“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans xarici mətbuatda geniş işıqlandırılıb

 

İyunun 19-da Vyanada keçirilmiş "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda konfrans Mərkəzi Avropa ölkələrinin aparıcı mətbuat orqanlarının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Avstriya, Almaniya və İsveçrənin aparıcı mətbu orqanları və internet portalları dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinə həsr olunmuş bu mühüm tədbiri geniş işıqlandırıblar. Avstriyanın APA agentliyi, "Die Presse” və "Der Standard” gündəlik qəzetləri, Almaniyanın "Der Tagesspiegel” və "Focus online” portalları, www.pr-board.de, www.finanzen.net saytları, İsveçrənin www.presseportal.ch saytı Vyana beynəlxalq konfransının gedişatı, əhəmiyyəti və qəbul olunmuş Yekun Bəyannamənin mahiyyəti barədə məqalələr dərc ediblər.

Məqalələrdə konfransın Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutduğu qeyd edilib. Bildirilib ki, nüfuzlu beynəlxalq konfransda Avstriya və dünyanın 30-dan çox ölkəsindən hökumət, parlament üzvləri, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, iqtisadi dairələrin, dini konfessiyaların təmsilçiləri, eləcə də Vyanada akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadənin və Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyətinin tərkibində hökumət və parlament təmsilçiləri, elmdin xadimləri yer alıblar.

Həmçinin qeyd edilib ki, beynəlxalq konfransın təşkili multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin beynəlxalq konfransın iştirakçılarına müraciəti oxunub. Müraciətdə Vyana beynəlxalq konfransında aparılan müzakirələrin və verilən konstruktiv təkliflərin dünyada dinlərarası dialoqun təbliğinə, mədəniyyətlərarası harmoniyanın güclənməsinə, sülhə və qarşılıqlı anlaşmaya töhfələr verəcəyinə əminlik ifadə olunub.

Diqqətə çatdırılıb ki, tədbirdə, həmçinin BMT Baş katibinin müavinləri Migel Angel Moratinos və Rəşid Xalikov çıxış ediblər. Şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycanda milli və bəşəri dəyərlərə, multikulturalizm ənənələrinə böyük önəm verildiyini, müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın dövlət səviyyəsində dəstəkləndiyini bildirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizdə tarixi, mədəni və dini abidələrin məhv edildiyini diqqətə çatdıraraq münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həllinin vacibliyini, BMT-nin məlum qətnamələrinin yerinə yetirilməsinin və ATƏT-in Minsk qrupunun öz səylərini artırmasının zəruriliyini vurğulayıb. Vyana konfransında Azərbaycanın sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında rolunumultikulturalizm dəyərlərini əks etdirən "Bəşəri çağırış” filmi nümayiş etdirilib.

Vurğulanır ki, tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları yekun sənəd - Vyana Bəyannaməsi qəbul ediblər. Sənəddə qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.

 

Azərbaycan.- 2019.- 23 iyun.- S.5.