Olimpdə Zevsin heykəli
Dünyanın
yeddi möcüzəsi
Elə sənət əsərləri olub ki, araya-ərsəyə gətirildiyi dövrün özündə də böyük heyrət doğurub. Hətta müəlliflərini görüb-tanıyanlar da onların bir insan zəkası, insan əli ilə yaradıldığına təəccübləniblər. Belə əsərlər az olmasa da, onlardan yeddisi qədim dünyanın möcüzəsi hesab edilir.
Zamanın amansız tufanları, qasırğaları antik sənət əsərlərinə qarşı amansız oldu. Qədim dünyanın yeddi möcüzəsi sayılan ecazkar abidələrin çoxu dövrümüzə gəlib çatmadı. Ancaq həmin sənət möcüzələri unudulmadı. Onlardan biri də Olimpdə Zevsin heykəlidir.
Qalib hökmdar
Qədim yunan əsatirlərində bildirilir ki, bir vaxtlar atası Uranın hakimiyyətini ələ keçirən Kron uşaqlarının da onu taxt-tacdan məhrum edəcəklərindən qorxduğu üçün onları udur. Buna görə də ilahə Reya Zevsi Krondan gizli Krit adasındakı Psixro mağarasında dünyaya gətirir. Reya ərini aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını verir. Beləcə, Zevs xilas ola bilir.
Bir gün Kronun qorxduğu başına gəlir. Zevs hakimiyyət uğrunda mübarizədə atasını məğlub edir. Qədim Yunanıstanda bu hadisə ilə əlaqədar olaraq Olimpiya oyunları təşkil edilir. Açılışda Zevsə qurban kəsilir.
Hökmdarın müqəddəs yeri Olimp məbədi olur. Olimpiya şəhərinin mərkəzi meydanında mərmər üzlük çəkilmiş və müxtəlif heykəllərlə, döşəməsi isə möhtəşəm mozaika ilə bəzədilmiş əzəmətli məbədin içərisində böyük qırmızı pərdə arxasında yunanların baş allahı Zevsin heykəli qoyulur. Əsərin müəllifi eramızdan əvvəl V əsrin məşhur heykəltəraşı Fidi idi. Bu heykələ qədər Parfenondakı Afina heykəlini və Parfenonun divar relyeflərini, Afinanın yenidən qurulması planını hazırlasa da, Zevsin heykəli onu daha çox şöhrətləndirir.
Antik müəlliflərin məlumatına görə, abidəsində Zevs qızıl və fil sümüyü ilə bəzədilmiş taxtda əyləşmişdi. Onun yuxarı hissəsi çılpaq, aşağı hissəsi zəngin paltara bürünmüşdü. Bədəni və başı ağacdan düzəldilən, üzəri fil sümüyü ilə örtülən yunanların baş allahının bir əlində qələbə ilahəsinin - Nikanın heykəli, digərində Zevsin müqəddəs quşu - qartalın təsviri ilə bəzədilmiş hökmdarlıq əsası var idi. Zevsin başını qızıldan düzəldilmiş zeytun yarpaqları çələngi bəzəyirdi. Çələng zəhmli tanrının sülhsevərliyinə işarəydi. Onun saqqalı və qıvrım saçlarla haşiyələnmiş sifətində ciddiliklə bərabər xeyirxahlıq əksini tapmışdı.
Sənət möcüzəsi
Məbədə çətinliklə yerləşən heykəlində Zevs oturaq vəziyyətdə təsvir edildi. Belə təsəvvür yaranırdı ki, yunanların baş allahı ayağa qalxarsa, məbədin tavanı çökər. Heykəlin oturdulduğu döşəmə 6,5 metr genişliyində və 1 metr hündürlükdə, heykəlin özü 12 metr hündürlükdə idi. Üzərində isə yunan tanrılarının və Sfinks kimi mistik heyvan fiqurları əksini tapır. Heykəlin dərisinin fil dişindən, saqqalının, saçlarının, paltarının isə qızıldan olması onu daha da əzəmətli göstərirdi. Belə ki, parlaq fil dişi, qızıllar qaranlıq dəhlizdən keçənlərin gözlərini qamaşdırır, onlarda böyük təəssüratlar yaradırdı.
Olimpiadalar əsnasında döyüşlər dayanar, dünyanın hər yerindən bura gələn atletlər üçün heykəlin qarşısında mərasimlər təşkil olunurdu. Zevsin heykəli eramızdan əvvəl 450-ci ildə, məbəd isə ondan da qabaq - eramızdan əvvəl 770-ci illərdə olimpiadalar başlandıqdan sonra inşa edilmişdi.
İllər keçsə
də, Zevsin heykəlinin şöhrəti
azalmırdı. Yunanıstanda Zevsin heykəlini
görməyən adamı bədbəxt hesab
edirdilər. Bura yalnız ibadət üçün deyil, həm
də bu misilsiz sənət
əsərinə baxmaq üçün
gəlirdilər.
Eramızdan əvvəl 200-cü ildə heykəl bərpa olundu. Ancaq Romaya daşınarkən zədələndi.
Roma imperatoru Dominisian (284-305) tərəfindən olimpiada oyunları qadağan edildikdən sonra bütpərəstlik nümunəsi kimi Zevs məbədi də bağlandı. Bundan sonra bura maraq azaldı. Təbiətin şıltaqlıqları - zəlzələlər, sellər isə heykəlin köhnəlməsini sürətləndirdi. Dünyanın yeddi möcüzəsindən biri sayılan heykəl zəngin yunanlar tərəfindən yeni qurulan və ozamankı adıyla Konstantinopol deyilən İstanbula aparıldı.
Böyük yanğının qurbanı
Əsrlər ötdü. Bizansda bütpərəstliyin
yerini xristian dini aldı. Bütpərəstliyə aid abidələrə
etinasızlıq göstərməyə
başladılar. Ancaq imperatorun
qorxusundan Zevsin heykəlinə toxunmağa
kimsə cürət etmədi. Beləliklə, heykəl bütpərəstliyə
düşmən münasibət
bəsləyən xristianların
hücumlarından bir
müddət qorunmuş
oldu. Bununla belə, abidənin
yox olmasını istəyənlər öz
niyyətlərindən dönmədilər.
Aradan xeyli vaxt ötdü.
Bir dəfə kilsədə yaşlı bir mömin din xadimlərinə
bütpərəst heykəlinin
xristian məbədində
saxlanılmasının böyük
qəbahət olduğunu
söylədi. Amma heykəl
elə məhv edilməli idi ki, bu məsələdə
kimsəni ittiham etmək mümkün olmasın. Yaşlı mömin bunun
yolunu da göstərdi. Bunun üçün
imperatorun sarayı tamam yanmalı idi. Bu fikir
xristian fanatiklərinə
ağlabatan göründü.
Eramızın V əsrində II Feodosinin sarayı yandırıldı. Zevsin nəhəng
heykəli də yanıb külə çevrildi. Beləcə, 462-ci ildə baş verən böyük yanğında qədim dünyanın yeddi möcüzəsindən biri,
Fidinin qeyri-adi heykəltəraşlıq məharəti
ilə yaratdığı
heyrətamiz sənət
əsəri - Zevsin heykəli məhv oldu.
Zevsin heykəlinin qalıqları
Afinanın 150 kilometr qərbində yerləşən
qədim Olimpiya şəhərində, ilk olimpiadaların
keçirildiyi yerdədir. 1829-cu ildə Olimp dağında heykələ
aid bəzi parçalar
tapıldı və Fransaya aparıldı.
Hazırda həmin hissələr
Parisdə Luvr Muzeyində sərgilənir.
Təəssüf ki, olimpli Zevsin
heykəlini qorumaq, mühafizə etmək mümkün olmadı. Amma o ecazkar
sənət nümunəsini
təsəvvürlərdə canlandırmaq, təsvirlərini
cızmaq üçün
mənbələrdə və
dildən-dilə keçən
əhvalatlarda kifayət
qədər məlumatlar
qaldı.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2019.- 23 iyun.- S.7.