Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir

 

23 iyun dövlət qulluqçularının peşə bayramı günüdür

 

Son zamanlar sosial-iqtisadi proseslərin dinamikliyi sayəsində innovasiyalar ictimai həyatın bütün sahələrinə nüfuz etməkdədir. İnnovativ fəaliyyət mədəni-sosial mühiti yeniləməklə fərdlərdə və sosial qruplarda innovativ davranış formalaşdırır, eyni zamanda, sosial münasibətlərin xarakteri və dinamikasını dəyişir. Bu baxımdan dövlət idarəçiliyində yenilik axtarışları zamanın tələbidir və istər ölkəmizdə, istərsə də dünyada prioritet məsələlərdəndir.

Ölkəmizdə dövlət idarəçiliyi sahəsində innovasiyaların tətbiqi məsələsinin aktuallığı ilk növbədə dövlətin inkişaf strategiyası ilə bağlıdır. Burada başlıca məqsəd bir tərəfdən daxilixarici problemləri həll edə biləcək güclü dövlətin yaradılması, digər tərəfdən hüquqi, demokratik, sosialyönümlüxalqa tabe olan dövlət qurumunun formalaşdırılmasıdır. Aydındır ki, qarşıya qoyulan məqsədin həlli bir çox hallarda idarəetmənin keyfiyyətindən, idarə edənlərin peşəkarlıq səviyyəsindən asılıdır.

1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra demokratik, hüquqi, dünyəvi və unitar dövlət olaraq formalaşan Azərbaycan Respublikasında yeni Konstitusiyanın qəbulu ilə dövlət idarəçilik sistemində köklü dəyişikliklərə təkan verildi, səmərəli və məhsuldar idarəçilik sisteminin təşkili, təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı, dövlətin sosial, siyasi, hüquqi, iqtisadiideoloji funksiyalarına yenidən baxıldı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlət idarəçilik sisteminin bütün sahələrində olduğu kimi, dövlət qulluğunda da islahatlar həyata keçirildi. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci ildə imzaladığı fərmanla dövlət idarəçilik sistemində islahatların uğurunu təmin etmək üçün dövlət komissiyası təşkil olundu. Fərmana əsasən demokratikləşmə və bazar iqtisadiyyatı sahəsində aparılacaq islahatlar dövlət idarəçiliyinin səmərəliliyi və məhsuldarlığını artırmalı, iqtisadiyyatın inkişafı üçün beynəlxalq standartlara cavab verən hüquqi zəmin təmin etməli idi. Nəticə etibarilə əvvəlki sistemdən qalma bir çox təşkilatlar ləğv edilmiş, müasir idarəçilik sisteminə uyğunlaşa bilən yeni qurum və müəssisələr təsis edilmiş, idarəçilik sisteminin səmərəliliyini artıracaq hüquqi tənzimləmələr aparılmışdır. Bu addımlar sırasında ən önəmli olanı Azərbaycan Respublikası dövlət qulluğu sisteminin əsasını təşkil edən "Dövlət qulluğu haqqında” qanunun qəbul edilib qüvvəyə minməsidir. Qanunun məqsədi "Azərbaycan Respublikasında dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləməkdir”. Çünki dövlətin vətəndaşa lazımi xidmət göstərməsi effektiv dövlət qulluğu sisteminin təşkili və bu sistemin ən vacib tərkib hissəsi olan dövlət qulluqçularının səmərəli fəaliyyətləri ilə birbaşa bağlıdır. Eyni zamanda, bacarıqlı şəxslərin işə qəbulu, onların vəzifədə yüksəlmələri, hüquqları, vəzifələri, nəzarət məsələlərini tənzimləyən dövlət qulluğu sistemini aktiv vəziyyətə gətirmək və qanunlarla onu möhkəmləndirmək dövlət idarəçilik sisteminin demokratikləşdirilməsi prosesində mühüm rol oynayır.

Dövlət qulluğu sistemini formalaşdırmaq, dövlət qulluqçularını qulluğa hazırlamaq üçün fərqli ölkələrdə fərqli metodlardan istifadə edilir. Seçim həmin ölkənin milli xüsusiyyətləri, mədəniyyəti, dövlətçilik ənənələri, tarixi, siyasi sistemi və digər amillərdən asılıdır. Bu baxımdan Azərbaycan Respublikasında davamlı olaraq dövlət qulluğu sistemində islahatların həyata keçirilməsi prosesinə diqqətlə yanaşılır, dövlət sektorunda qulluğu tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı islahatlar reallaşdırılır. İslahatların əsas məqsədi isə innovativ idarəetmə texnologiyalarının istifadəsi ilə dövlət idarəçiliyində səmərəliliyin təmin olunması üçün dövlət qulluğunda çevikliyə və cavabdehliyə nail olmaqdır. Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” isə məhz qeyd olunan proseslərin sürətləndirilməsinə, müasir düşüncəli, vətəndaş gözləntilərinə cavab verə bilən dövlət qulluqçusu korpusunun yaradılmasına xidmət edir. Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyət səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə və mütərəqqi motivasiya modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatları nəzərdə tutur. Eyni zamanda, strategiyada SWOT analizi modelinin tətbiqi ilə dövlət qulluğu sisteminin güclü və zəif cəhətləri müəyyən edilmiş, bu sahənin inkişafı ilə bağlı imkanlar və təhdidlər öz əksini tapmışdır. Dövlət qulluğunda mövcud vəziyyətin təhlilinə nəzər salsaq görərik ki, Azərbaycan Respublikasında müxtəlif dövlətlərin qabaqcıl təcrübəsindən istifadə edilməklə özünəməxsus dövlət qulluğu sistemi formalaşmışdır. Eyni zamanda, dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən normativ hüquqi baza yaradılmış; status və funksiyalarına uyğun olaraq dövlət orqanlarının kateqoriyaları müəyyən edilmiş; dövlət qulluğu vəzifələrinin təsnifatlar üzrə bölgüsü aparılmış; dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının şəffaf həyata keçirilməsi üçün prosedurlar işlənmiş; dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi və sair prosedurlar qanunvericiliklə tənzimlənmiş; dövlət qulluqçularının əməyinin ödənilməsi və sosial təminatı sistemləri yaradılmış; dövlət qulluqçularının etik davranış qaydaları təsdiqlənmiş; dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ metodiki təminatını həyata keçirən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası formalaşdırılmış; dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması və peşəkarlıq səviyyələrinin artırılması, həmin sahədə elmi tədqiqatlar aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və dövlət qulluqçuları haqqında mərkəzləşdirilmiş məlumat bazası olan Dövlət Qulluqçularının Reyestri yaradılmışdır. Strategiyanın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planında isə dövlət qulluğunda həyata keçirilməsi nəzərdə tutulan proqram əsaslı tədbirlər, hədəflər qeyd olunmuşdur. Bunlar isə innovativ idarəetmə texnologiyalarının tətbiqi ilə innovasiyayönümlü dövlət qulluğu sisteminin formalaşmasını zəruri edir. Dövlət qurumlarında müstəqil innovasiyalar norma deyildir. İnnovasiya daha çox inkişafla bağlıdır və adətən xarici mühitdə meydana gəlir. Təkamül modelləri göstərir ki, innovasiyalar mövcud fəaliyyətdən irəli gələn bir sıra əlavə dəyişikliklərin birləşməsinin təsiri nəticəsində meydana çıxır. Belə ki, qurumun strateji atributlar sistemi mütəmadi olaraq yeni strateji aktivləri və yeni məhsulları birləşdirərək inkişaf edir. Əgər innovasiyalar davamlı inkişaf edən fəaliyyətə əsaslanırsa, müxtəlif növ innovasiyalar arasındakı tamamlayıcı əlaqələri nəzərə almaq lazımdır. Azərbaycanın brendi olan "ASAN xidmət” ilə digər dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin təmin olunması bunun bariz nümunəsidir. Bu aspektdən baxanda Azərbaycan Respublikasında son illərdə dövlət idarəçilik sistemində həyata keçirilən islahatlar çərçivəsində dövlət qulluğundakı innovasiyaları dinamik bir proses kimi nəzərə almaqla, təşkilati innovativlikperformansla bağlı daha ətraflı hesabatın əldə oluna biləcəyini iddia etmək olar. Bu arada dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və institusional islahatların həyata keçirilməsi istiqamətində vacib məsələlərdən biri kimi Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsi layihəsinin hazırlanıb müzakirəyə verilməsinin müsbət nəticələrə yol açacağına şübhə yoxdur. Bu məcəllənin qəbulu dövlət qulluğu sferasında hüquqi münasibətləri tənzimləyən qanunvericilik aktlarının sistemləşdirilməsi və hüquqi tənzimetmənin səmərəliliyinin artırılmasına səbəb olacaq, dövlət qulluğu vəzifələrinin iyerarxiyasının optimallaşdırılması, dövlət qulluğunda şəffaflıq və dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılmasına öz töhfəsini verəcəkdir.

Strategiyada müəyyən olunmuş məqsədlərə nail olunması istiqamətində əsas məsələlərdən biri də dövlət qulluqçularının bilik və baçarıqlarının təkmilləşdirilməsidir. Göründüyü kimi, dövlət qulluğunda kadr potensialının inkişaf etdirilməsi istiqamətində islahatlar zamanın tələbi kimi çıxış etməkdədir. Vətəndaş gözləntilərini nəzərə almaqla islahatların uğurunu təmin etmək üçün kadr potensialının qiymətləndirilməsi mövcud potensialın müəyyənləşdirilməsi və onun bazasında potensialın gücləndirilməsi zərurətini yaradır. Demək lazımdır ki, kadr potensialının qiymətləndirilməsi və bunun əsasında insan potensialının gücləndiriməsi məsələləri səmərəli idarəetmənin vacib elementləridir. Bu isə öz növbəsində bilik və bacarığın, təcrübənin, uzaqgörənliyin, təşəbbüskarlığın əsas götürüldüyü kadr potensialının inkişaf etdirilməsini zəruri edir. Kadrların təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası keçidin optimallaşdırılması üçün peşəkar potensialın inkişaf etdirilməsi prosesinin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Qeyd edilənlər müasir dövlət idarəçiliyinin tələbidir. İnsan potensialının planlaşdırılması kimi bilinən bu proses gələcəyə istiqamətlənib və davamlı inkişaf naminə dövlət qulluğu sisteminin təkmilləşdirilməsinə töhfə verir. Eyni zamanda, kadr potensialının gücləndirilməsi adətən qərar qəbulunda iştirak edən dövlət qulluqçularının yenidən hazırlanmasını şərtləndirir. Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularının hazırlanması işinin təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət idarəçiliyinə dair nəzəri biliklərinin artırılması, habelə bu sahədə vahid kadr siyasətinin həyata keçirilməsi məqsədilə 11 dekabr 2014-cü il tarixli fərman imzalamışdır. Fərmanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün ixtisasartırma və yenidənhazırlanma növləri üzrə əlavə təhsilin təşkil edilməsi və bunun dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi qeyd olunmuşdur. Məhz bunun nəticəsi olaraq akademiyada dövlət qulluqçularının peşəkar inkişafının yüksəldilməsinə, yenilikləri qəbul etmək və öyrənmək qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirilirbu sahədə innovativ metodlardan istifadə olunur. Akademiyada ölkədə ilk olaraq dövlət qulluqçularının yenidən hazırlanması prosesində distant təhsilin imkanlarından istifadə edilir, regional kadr hazırlığının daha optimal və səmərəli formaları sınaqdan keçirilir. Bunların sırasında getdikcə müntəzəm xarakter alan səyyar və distant treninq və seminarları xüsusi qeyd etmək yerinə düşər.

Dövlət qulluğunda innovasiyaların tətbiqi ilə bağlı dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi məsələsi də olduqca önəmlidir. Siyasipraktiki cəhətdən çox əhəmiyyətli olan xidməti fəaliyyətin qiymətləndirilməsi dövlət qulluqçusunun xidməti davranışının, qarşıya qoyulan tapşırıqların icra vəziyyəti nəzərə alınmaqla, müxtəlif meyarlar əsasında bilavasitə rəhbər tərəfindən yoxlanılması və qiymətləndirilməsi prosesidir. Dövlət qulluqçuları vəzifələrini əvvəlcədən müəyyən olunmuş qaydalar çərçivəsində həyata keçirir və dövlətin ən çox etibar etdiyi şəxslərdir. Ancaq bu etibardan sui-istifadə edilməməli, səmərəliliyə xələl gətirilməməlidir. Bu aspektdən baxanda səmərəliliyin ölçülməsi real olmalı, obyektiv meyarlara söykənməlidir. Dövlət qulluqçularının vəzifədə irəli çəkilməsi, əməkhaqqının artırılması, mükafatlandırılması, motivasiyası və s. onların fəaliyyət səmərəliliyi dərəcəsinə görə müəyyən olunmalıdır. Dövlət qulluqçularının qiymətləndirilməsinə müasir yanaşmalar onların fəaliyyət səmərəliliyinin artırılması məqsədini daşıyır. Fəaliyyət səmərəliliyinin yüksəldilməsinə təsir edən amillərin müəyyən edilməsi isə müasir dövlət idarəçilik elminin ən vacib problemlərindən biri hesab olunur. Azərbaycan Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır (10 fevral 2014-cü il) və inzibati vəzifələrin üçüncü - yeddinci təsnifatlarına uyğun olan inzibati vəzifə tutan dövlət qulluqçularına aiddir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən, respublikamızda 2019-cu il yanvarın 1-nə dövlət qulluqçularının sayı 29127 nəfər olmuş və onların 28,5 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali 3-cü təsnifatı, 75,7 faizi 4-7-ci təsnifatlar üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində çalışanlardır. Hər il təqribən 22000 dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir. Hazırda beynəlxalq təcrübə və qiymətləndirmə qaydalarının tətbiq olunduğu 5 illik müddətdə əldə olunan nəticələr əsas götürülərək yeni layihədə qiymətləndirmə qaydaları işlənilir.

Son 30 ildə dünyanın bir çox ölkələrində etika və dövlət xidməti dəyərlərinə artan marağın dövlət qulluğunda islahatlarla paralellik təşkil etməsi təsadüfi deyil. Bu həm cəmiyyətin müxtəlif sahələrində baş verən dəyişikliklər (dövlət qulluqçularının gözləntiləri, daha iddialı, yaxşı bilikli vətəndaşlar, qloballaşmas.), həm də dövlət qulluqçularının qanuni çərçivə daxilində hərəkət etmələrinə dair minimum davranış standartlarının müəyyənləşdirilməsi və etika infrastrukturunun inşa olunması ilə əlaqələndirilir. Etik infrastruktur isə əsasən etik prinsiplərin bəyan edilməsi, davranış standartları, etik davranış şüurunu artırmağa və təkmilləşdirməyə yönələn vasitələr, etik nəzarət, etik dəyər və proqramların idarə olunması və qiymətləndirilməsi məsələlərini əhatə edir. Dövlət qulluqçuları üçün etik davranış qaydaları hazırlanarkən, qaydaların və normativlərin quruluşu dəqiqləşdirilməzdən əvvəl əsas etik dəyərlərin müzakirəsi və ölkənin ictimai rəyində fikir birliyinin əldə olunduğu məqamların diqqətə alınması tövsiyə edilir. Yuxarıda qeyd olunan strategiyanın əsas məqsədlərindən biri kimi yüksək mənəvi və etik dəyərləri əsas tutan dövlət qulluqçularının formalaşdırılması, eləcə də dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun 2007-ci ildə qəbul edilərək qüvvəyə minmişdir. Haqqında bəhs edilən qanunda dürüst davranış, professionallıq, loyallıq, sədaqət, xalqın etibarının qorunması, hüquqlara, azadlıqlara və qanuni mənfəətlərə hörmət, mədəni davranmaq, əmr və təlimatların və ya verilən vəzifələrin yerinə yetirilməsi, obyektivlik, korrupsiyanın qarşısının alınması, hədiyyənin qəbul edilməsi ilə əlaqəli məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması, əmlakdan, informasiyadan istifadə və siyasi fəaliyyətlər başlıqları altında dövlət qulluqçularının etik davranış qaydaları tənzimlənmişdir. Ölkə Prezidentinin bu sahədə həyata keçirdiyi islahatlar isə səmərəli dövlət idarəçiliyinin təzahürü kimi özünü büruzə verir. Belə ki, səmərəli dövlət idarəçiliyi insanların yaşayış şəraitinin yaxşılaşdırılması prinsipinə köklü şəkildə təsir göstərməli və vətəndaşların birgə rifahının təmin edilməsinə istiqamətlənməlidir. Bu səbəbdən səmərəli dövlət idarəçiliyi işinin xalqın real problemlərinə yönəldilməsi və cəlb olunan sektorları dinləməklə həll yollarının axtarmağa çalışılması tamamilə əsaslıdır. Azərbaycanda bütün dövlət qulluqçularından tələb olunan etik davranış qaydalarına aid standartlar təkmilləşdirilmişdir. Ümumilikdə dövlət qulluqçuları üçün qüvvədə olan standartlara əlavə olaraq, dövlət fəaliyyətinin həyata keçirilməsində məsuliyyət daşıyan, maraqlar toqquşması riskinin yüksək olduğu həssas sahələrdə işləyən müəyyən qruplarya peşələr üçün əlavə təlimatlar hazırlanmış, etik davranış qaydalarının nəşr olunması və bu qaydaların səmərəli bir şəkildə tətbiq olunması istiqamətində hüquqi çərçivə və güclü nəzarət mexanizmi formalaşdırılmışdır.

Yuxarıdakıları ümumiləşdirərək qeyd etmək lazımdır ki, dövlət idarəçiliyində səmərəliliyin təmin olunması baxımından dövlət qulluğu sisteminin təkmilləşdirilməsi fərqli zaman və məkanlarda aktuallıq kəsb edən prioritet məsələdir. Bu istiqamətdə uğurun zəmanəti hakimiyyət və vətəndaş cəmiyyətinin birgə təşəbbüslərinin koordinasiyasıdır. Hazırda dövlətin strateji vəzifəsi əhalinin həyat səviyyəsi və keyfiyyətinin davamlı olaraq yüksəldilməsidir. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayır ki, dövlət məmurları öz vəzifə borcuna məsuliyyətlə yanaşmalıdır. Ölkə Prezidentinin məmurlardan və dolayısı ilə yenidən formalaşdırılan dövlət qulluğu sistemindən qətiyyətli tələbi budur: "Birbaşa xalqla ünsiyyətdə olan məmurlar elə etməlidirlər ki, insanlar onların fəaliyyətindən razı olsunlar. Diqqətli olmalıdırlar, yaddan çıxarmamalıdırlar ki, biz xalq üçün çalışırıq, əksinə deyil. Bizim vəzifəmiz xalqa xidmət etməkdir”. Fikrimizcə, dövlət başçısının bu sözləri bütün dövlət qulluqçuları tərəfindən fəaliyyət proqramı kimi qəbul olunmalıdır.

 

Rəcəb RƏHİMLİ,

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat

beynəlxalq əlaqələr şöbəsinin müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2019.- 23 iyun.- S.3.