Prezident İlham Əliyev: “Azərbaycan özünün tarixi ilə
qürur duyur”
Azərbaycan özünün tarixi ilə qürur duyur. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə əsrlərboyu sülh və ləyaqət şəraitində yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz həmin mədəni müxtəlifliyi özündə əks etdirir. Bizim gücümüz mədəni müxtəlifliyimizdədir. Multikulturalizmin alternativi yoxdur.
AZƏRTAC xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 86-cı kitabında yer alan bu fikirlər dövlət başçısının 2018-ci il aprelin 5-də "Qoşulmama hərəkatı”nın Bakıda keçirilmiş nazirlər konfransının açılış mərasimindəki nitqindən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin mart-may aylarını əhatə edir.
Kitabda Prezident İlham Əliyevin Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasında çıxışının mətni, qardaş ölkəyə rəsmi səfəri çərçivəsində sənədlərin imzalanma mərasimi haqqında məlumat, Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri yer alıb.
Nəşrə dövlət başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfərinə, habelə Azərbaycana səfər etmiş İran İslam Respublikası Prezidenti ilə görüşünə dair informasiyalar, Azərbaycan-İran biznes-forumunda söylədiyi nitqin mətni daxil edilib.
Çoxcildliyin 86-cı kitabında Prezident İlham Əliyevin Belarus, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Rusiya və digər dövlətlərin, NATO-nun, ATƏT-in, Şanxay Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Memarlar İttifaqının, Dünya Turizm Təşkilatının Azərbaycana səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair məlumatlar toplanıb.
Kitabda, həmçinin 2018-ci ilin aprelində keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunları, növbəti müddətə Prezident seçilmiş İlham Əliyevin andiçmə mərasimi barədə materiallar verilib.
Oxucu bu nəşrdə ölkə rəhbərinin Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqinin mətni, Xaçmaz və Xızı rayonlarına səfərləri haqqında informasiyalarla da tanış ola bilər.
Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsinin mətni, Azərbaycanın Pravoslav xristian icmasına Pasxa bayramı münasibətilə təbriki, "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beşinci beynəlxalq elmi konfransın iştirakçılarına məktubu və digər məktubları da çoxcildliyin 86-cı kitabına daxil edilib.
Bu kitabda Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə dövlət başçısının söylədiyi nitqlərin mətnləri yer alıb.
Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən
buraxılan 86-cı kitabın hazırlanmasında Azərbaycan
Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.- 2019.-23 iyun.- S.2.