Həqiqət fəlsəfəsi
2019-cu il "Nəsimi ili"dir...
Azərbaycan xalqının zəngin
ictimai-siyasi, ədəbi-fəlsəfi irsində xüsusi rol
oynayan, elm və mədəniyyətin inkişaf etdiyi
Şirvan mühitində böyüyüb böya-başa
çatan görkəmli mütəfəkkir İmadəddin Nəsimi
müasirləri, ya ondan əvvəlki sələfləri kimi,
ehtiyatlı, tədbirli, hər sözün xeyir və zərərini
ölçüb-biçərək dilə gətirən və
yazan, dövrün tələb və şəraiti ilə
hesablaşan adi şair olmamışdır.
O öz coşqun və qaynar yaradıcılığı, dərin fəlsəfi fikirləri, üsyankar ruhu ilə poeziyanın və fəlsəfi fikrin ozamankı sərhədlərini aşaraq dastan və rəvayətlərdən, qurama hekayələrdən imtina edib, dövrünün ictimai-siyasi proseslərinə, insanların zehniyyətinə yerləşmiş dini inanc və təlimlərə, bərqərar olmuş adət və ənənələrə tamamilə yeni baxış və yanaşma ilə insanı, məhz insanı hər şeydən uca tutmuş, ömrünün sonunadək bu ideyasına sadiq qalmışdır. Onun yaratdığı insan obrazı, görmək istədiyi bu uca varlıq Yaradanın bənzəridir, onun varlığının təcəssümüdür, onun real həyatda təcəllisidir. Şeirlərində Nəsimi kamil insandan bəhs edir, sufilərin şəriət, təriqət, mərifət yolunu keçib həqiqətə yetişən insandan söz açır, onu uca Yaradanla eyniləşdirir:
Səni bu hüsni cəmal ilə,
kəmal ilə görüb,
Qorxdular həqq deməyə,
döndülər insan dedilər.
Nəsimi sadəcə
yüksək fəlsəfi-poetik təfəkkürə malik
şair deyildi, o, sözün əsl mənasında dini
xurafata, fürsətcil ruhaniliyə, ədalətsiz hakimiyyət
və idarəçiliyə, azad düşüncə və
ifadənin qarşısını alanlara üsyan edən
qiyamçı bir şair idi. O, çox böyük bir coğrafi
məkanda - Azərbaycanda, Anadoluda, İranda, Suriyada məqsədyönlü
şəkildə gəzib-dolaşaraq öz ictimai-fəlsəfi
baxışlarını xalq içində özü də təbliğ
edirdi. Onu tanıyırdılar, sevirdilər,
ardıcılları minlərlə idi, onun təlimini cəsarətlə
və sevərək yayırdılar, yaşadırdılar.
Nəsiminin şəxsiyyəti
ilə dünyagörüşü vəhdət təşkil
edirdi. Sufi fəlsəfəsinin kamillik dərsini
keçmiş şair özü şeirlərində vəsf
etdiyi "kamil insan” zirvəsindədir. Bu
insan elə onun özünün yüksək məqama
yüksəlmiş şəxsiyyətidir. Akademik İsa
Həbibbəyli yazır: "İnsanın qüdrətini tərənnüm
edən Nəsiminin poeziyasında mübarizə ruhu vardır.
O, üsyankar şeirləri ilə kamil insan olmaq uğrunda
mübarizə aparmışdır. Şairin
fikrincə, kamil insan ədalətli cəmiyyət
yaratmağın əsasıdır, ilahi varlıq səviyyəsinə
yüksələn böyük mənəvi sərvətdir.
Ona görə də Nəsimi
yaradıcılığında ilhamla vəsf olunan kamil insan
obrazı orta əsr Azərbaycan şeirində ən yüksək
zirvəni fəth etmiş insan heykəlidir”.
Bəs Nəsimi şeirlərinin
fəlsəfi fikirlərinin cazibədarlığı və
insanların diqqətini çəkməsinin səbəbləri
nə idi? Bunun üçün Nəsimi fəlsəfəsinə
qısa nəzər salmaq lazımdır. Əvvəla,
bu fəlsəfə öz-özünə, ya qeybdən
yaranmamışdı. Azərbaycan
xalqına xas uzun tarixi dövr ərzində təşəkkül
tapmış fəlsəfi fikrin zəminində ərsəyə
gəlmişdi. Bizim eradan əvvəl II-I minilliklərdə
Azərbaycan ərazisindəki dövlət
quruluşlarında, sonra Atropatena və Albaniyada geniş
yayılmış xalq təfəkküründən, həyat
tərzindən, dövrün mənəvi tələbatından
doğan dini inanclar, ictimai-siyasi təlimlər, xüsusilə
də çox böyük bir bölgədə təsir dairəsinə
malik olan zərdüştilik, manixeyçilik, məzdəkilik,
bunların əsrlər boyunca insanların təfəkküründə
saldığı izlər, bu təlimlərin sosial-etik-siyasi tələbləri,
eyni zamanda, ən qədim zamanlardan nəsildən-nəslə
ötürülən ənənəvi türk inancları, təktanrıçılıq
islamaqədərki dövrdə insanların ictimai
görüşlərinin formalaşmasına öz təsirini
göstərmişdi. Xüsusilə də Nəsimiyəqədərki
yeddi əsrlik ziddiyyətli İslamiyyət dövrü.
Ərəb xilafətinin siyasi və dini hakimiyyəti
də həmin qədim çağların yadigarı olan ənənə
və baxışları tamamilə aradan qaldıra bilməmişdi.
Yeri gəlmişkən, Nəsimi dövründən yeddi əsr
keçməsinə baxmayaraq, həmin əski
çağlardan qalan bəzi inanclarımız islamla
yanaşı indi də yaşamaqdadır, çünki qədim
türk ruhu, yaxud dünyanın varlığını xeyirlə
şərin mübarizəsində izah edən zərdüştilik,
Azərbaycanda ən qədim zamanlardan üzü bəri
yaşayan və bu vətənin aborigenləri olan hər bir
azərbaycanlının genetik yaddaşında oturub. Biz indi
buna tam adiləşmiş, bir çulğaşma kimi baxsaq
da, bununla belə Nəsimi zamanında islam
dininin ozamankı rəsmi yozumundan kənara çıxan hər
bir addım, söz və hərəkət küfr
sayılıb təqib edilirdi.
Nəsiminin fəlsəfi
görüşlərinin formalaşması, heç
şübhəsiz ki, onun İslamiyyət dövründə
yaranan, xüsusən də Azərbaycan mütəfəkkirləri
tərəfindən irəli sürülən fəlsəfi
fikirlərin təsiri ilə baş vermişdir. Onu qeyd etmək
lazımdır ki, islamın gəlişi və Qurani-Kərimin
ehkamları ilə yanaşı, islama müxtəlif
yanaşmalar və münasibətlər də meydana
çıxır, etnik və ənənəvi qaydalardan, həyat
tərzindən qaynaqlanan şərhlər və izahlar da əmələ
gəlirdi. Belə bir şəraitdə fəlsəfi
fikir islam ilahiyyatçılığı
ilə qarşılıqlı əlaqədə, ayrılmaz
bir şəkildə formalaşırdı. Artıq X-XIV əslərdə
Azərbaycanın türk əsilli, ərəb və farsdilli
ilahiyyatçı filosofları var idi və onlar bütün
müsəlman Şərqində tanınırdılar:
Əbubəkr Əhməd İbn Harun Bərdəyi (X ə.),
Məkki İbn Əhməd Bərdəyi, Musa ibn İmran Səlmasi
(X ə.), Süleyman Təbrizi (X ə.). Məkki Bərdəyinin
"Əl-əsma əl-Mufrada” əsəri ən mötəbər
və qəbuledilən ilahiyyat traktatlarından biri hesab
edilirdi. Qeyd edilməlidir ki, hələ VIII-IX əsrlərdə
islamiyyətin tam oturuşub bərqərar olmadığı
dövrlərdən etibarən islam
ehkamları ilə uzlaşmayan müxtəlif təlimlər də
yaranırdı. Ağlı, elmi, fəlsəfəni
dini inanca, etiqada qarşı qoyub, insanın ağlın
gücü ilə Allaha yetişə biləcəyini ortaya
atan mötəzilik təlimi meydana çıxmışdı.
Azadfikirliliyə və rasional düşüncəyə
əsaslanan bu cərəyan Azərbaycanda da öz tərəfdarlarına
malik idi. IX əsr ərəb tarixçisi
Əl-Yəqubi Azərbaycanda mötəzililərlə
mötədil islamçılar arasında gedən amansız
mübarizədən yazmışdı. Azərbaycanın
tanınmış filosoflarından Əbubəkr Məhəmməd
ibn Abdulla Bərdəyi, Əbusəid Əhməd Bərdəyi
də bu fikir cərəyanlarında iştirak edirdilər.
Həmin əsrlərdə
mistikyönlü cərəyanlar meydana
çıxırdı. Rasionalizm və mistikanı özündə
uzlaşdıran batiniyyə cərəyanı
yaranmışdı. İsmaililik və
sufilik də bu dövrdə formalaşırdı. Şiəliyin
içində yaranan, onda bir cərəyan kimi şəkillənən
ismailizm az sonra onun və ümumiyyətlə,
islamın bəzi müddəalarına qarşı
çıxırdı. Allahı İlk Səbəb,
Yaradan kimi qəbul edən, lakin onun yaradıcı
missiyasından sonra heç nəyin onun iradəsindən
asılı olmadığını əsas gətirən
panteistlər ağlın, elmin gücünə
inanırdılar və ölkəmizdə də bu cərəyanın
kifayət qədər tərəfdarı var idi. Eyni zamanda, dövrün ən məşhur sufiləri
Bəyazit Bistani və Mənsur Həllacın təlimi burada
geniş yayılmışdı. Tarixi mənbələrdə
Mənsur Həllacın Azərbaycanda, Reydə və Təbəristanda
qərmətilər (ismaililər) hərəkatına
başçılıq etməsi barədə məlumatlar
vardır.
Azərbaycanda Nəsimiyəqədərki
dövr sufizminin ən tanınmış nümayəndəsi
Baba Kuhi Bakuvi (933-1050) olmuşdur. Baba Kuhi Bakuvi sufi təriqətinin
başçısı olaraq, həm nəzəri, həm də
əməli fəaliyyəti ilə, xüsusilə İslam
Şərqinin ən böyük sufisi Mənsur Həllaca həsr
etdiyi "Əxbar əl-arifin” və "Əxbar əl-qafilin”
traktatları ilə Azərbaycan fəlsəfi irsini zənginləşdirmişdi.
Onun qardaşı Pir Hüseyn Şirvani də
sufizmin fəal ardıcıllarından olmuşdur. O
zamanlar Azərbaycanın görkəmli filosofu Şihabəddin
Yəhya Sührəvərdinin (1145-1234) fəlsəfəsinin
nuru bütün Şərqə yayılmışdı. Onun adı ilə yeni şəraitdə sufizmin
inkişafının mühüm istiqaməti
bağlıdır. O, Allahı dərk etmək yolunu
insanın özünüdərki və özünütəkmilləşdirməsi
ilə əlaqələndirir, ağlın gücünə,
elmə xüsusi önəm verirdi. 922-ci ildə Bağdadda edam edilən Mənsur Həllacın
"Ənəlhəq” kəlamını dini cəhətdən
yozaraq, onu heç də küfr hesab etmirdi.
Ümumiyyətlə, XI-XIII əsrlərdə
Bağdadda və Şərqin digər elmi hövzələrində
yüksək dini-fəlsəfi-hüquqi təhsil almış
dövrün tanınmış filosofları,
ilahiyyatçıları arasında Azərbaycan mütəfəkkirləri
də çox idi. Bunların bir sırası barədə
Yaqut Həməvinin "Mucəm əl-Buldan” əsərində
verdiyi siyahıdan məlumatlar əldə etmək olur. Bu dövrün görkəmli alimləri
sırasında özündənsonrakı nəslin dünyagörüşünə,
peşəkar fəlsəfə, hüquq, ilahiyyat elmlərinə
öz töhfəsini verən Əbülhəsən Bəhmənyar,
Eynəlqüzat Miyanəci, Şihabəddin Sührəvərdi
kimi alimlər yetişmişdi. Ustadı
İbn Sinanın təlimini davam və inkişaf etdirən
böyük ensiklopedik alim, peşəkar filosof Bəhmənyar
"Ət-Təhsil” əsərində Şərq
peripatetizminin bütün sonrakı inkişafına təkan
vermişdi. XI-XII əsrlərdə Əbülüla Gəncəvinin,
Xətib Təbrizinin, Xaqani Şirvaninin, Qətran Təbrizinin,
Fələki Şirvaninin, Nizami Gəncəvinin, Mücirəddin
Beyləqaninin, Yusif Xoylunun, Məhsəti Gəncəvinin əsərləri
azadfikirlilik, sosial ədalət, insan azadlığı
uğrunda mübarizə aparan təlimlər və fəlsəfi
görüşlər üçün zəngin zəmin
hazırlamışdı.
Orta əsr Azərbaycanının
bu zəngin dini-fəlsəfi və mənəvi-etik
mühitində azadfikirlilik nə qədər təqiblərə
məruz qalsa da, çağlayan bir çeşmə kimi
özünə yol açıb təzahür edirdi. Xalqımızın
çox uzaq keçmişindən, azad türk ruhundan sərçeşmə
götürən, "Kitabi-Dədə Qorqud”da dastanlaşan,
qayaüstü yazılar kimi xalqımızın mənəvi
yaddaşına həkk olunan azadlıq hisləri, azadfikirlilik
və insanı hər şeydən üstün tutmağı
təlqin edən görüşlər Nəsimi
yaradıcılığında, onun çoxcəhətli fəaliyyətində,
poeziyasının təsir gücündə daha qabarıq
üzə çıxdı. Əsərlərini əsasən
ərəb və fars dillərində yazan əksər mütəfəkkirlərimizdən
fərqli olaraq, Nəsiminin elmə, irfana, məntiqə, fəlsəfəyə,
ilahiyyata, sufizmə, hürufilik təliminə və
dövrünün digər ictimai-siyasi mədəni məsələlərinə
dair doğma Azərbaycan türkcəsində
yazdığı və təbliğ etdiyi əsərlər,
çıxışlar, mükalimə və mübahisələr,
şərhlər və çağırışlar müxtəlif
qəbildən olan insanların qəlbinə və zehninə
daha asan yol tapır, könüllərə hakim olur, bir məktəb
formalaşdırırdı.
* * *
1369-cu ildə Azərbaycanın
tarixi Şirvan torpağında doğulan, bütün
varlığı ilə vətəni Azərbaycana
bağlı olan Nəsimi hələ gənc yaşlarından
hürufi təlimi ilə maraqlanırdı. Bu təlimin
yaradıcısı və rəhbəri Fəzlullah Nəimini
öz ustadı kimi çox sevir, onun
yaradıcılığının təsir qüvvəsini
öz üzərində hiss edirdi. Nəsiminin fəlsəfi
görüşlərinin formalaşmasında mürşidi Nəiminin
şəxsiyyəti, təlimi, "Cavidannamə” və s. əsərləri
ilə yanaşı, onun hürufilərlə
tanışlığı, bu hərəkatın içində
olmasının həlledici rolu olmuşdur. Bu elə bir tarixi
dövr idi ki, ərəb xilafətinin və türklərin
(Qəznəvilərin, Səlcuqların) hakimiyyəti başa
çatmış, böyük bir region, o cümlədən
bütün Azərbaycan, İran, Anadolu monqol istilasına
düşərək ağlagəlməz dağıntı və
işgəncələrə məruz qalmış, sonra isə
Əmir Teymurun sərt qayda-qanunlarla müşayiət olunan
hakimiyyəti bu torpaqlarda bərqərar olmuşdu. Belə bir
şəraitdə hürufilik islam içərisində
daha mütərəqqi, xalqın arzularından və ənənəvi
Şərq müdrikliyindən qaynaqlanan sufilik təliminin fəlsəfi-ictimai
təzahürlərindən biri kimi meydana gəlmişdi. Bu təlimdə mənəvi-dini dəyişikliklərlə
bərabər geniş ictimai tələblər də irəli
sürülürdü.
Nəsiminin fəlsəfi
görüşlərinin formalaşmasında mürşidi Fəzlullah
Nəiminin xüsusi yeri vardır. "Fəzl həqdir,
Fəzl-e Həqq memarımız” deyən şair
ömrünün çox hissəsini hürufiliyin təbliğinə
həsr etmiş, həmişə harda olsa da, xalqın
içərisində öz qəzəlləri ilə
dövrün dini qanunları ilə əsla uzlaşmayan, lakin
xalqın sevə-sevə dinlədiyi görüşlərini
yaymaqdan çəkinməmişdir. Hətta
həbs olunub zindana salınsa da, ideyalarından əl çəkməmişdir.
Həqiqətən də
hürufilik Yaradan və yaradılanın, maddi və mənəvi
aləmin sirlərinin və qarşılıqlı əlaqələrinin
şərhində simvollaşdırılan hərflər və
rəqəmlərdən istifadə üsuluna müraciət
etsə də, bu fəlsəfənin əsasını "vəhdəti-vücud”
təşkil edir. Bu təlimə görə, əzəli və
ilkin qüvvə Vücudi-Mütləqdir, Yaradanın
Özüdür. Qalan bütün
mövcudat mümkünül-vücuddur və Yaradanın iradəsinə
bağlıdır, onunla izah oluna bilər. Hürufilər
dünyanın, yaradılışın əsasında hərfləri
görürdülər, ərəb əlifbasının 28, fars əlifbasının 32 hərfini ilahiləşdirərək
hərflərdə İlahi Yaradıcının
simasını təsəvvür edirdilər.
Nəsiminin fəlsəfi
irsinin tədqiqatçılarının haqlı olaraq qeyd
etdikləri kimi, zamanın çağırışlarına
Nəsiminin cavabı onun həmin dövrün əxlaqi, mənəvi,
fəlsəfi təcrübələrinin dərin və qlobal
ümumiləşdirilməsinin əks olunduğu şeirlərində
təzahür edirdi. Azərbaycan ədəbiyyatı, incəsənəti və
mədəniyyətinə dair dəyərli əsərlərin
müəllifi olan xalq yazıçısı Anarın
yazdığı kimi, monqolların, Əmir Teymurun,
Toxtamışın müharibə və talanlarına məruz
qalmış nəhəng bir coğrafiyada insan həyatının
bir at qədər dəyərli olmadığı zamanda Nəsimi
insanı ucaldır, onun şəxsiyyətini göylərə
qaldırır, insanın şərəfinə
qızğın himn yaradır, insanda Allahın sifətini, təcəllisini
görürdü.
Nəsimi şəxsiyyətinin
böyüklüyü, dünyagörüşünün
genişliyi və əhatəliliyi ilə dövrün dini-fəlsəfi
cərəyanlarının cızdığı çərçivələri
aşıb, onlardan çox-çox yuxarıda dururdu, sufilikdən,
o cümlədən hürufilikdən də yüksəkdə
yer alırdı. O öz poeziyasında dünyanın, həyatın,
insanın, təbiətin mövcudiyyətini şərtləndirən
səbəbləri araşdırır, suallar qoyur, öz
suallarına cavablar axtarır və çox zaman özü də
bu suallara cavab verir. Bütün sualların
cavabını o, vəsf edərək Yaradana bərabər
tutduğu insanda axtarırdı. "Həqq
mənəm, həqq məndədir, ənəlhəqq
söylərəm” deməklə Nəsimi Mənsur Həllacı
da öz dərin fəlsəfi lirikası və cəsur
çıxışları ilə ucaldır,
yaşadırdı. Necə ki, özü
də edamından sonra bütün Şərqdə sanki yenidən
doğulur, haqq aşiqi kimi, həqqin özü kimi şəhid-filosof,
mübariz əzabkeş, dönməz əqidə qəhrəmanı
kimi hürufiliyin, bütövlükdə sufiliyin sonrakı
inkişafını şərtləndirir.
Nəsiminin fəlsəfəsində
aparıcı istiqamət sufizmdir. Hürufiliyə sufizmdən
gəldiyinə görə onun qəbul etdiyi, təlqin və
təbliğ etdiyi ideyalar da sufizmdən gəlirdi. Dünyanın varlığını, məkanın
və zamanın bütöv birliyini - vəhdət-e vücudu
şərh edən şair Allaha gedən yolun da sözdən
və məhəbbətdən keçdiyini bəyan edirdi.
Nəsimi sufiliyin bütün
çalarlarını incələmiş, ərəb və
farsdilli sufi fikir sahiblərinin irsini mənimsəmiş,
arif və aşiq adlandırdığı bu insanları dəyərləndirmis
və özü də dövrünün, yəqin ki, ən
böyük sufisi, Həllacı olmuşdur. Bu
geniş yayılmış təriqətin (Allaha qovuşmaq,
Onu dərk etmək yolu), xüsusilə də onun bir qolu kimi
meydana çıxmış hürufiliyin təsiri ilə Nəsimi
insanın Allahla vəhdətini, həmçinin maddi və mənəvi
dünyanın Yaradanla bağlılığını vəsf
edir. Onun şeirlərində ilahi məhəbbət
aparıcı yer tutur, lakin Nəsimi bir incə ruhlu şair
olaraq insanın dünyəvi məhəbbətinə də
üstünlük verir, insanı bəzi hallarda
allahlaşdırdığı kimi, onun eşqini də ilahiləşdirirdi.
Eyni zamanda, canlı, təbii insani eşqi də səmimi hislərlə
ifadə edirdi:
Düşdü yenə dəli
könül
gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün
fikri nədir, xəyali nə?
Nəsiminin tərənnüm
etdiyi insan, onun eşqi, Yaradana və dünyaya münasibəti
bütün din və təriqətlərdən ucada durur. O, bütün
haqsızlıqların, ədalətsizliklərin, qeyri-insani əməllərin
qarşısında durur, din və məzhəb
ixtilaflarının əleyhinədir, bir sıra şəriət
ehkamlarını, ibadət mərasimlərini, axirətlə
bağlı deyilənləri, hər cür mövhumat və
xurafatı, tərkidünyalığı qəbul etmir, dinlər
və imanlar arasında fərq qoymur.
* * *
Nəsiminin fars dilində
"Divan”ı və ərəbcə yazdığı bir
çox şeirləri onun fəlsəfəsinin ümumtürk
coğrafiyasının hüdudlarından kənarda da
geniş yayılmasını təmin edir, xalq kütlələri
tərəfindən incə ruhlu və dərin mənalı əsərlər
yaradan şair kimi sevilsə də, hakim siyasi dini dairələr
onu inkar edir, yaradıcılığını küfr
adlandırıb dinə zidd olduğunu təlqin edirdilər. Bu cür ittihamlar da Nəsimini məşhurlaşdırır
və müxtəlif ölkələrdə onun
çoxsaylı ardıcıllarının meydana
çıxmasına zəmin yaradırdı. Nəsimi həm bir şair, həm də mütəfəkkir
olaraq poeziyasında olduğu kimi, şəxsiyyətində də
hakim ideologiyaya, zamanın və hakim dinin sərt
qaydalarına, riyakar ruhanilərin tələblərinə
boyun əymədi. Hətta 1417-ci ildə
Misir sultanının fərmanı ilə dərisi soyulmaqla
edama məhkum ediləndə belə əqidəsindən
dönmədi.
Nəsiminin doğma türk (Azərbaycan)
dilində yazması onu həm sağlığında, həm
də edamından sonrakı daha uzun, ədəbi ömründə
bütün türk dünyasında tanıtmış və
sevdirmişdi, onun zəngin bədii və fəlsəfi irsi Azərbaycan
ədəbiyyatı və fəlsəfi fikrinin
inkişafına çox böyük təsir etmişdir. Nəsimi
dilinin və poetikasının dərin qatlarında hələ
açılmamış sirlər çoxdur:
Sirri-ənəlhəq söylərəm
aləmdə,
pünhan gəlmişəm,
Həm həqq derəm, həqq məndədir,
həm xətmi-insan gəlmişəm.
Həm Lövhü Tövratü Zəbur,
İncilü Quranü Süfəf,
Həm mən kəlami-natiqəm,
həm cəm-i-Quran gəlmişəm.
Həm mən qələndərsurətəm,
fərdəm, mücərrəd təcridəm,
Oldum fəqirü həm gəda,
həm mülkə sultan gəlmişəm.
Gəlmiş cahana şərh edər
şimdi Nəsimi həqq
sözün,
Ani kim idrak eyləsin,
mən sirri-pünhan gəlmişəm?!
Nəsiminin fəlsəfi
görüşlərinin, xüsusilə də hürufiliyin
keçən əsrin 70-80-ci illərində Azərbaycan
filosofları, AMEA-nın müxbir üzvləri, professor
Zümrüd Quluzadə, professor Zakir Məmmədov və
başqaları tərəfindən tədqiq edilib öyrənilməsi
və Nəsiminin fəlsəfi görüşlərində hürufiliyin yeri və önəminin
araşdırılması olduqca təqdirəlayiqdir. Lakin
Zümrüd Quluzadənin 1970-ci ildə Bakıda rus dilində
nəşr edilmiş "Hürufizm və Azərbaycanda onun
nümayəndələri” adlı dəyərli
monoqrafiyasının indiyə kimi Azərbaycan dilinə tərcümə
edilmədiyini təəssüflə qeyd etməliyik. Düşünürük ki, tarixi-ədəbi mənbələrin
dərindən təhlili əsasında yazılmış bu
qiymətli əsərin ana dilimizdə nəşri olduqca
vacibdir. Ümumiyyətlə, Nəsiminin zəngin fəlsəfi
irsinin hərtərəfli tədqiq edilib öyrənilməsi,
fars dilindəki divanının tərcüməsi ilə
birlikdə akademik nəşrinin təmin edilməsi və onun
fəlsəfi təhlilə cəlb edilməsi, ərəb
dilindəki şeirlərinin tərcüməsi və şərhi,
xüsusilə də onun günümüz üçün də
dəyərli olan Yaradana, insana, bəşəriyyətə, ətraf
aləmə məhəbbət təlqin edən həyat və
mübarizə fəlsəfəsinin hərtərəfli
açılması və təbliği "Nəsimi ili”nə
əhəmiyyətli töhfə olardı.
Eynulla
MƏDƏTLİ,
AMEA Fəlsəfə
İnstitutunun elmi işlər üzrə direktor müavini,
fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent
Azərbaycan.- 2019.-23 iyun.- S.6.