdə də həyata keçirilməsini məqsədəuyğun sayır. Çünki inkişaf yalnız bir istiqaməti əhatə etməli deyil, kompleks xarakter daşımalıdır. Məsələn, bu ilin əvvəllərindən struktur islahatlarına başlanılması, bir sıra dövlət orqanlarının ləğvi, bəzilərinin birləşdirilməsi və ya bazalarında yenilərinin yaradılması göstərir ki, islahatlar həm də dövlət idarəçiliyini əhatə edir.

İnsanın həyatını yaxşılaşdırmağa xidmət etməyən heç bir iqtisadi inkişaf öz məqsədinə, yüksək amallarına nail ola bilməz. Ona görə vətəndaşların sosial rifahının yaxşılaşdırılması, həyat tərzinin dəyişdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biridir. Bu baxımdan bu ilin əsas diqqətçəkən məqamları Azərbaycanda baş verən sosial hadisələrdir. Belə ki, bu hadisələrin hər biri öz inqilabi mahiyyəti ilə ölkənin sosial həyatında ciddi rezonans doğurdu. Reallıq ondan ibarətdir ki, Azərbaycanda son illərdə aparılan mükəmməl iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarımızın əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Və cənab Prezident ilk növbədə bu vəsaitləri məhz sosial sahəyə yönəldir.

Amma budəfəki artımlar çəkisinə görə daha sanballı və əhatə etdiyi əhali qrupları baxımından daha genişdir. Məsələn, bu ilin əvvəllərindən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləğinin 58 manat artırılaraq 300 manat müəyyən edilməsi, minimum əməkhaqqının məbləğinin 50 manat artırılaraq 180 manata çatdırılması, əmək pensiyalarının minimum məbləğinin 38 faiz artırılaraq 116 manatdan 160 manata çatdırılması, təqribən 100 minə yaxın tələbənin təqaüdünün artırılması, Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması bu ilin yanvar-fevral aylarında Prezidentin verdiyi sosial qərarların ayrı-ayrı nümunələridir. Bundan başqa, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılması təsdiqləyir ki, bu qərarlar bütün sosial qrupları əhatə edir.

Sosial müavinətin məbləğinin valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 146 manatdan 300 manata çatdırılması bu siyahını bir qədər də genişləndirir.

 

17 sərəncamın yer aldığı növbəti sosial paket

 

İqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası dövlət başçısının bəyan etdiyi sosial-iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırdı. Bu ilin fevralında keçirdiyi müşavirədə Prezident İlham Əliyev vətəndaşların sosial rifahının yüksəldilməsi ilə bağlı addımların bundan sonra da atılacağını bəyan etdi: "Biz əlavə gəlirləri ilk növbədə vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”.

İyun ayının 18-də Prezident İlham Əliyev imzaladığı 17 sərəncamla əhalinin müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi təsdiq etdi. Beləliklə, sosial sahədə ilin əvvəlində atılan inqilabi addımların yeni mərhələsinə start verildi. Yeni sərəncamların əhatə dairəsi belədir:

- minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılır;

- dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırılır;

- hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz artırılır;

- dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır;

- dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır.

 

Minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı əhatə edəcək

 

Bu ilin fevralınadək minimum əməkhaqqı ölkədə 130 manat təşkil edib. Fevralın 8-dən artımla 180 manata çatdırılıb. Prezidentin son sərəncamı ilə isə minimum əməkhaqqı bu il sentyabrın 1-dən 250 manat təşkil edəcək. Bu, respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır.

Qeyd edək ki, bu artımla ölkədə minimum əməkhaqqının məbləği yaşayış minimumunu 40 faizədək üstələyəcək. Beləliklə, minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə əməkhaqqının orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Xatırladaq ki, minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Artımdan sonra Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə 2-ci yerdə qərarlaşacaq. Xatırladaq ki, fevral ayındakı artım 600 minədək insanı əhatə etmişdi.

Minimum aylıq əməkhaqqının artırılması ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edirbu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.

 

Yeni sərəncam müəllimlərin əməkhaqqının 605 manata çatmasına imkan verir

 

Prezident İlham Əliyevin sosial islahatlar paketinin yeni uğurlu nəticələri, sosial müdafiə sahəsində atılan mühüm addımlar müəllimləri də əhatə edir. Dövlət başçısının iyunun 18-də imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar bu istiqamətdə daha bir əhəmiyyətli addımın atılmasına imkan verib.

"Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamda həmin müəllimlərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması tapşırılır. Bu sərəncam ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, cari il (sentyabr-dekabr ayları) üzrə 73 milyon manat vəsait ayrılacaq.

"Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncam qeyd olunan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.

Hər iki sərəncam ümumən ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması tədbirlərinin getdikcə geniş vüsət aldığını, dövlət başçısının siyasətinə uyğun olaraq, dinamik iqtisadi inkişafın ilk növbədə vətəndaş rifahının təminatı hədəfinə yönəldildiyini təsdiq edir.

 

Pensiyanın minimum məbləği 200 manata çatdırılır

 

Prezident cənab İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti inqilabi addımların atılmasına imkan verən sosial islahatlar paketi cari il ərzində minimum pensiyanın məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılmasına da şərait yaradıb. Belə ki, dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.

Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artım üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artım ölkə rəhbərinin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.

Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilir. Əmək pensiyasının minimum məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması Prezidentin "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” bəyanatının əməli müstəvidə, əhalinin, o cümlədən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi irəliləyişləri şərtləndirən ardıcıl addımların atılmasında öz təsdiqini tapdığını göstərir.

Dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət-vətəndaş etimad mühitini dərinləşdirməklə, aparılan sosial siyasətin alternativsiz olduğunu sübut edir. Yeni sosial paket dövlət qulluqçuları, hərbi və hüquq mühafizə orqanları əməkdaşları da daxil olmaqla 2 milyon nəfərə qədər vətəndaşı əhatə edəcək. Beləliklə, İlham Əliyevin təsdiqlədiyi növbəti sosial paket dövlət başçısının öz vətəndaşının sosial rifahının daha da yaxşılaşdırılmasına olan həssas diqqətinin növbəti təcəssümü kimi yadda qaldı. Eyni zamanda, bir daha göründü ki, dövlətin sosial siyasəti ardıcıl və sistemlidir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 23 iyun.- S.1; 4.