7 min ilə yaxın tarixi olan mənəvi sərvətimiz

 

 Yazı mədəniyyəti

 

Yazı mədəniyyətin, onun sahələrindən olan incəsənətin növlərindəndir. Çünki yazının yaranması insan şüurunun inkişafının ən bariz nümunələrindən hesab edilir. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupudur. O, insanlar üçün ən böyük kəşflərdən biridir. Yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnız şifahi formada olub. İlk yazı nümunələrinin isə artıq 7 min ilə yaxın tarixi var. Uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatan yazının necə yarandığını tapmaq üçün əvvəlcə düşünülməlidir: yazı niyə yarandı?

Şifahi şəkildə ünsiyyət hələ ibtidai icma dövrünün ilk çağlarından yalnız səslər vasitəsilə mövcud idi. Sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi... əlaqələrin qurulması üçün ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı. Demək, yazı insanların dillə, şifahi ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə tələbatdan yaranıb. Dilin əmələ gəlməsində olduğu kimi, yazının yaranmasında da kollektiv əmək danılmazdır. Yəni yazı ayrı-ayrı şəxslər deyil, ümumi kollektiv tərəfindən yaradılıb.

Son tədqiqatlara görə, yazının 4 əsas tipi var: piktoqrafik - şəkli; ideoqrafik - fikri; sillabik - hecalı; fonoqrafik - səs yazısı. Onların hər biri isə xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.

Yazının ilk tipi - piktoqrafiya üsulu çox qədim tarixə malikdir. İnsanların çəkdiyi ibtidai şəkillər buya digər məlumatı əks etdirdikdə şəkli yazı yaranmağa başlayıb. Tədqiqatçıların söylədiklərinə görə, bu yazıdan Azərbaycanda da istifadə olunması barədə tutarlı faktlar var. Bunlardan biri Qobustanda 720 qaya üzərində 4 mindən çox təsvirin olmasıdır. Həmin təsvirlərin çoxu piktoqrafiyadır. Bundan başqa, Kəlbəcərdə "İkinci Qobustan” adlandırılan ərazidə, Qazax və Gədəbəydə də piktoqramlar tapılıb.

Arxeoloqların aşkar etdikləri yazılı heyvan sümükləri dəqiq olmasa da, təxminən eramızdan on beş əsr əvvələ aid edilir. Qədim yazı texnikası bu gün də saxlanmaqdadır. Heca yazısının ünsürlərinin formalaşdığı ən qədim yazılardan biri də şumerlərindir. Qədim heca işarələri eramızdan əvvəl üçüncü minilliyin əvvəlində şumer yazısında əmələ gəlib. 1938-ci ildə şumer dilini ilk dəfə türk dilləri ilə əlaqələndirməyə cəhd göstəriblər. Onların ilk yazısı piktoqrafik xarakterli olub. Bu yazı zahiri əlamətlərinə görə başqalarından fərqlənirdi: işarələri mismara bənzəyirdi. Azərbaycan dilində bu, "mixi yazı” adlandırılır.

Beləliklə, araşdırmalar göstərir ki, dünyada 4 yazı tipinin hər birindən bu gün də istifadə olunur. Onu da deyək ki, hazırda latın, arami, finikiya, kiril, ərəb və brahmi şriftləri dünya dilləri üçün əsas götürülür.

Bu gün dünya ictimaiyyətinin daha çox istifadə etdiyi "Facebook” sosial şəbəkə yaşından və intellektual səviyyəsindən asılı olmayaraq müəyyən dünyagörüşünə malik insanların virtual əlaqə yaratdığı məkan kimi ilk baxışdan maraqlıdır: burada ağıllı da var, savadlı da, səviyyəliyə də rast gəlmək mümkündür, əksinə də! Ona görə də internetdə mənəvi sərvətlərimizdən olan yazı mədəniyyətinin qorunması problemi yaşamaqdadır. Təəssüf ki, ilk baxışdan qarşılaşdığımız məhz dil və yazı mədəniyyətində yol verilən çox kobud xətalardır. Danışıq və yazı dili burada qarışdırıldığına görə anlamaq olmur ki, bunları yazan azərbaycanlıdır, yoxsa hansısa bir əcnəbi. Bunlar bəlkə də bir qədər dözüləsi haldır. Onlardan da dəhşətlisi mobil telefonlar (smartfonlar) vasitəsilə internetə daxil olanların yazışmalarındakı səhvlərdir. Burada, demək olar ki, dilimizin və yazı mədəniyyətimizin bütün meyarları kobudcasına pozulur. İlk baxışdan düşünmək olardı ki, (əslində, belə idi) həmin telefonların dili bizimki olmadığı üçün bu problem qaçılmazdır. Lakin mobil telefonların proqramlarındakı son yeniliklər imkan verdi ki, bizana dilimizdə yaza bilək. Hələ ki bəzi şəbəkə istifadəçiləri istisna olmaqla, bu halın kütləviliyi cəmiyyəti ciddi şəkildə düşündürən məsələ kimi öz aktuallığını saxlamaqdadır. Bunlarla yanaşı, sosial şəbəkələrdə etik norma gözlənilmir, sözlər qramatik, fikirlər üslub baxımdan ciddi səhvlərlə yazılır. Yazışmalarda Azərbaycan əlifbasına məxsus "ə” "ö”, "ü”, "ş”, "ç”, "ğ” kimi hərflərdən istifadə olunmaması nəinki dilimizin qayda-qanunlarının pozulmasına gətirib çıxarır, həm də gələcək nəsillərin dilimizin gözəlliyindən məhrum edilməsi deməkdir. Məsələn, "təşəkkür - tşk”, "salam - slm”, "hə - ok” "yaxşı - iyi”, "no problem” və s. kimi yazılan sözlərin hansı dilə və ya xalqa mənsub olması qaranlıq qalır. Bu problemi yaradanyayan savadsız, intellektual baxımdan aşağı səviyyədəkilər olsaydı, nə vardı... Bəla burasındadır ki, həmin yazıların müəllifləri hətta dilçilərdir.

Bu gün sosial şəbəkələrdə müxtəlif dövlətlərin diversantları antimilli mövqe ortaya qoyaraq Azərbaycan əleyhinə kampaniya aparır, mənəvi dəyərlərimizə qarşı müxtəlif formada terror edirlər. Azərbaycan tolerant ölkədir. Bu, aydındır, çoxmillətli ölkələrdə dilin zənginliyi diqqət çəkir. Ölkəmizdəki müxtəlif azsaylıların dilinə, mədəniyyətinə, məişətinə, milli adət-ənənəsinə, musiqisinə və mətbəxinə hörmət xalqımızın mənəvi zənginliyini göstərir. Eyni zamanda, Azərbaycan multikultural ölkə olduğu üçün burada hər bir xalqın dininə, dilinə, mənəvi dəyərlərinə hömətlə yanaşılır. Lakin bu heço demək deyil ki, rəsmi dövlət və ədəbi dilimizi "modernləşdirək” - "müasirləşdirək” - əcnəbi dillərdən öyrəndiyimiz beş-on kəlmə ilə "bəzəyək”.

Çox təəssüf ki, yeni "alınma” sözlərlə yanaşı, hətta sosial mediada, xüsusən də "Facebook”da qeyri-etik ifadələrə, sarkazmlarla bir-birini mənasız ittihamlara da rast gəlinir. Mətbuatda ədəbi dil normalarının qorunması mühüm məsələdir.

Televiziyaradiolarda dillə bağlı verilişlərin sayı artırılmalı, jurnal, qəzet redaksiyalarında, həmçinin saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunmalıdır. Ümumiyyətlə, saytlarredaksiyalar Azərbaycan dilinə hörmətlə yanaşmanı gündəlik normasına çevirməyi bacarmalıdırlar.

Əlbəttə, sadə insanlar da bir çox hallarda ədəbi dil normalarını pozurlar. Bu, sosial şəbəkələrdə özünü açıq-aydın göstərir. Bəzən tanıdığın, qələminə hörmət etdiyin birisosial şəbəkədə paylaşdığı adi mətndə durğu işarələri, müxtəlif ifadələrlə bağlı ciddi səhvlərə yol verir.

Yazı mədəniyyətinin formalaşması uzuntarixi yol keçib. Onu hər hansı vasitə ilə itirmək, qüsur və xətalara yol vermək olmaz!

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 23 iyun.- S.7.