Xəzərin perspektiv
strukturları: “Dayazsulu Abşeron”
2014-cü il dekabrın 22-də SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılması və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanmışdır.
Bu, Azərbaycanın neft-qaz sənayesi qarşısında duran əsas vəzifələrdən biri - Xəzərin ölkəmizə məxsus sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması istiqamətində atılan mühüm addımdır.
"Dayazsulu Abşeron” üzrə sazişini imzalamaqda məqsəd həm Azərbaycanın, həm də BP şirkətinin qarşılıqlı faydalanmaları üçün ölkəmizin karbohidrogen ehtiyatlarının tam işlənməsini təmin etməkdir. Saziş imzalanandan bir neçə ay sonra Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Sazişə əsasən, müqavilədə "BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkətinin və SOCAR-ın hərəsinin 50 faizlik iştirak payı var. Bu sənəd 30 illik müddəti əhatə edir.
"Dayazsulu Abşeron”un müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Həmin ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr təşkil edir.
Dövlət Neft Şirkətində hesab edirlər ki, "Dayazsulu Abşeron”un işlənməsi ilə SOCAR və BP arasında əməkdaşlığın yeni mərhələsi başlanmışdır. Bu mərhələ yeni ehtiyat mənbələri aramaqla Azərbaycanda neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etmək üçün birgə işləməyə imkan yaradacaq. Bu da ölkəmizdə neft hasilatının daha onillərlə davam etməsinə töhfə verəcək.
BP də həmçinin "Dayazsulu Abşeron”u SOCAR-la tərəfdaşlığında yeni bir dövrün başlanğıcı adlandırır.
Dörd il əvvəl HPBS Milli Məclis tərəfindən ratifikasiya olunandan dərhal sonra müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanmışdır. 2015-ci ilin dekabr ayında ikiölçülü seysmik tədqiqat proqramı təhlükəsiz şəkildə sona çatdırılmışdır. Üçölçülü seysmik tədqiqat proqramı üzrə Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin ictimai müzakirələri aparılmışdır.
Üçölçülü seysmik tədqiqat proqramı 2016-cı il mayın 31-də başlanmış və dekabrın 27-də müvəffəqiyyətlə yekunlaşmışdır. Bu tədqiqat 1300 kvadratkilometr ərazidən üçölçülü məlumatın əldə olunmasını əhatə etmişdir. Tədqiqat proqramı BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes - ISSNtm) texnologiyası vasitəsilə həyata keçirilmişdir.
2016-cı ildə ərazidən əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin dördüncü rübündə yekunlaşmışdır. SOCAR-la Perspektivlik haqqında bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində üç perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilmişdir. Artıq quyuların qazılacağı yerlər də məlumdur.
BP Azərbaycan şirkətinin geoloji kəşfiyyat üzrə meneceri Arzu Cavadova "Dayazsulu Abşeron”un böyük layihə olduğunu və onun üzərində uzun müddətdir iş aparılmasının təsadüfi olmadığını deyir:
- Bütün ərazi boyu seysmik tədqiqat işləri aparılıb, quyuların qazılması üçün artıq üç perspektiv sahə seçilib və orada kəşfiyyat işləri davam edir. Kəşfiyyat quyularının birinin qazılacağı yer Bibiheybət dəniz sahəsidir. Digər iki quyu isə Abşeron yarımadasının şərq hissəsində - Qarabatdaq və Şimali Xalı deyilən ərazilərdə qazılacaq.
"Dayazsulu Abşeron” əməliyyatçısı olan BP şirkətinə dünyanın digər yerlərində dayazsulu ərazilərdə geoloji-kəşfiyyat işlərinin aparılması, həmin ərazilərin işlənməsi zamanı qazandığı geniş təcrübə və səriştədən, eləcə də sənayedə mövcud olan ən qabaqcıl texnologiyalardan istifadə etməyə imkan yaradır.
"Dayazsulu Abşeron” neftlə, yoxsa qazla zəngindir? Mütəxəssislər strukturun sərvətinin neft olacağını ehtimal edirlər. Qazma yaxın aylarda başlanacaq və mərhələlərlə aparılacaq.
Flora SADIQLI,
Azərbaycan.- 2019.- 23 iyun.- S.1; 3.