Azərbaycan dünyaya nümunə göstərir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
BMT-nin Dövlət Xidmətləri Forumunun
açılış mərasimində iştirak edib
İyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.
AZƏRTACxəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.
Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.
Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil ediləcək. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.
Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, "ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsidir.
Əvvəlcə birgə foto çəkdirildi.
Forumun açılışında çıxış edən Birinci vitse-prezident Mehriban ƏLİYEVAdedi:
-Cənab Baş katibin müavini,
Zati-aliləri
Xanımlar və cənablar,
hörmətli qonaqlar, əziz dostlar.
Sizin hamınızı Azərbaycanda
salamlamaqdan məmnunam. Şərqi Avropa regionunda ilk dəfə
təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumunu
keçirməkdən şərəf hissi duyuruq. Bu tədbiri paytaxtımızda keçirmək qərarına
görə BMT-yə təşəkkürümüzü
bildiririk. Biz bunu Azərbaycanın dövlət
xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərin
dəyərləndirilməsi hesab edirik. Bu il keçirilən tədbirin mövzusu
bütün xalqlar üçün mühüm əhəmiyyət
kəsb edir. Bu, dünyanın müxtəlif yerlərindən
gəlmiş, qərar qəbul edən yüksək rütbəli
şəxslər üçün təcrübələrini
bölüşmək, çağırışları
müzakirə etmək və BMT-nin 2030-cu il gündəliyinin
Dayanıqlı İnkişaf Məqsədlərinə nail
olmaq üçün faydalı platformadır. Bu
prosesdə dövlət qurumlarının xalqımıza
yüksək keyfiyyətli xidmətlər göstərmək
və innovativ dəyişikliklərdə iştirak etmək
bacarığı xüsusi rol oynayır. Bu
baxımdan, mən fürsətdən istifadə edərək,
bu gün sizinlə səmərəli dövlət qulluğu
sistemi sahəsində Azərbaycanın uğurları ilə
bölüşmək istərdim.
Azərbaycanın Birinci
vitse-prezidenti vurğuladı ki, əsas hədəf və məqsəd
yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların
keçmişdə üzləşdiyi çətinliklərin
aradan qaldırılmasından, dövlət xidmətlərini
insanlar üçün əlçatan, rahat, asan və səmərəli
etməkdən ibarətdir. "Vahid pəncərə” prinsipi əsasında
dövlət xidmətlərinin göstərilməsi
ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən
Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca,
həmçinin "asan” olduğunu vurğulayaraq dedi:
-"ASAN xidmət” Azərbaycan
Prezidentinin təşəbbüsü ilə
genişmiqyaslı dövlət idarəçiliyi
islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis
edildi. Xalq isə dərhal bu islahatları
alqışladı. "ASAN xidmət” Bakıda
kiçik pilot layihə ilə fəaliyyətə
başladı. Həmin vaxt xalqın tələbatlarına
şəffaf, əlçatan, səmərəli və rahat
şəkildə cavab vermək məqsədilə bir
neçə dövlət xidmətləri göstərən
qurum bir binaya toplaşdı. ASAN dərhal əhali
arasında o qədər populyarlaşdı ki, biz, bu uğurun
davamı olaraq, göstərilən xidmətlərin
sayını və növünü çoxaltmaq fikrinə gəldik
və "ASAN xidmət” Azərbaycanın rayonlarında da
açılmağa başlandı.
Nisbətən az müddət ərzində
"ASAN xidmət”in insanların tələbatlarını həll
etməkdə dövlət xidmətləri sahəsində
yeni mədəniyyəti təqdim edən milli brendə
çevrildiyini deyən Birinci vitse-prezident hazırda 10
"ASAN xidmət”in rayonlarda, 5 "ASAN xidmət”in isə
Bakıda fəaliyyət göstərdiyini
bildirdi. Planda bu ilin sonuna qədər əlavə 5 "ASAN
xidmət”in rayonlarda, ikisinin isə Bakıda açmaq
olduğunu diqqətə çatdıran Mehriban Əliyeva
dedi:
-Görülmüş işlərin
həcmi baxımından sizə bir rəqəmi təqdim edəcəyəm.
2013-cü ildən etibarən ASAN mərkəzlərində
ölkə üzrə 30 milyondan artıq ərizəyə
baxılmışdır. Bu gün həmin
mərkəzlərdə 320 dövlət və özəl
xidmət göstərilir. 12 müxtəlif
dövlət qurumu və bir qrup özəl şirkətlər
bir bina daxilində "ASAN xidmət”də təmsil olunurlar.
Çox qısa müddət ərzində
"ASAN xidmət” dövlət ilə vətəndaş
arasında münasibətlərdə mərkəzi yeri tutdu.
"Vətəndaş rəyinin
daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət
edir”, - deyən Birinci vitse-prezident bu uğurun digər səbəbinin
gənclərimizin fəal və geniş şəkildə
iştirakı ilə bağlı olduğunu söylədi. Mehriban
Əliyeva qeyd etdi ki, 2013-cü ildən başlayaraq 19 mindən
artıq könüllü ASAN-ın işində iştirak
edib. Onlardan 1100 nəfərinin müxtəlif "ASAN
xidmət”lərdə tam ştatlı işlə təmin
olunduğunu vurğulayan Birinci vitse-prezident dedi:
-Biz istedadlı, yüksək
motivasiyalı və yaradıcı gənclərimizin ölkənin
müasirləşməsində necə yaxından iştirak
etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq
ictimaiyyətin də diqqətini cəlb etmişdir və 2015-ci
ildə "ASAN xidmət” dövlət xidmətlərinin təchizatının
təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən
mükafata layiq görülmüşdür. Bizim ASAN ilə bağlı olan təcrübəmizin
daha geniş regionda ən yaxşı təcrübə kimi
izlənilməsinə görə fərəhlənirik.
Mehriban Əliyeva
vurğuladı ki, bu ilin əvvəlində birinci bənzər
mərkəz Kabildə açılıb, Əfqanıstandan
olan 100-dən çox ekspertə ASAN tərəfindən təlim
keçirilib.
Birinci vitse-prezident yaxşı təcrübələrimizi
başqa ölkələrlə paylaşmağı davam etdirməyə
hazır olduğumuzu bildirdi, bu günədək ASAN-la
müxtəlif ölkələr və beynəlxalq təşkilatlar
arasında 10 anlaşma memorandumunun imzalandığını
vurğuladı. Mehriban Əliyeva qeyd etdi
ki, biz bununla kifayətlənmirik və dövlət xidmətlərinin
keyfiyyətini təkmilləşdirməyə davam edirik.
İnsanlara proaktiv elektron xidmətlərin
göstərilməsi üçün Asan my-gov
portalının yaradıldığını, bununla da vətəndaşların,
həmçinin onlayn xidmətdən
yararlandığını diqqətə çatdıran
Birinci vitse-prezident 2016-cı ildə ölkəmizdə
ASAN-ın uğur hekayəsinin davamı olaraq ABAD adı
altında digər sosialyönümlü xidmətin fəaliyyətə
başladığını xatırlatdı. ABAD Azərbaycanın regionlarında kiçik ailə
təsərrüfatı bizneslərinə yardım etmək və
kiçik sahibkarlığı inkişaf etdirmək məqsədini
daşıyan publik hüquqi şəxsdir. Bu layihənin
reallaşmasında məqsədin ölkənin sosial və
iqtisadi inkişafına vətəndaşların daha fəal
və yaradıcı şəkildə cəlb edilməsi
olduğunu, 400-ə yaxın üzvü olan ABAD-ın
regionlarda işsizlik məsələsinin həlli
üçün mühüm bir vasitəyə
çevrildiyini bildirən Mehriban Əliyeva dedi:
-Xanımlar və cənablar, bu, vətəndaşlarımızın
faydalanması üçün dövlət xidmətləri
sahəsində islahatların aparılması üzrə Azərbaycanın
təcrübəsinə dair kiçik bir xülasə idi. Müntəzəm paylanıla və
araşdırıla bilən digər çoxsaylı nümunə
və təcrübələrin mövcud olduğuna əminəm.
Məhz buna görə Azərbaycan bilavasitə
bu forumun nəticəsi olaraq Dövlət Xidmətlərinin Təchizi
üzrə Müəssisələrin ASAN
Assosiasiyasının yaradılması təşəbbüsünü
irəli sürmüşdür. Ümid
edirəm ki, bu yeni assosiasiya dövlət xidmətlərinin səmərəli
təchizi üçün ekspertlər arasında dialoqu təşviq
etmək məqsədi daşıyan əhəmiyyətli beynəlxalq
bir alətə çevriləcəkdir. Bu,
sözügedən sahədə bütün mövcud
yaxşı təcrübələrdən istifadə etmək
istəyində olanlara yardım edə bilər.
Əziz dostlar, bir daha Azərbaycana
xoş gəlmisiniz. Mən hamınıza maraqlı və
faydalı müzakirələr, forumun işinə
böyük uğurlar arzu edirəm. Nəhayət,
sizi Bakıda qaldığınız müddətdə
boş vaxt tapıb bizim gözəl şəhərimizi kəşf
etməyə və ənənəvi Azərbaycan qonaqpərvərliyindən
həzz almağa dəvət edirəm. Təşəkkür
edirəm.
***
Sonra BMT Baş katibinin
iqtisadi və sosial məsələlər üzrə
müavini Liu CENMİN çıxış
etdi. BMT
Baş katibinin adından 2019-cu il BMT
Dövlət Xidmətləri Forumunun bütün
iştirakçılarına səmimi salamlarını
çatdıran Liu Cenmin tədbirin yüksək səviyyədə
təşkil olunduğunu vurğulayaraq dedi:
-Builki BMT Dövlət Xidmətləri
Forumuna və mükafatlandırma mərasiminə ev sahibliyi etdikləri üçün Azərbaycan
Respublikasının hökumətinə və xalqına səmimi
təşəkkürlərimi ifadə etmək istəyirəm.
Dərin təşəkkürlərimi
düzgün istiqamət verdiyi üçün cənab
Prezident İlham Əliyevə çatdırmaq istəyirəm.
Dəstəyi, misilsiz fədakarlığı,
iştirakı və çıxışı
üçün Birinci vitse-prezidentə minnətdarlıq etmək
istəyirəm. Azərbaycan
Respublikasının bütün dünyada məşhur olan
alicənablığını və qonaqpərvərliyini
birbaşa görmək imkanımız oldu.
BMT Baş katibinin müavini
Bakının tarixi və müasir memarlıq nümunələrini
birləşdirən möhtəşəm bir şəhər
olduğunu da vurğuladı. Forum
iştirakçılarının səmərəli dövlət
xidmətlərinin göstərilməsi, innovativ transformasiyalar
və bu istiqamətli institutlar yolu ilə Davamlı
İnkişaf Məqsədlərinə çatmağı
özünə hədəf seçdiyini deyən Liu Cenmin
BMT-nin 2030-cu il Davamlı İnkişaf
Gündəliyi barədə ətraflı danışdı. Qeyd etdi ki, Dayanıqlı İnkişaf Məqsədlərinə
çatmaq üçün şəffaf, hesabatlı və səmərəli
institutlar olmalıdır. İnklüziv, firavan və
davamlı dünya yaratmaq üçün əldə edilən
uğurlarla yanaşı, sosial, iqtisadi və ətraf mühit
çağırışlarının olduğunu bildirən
BMT Baş katibinin müavini bu baxımdan müvafiq
institutların indiyədək heç vaxt olmadığı
qədər əhəmiyyətli olduğunu vurğuladı. Gələn
ay Nyu-Yorkda üzv dövlətlər, o cümlədən Azərbaycanın
da iştirak edəcəyi siyasi foruma toxunan Liu Cenmin
inklüziv, həssas, şəffaf və səmərəli
institutların dayanıqlı inkişaf üçün
fundamental əhəmiyyətini vurğuladı. BMT Baş
katibinin müavini ölkəmizdə dövlət xidməti
sahəsində əldə edilən uğurları da
xüsusi qeyd edərək dedi:
-Azərbaycan Respublikası
innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli
və insanyönümlü İKT əsaslı dövlət
xidməti sistemi yaradıb. Beləliklə, sosial
xidmətlərin göstərilməsində dövlət
qulluqçuları ilə vətəndaşlar
arasındakı məsafəni qısaldıb və dövlət
qulluqçuları ilə vətəndaşlar
arasındakı ünsiyyəti şəffaflaşdırıb.
Dövlət bu misilsiz nəticəni xidmətlərin
göstərilməsini müasirləşdirməyə
bütün hökumət qurumlarının birgə
yanaşması, ASAN mərkəzlərin yaradılması və
yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi,
xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə
vətəndaşların məmnunluğunun
artırılması ilə əldə edib. Bu, nəticənin əldə edilməsində
çox vacibdir.
***
BMT Baş katibinin iqtisadi və
sosial məsələlər üzrə müavini ölkəmizdə
rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət
xidmətlərinin inkişafı sahəsində BMT-nin
xüsusi mükafatını Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevaya təqdim etdi.
***
Sonra Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi MEHDİYEVçıxış
edərək bildirdi ki, Dayanıqlı İnkişaf Məqsədləri
qəbul olunandan səmərəli və şəffaf təsisatların
yaradılması beynəlxalq ictimaiyyətin başlıca hədəflərindən
birinə çevrilib və bu istiqamətdə Azərbaycanda
da xeyli tədbirlər görülüb. Bu sahədə
ölkəmiz üçün perspektivlərin müsbət
olduğunu vurğulayan Ülvi Mehdiyev bunun əsasən innovasiyaların
dövlət idarəçiliyində uğurlu tətbiqi, eləcə
də dövlət xidmətlərinin göstərilməsində
vətəndaş yönümlü yanaşma ilə şərtləndiyini
bildirərək dedi:
-Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin
həyata keçirdiyi islahatlar institusional mexanizmlər,
strukturlar, sistemlər və innovativ metodlara əsaslanır ki,
onlar vətəndaş cəmiyyətinin cəlb edilməsi
üçün daha əlverişli olsun. Birinci
vitse-prezident Mehriban Əliyevanın qeyd etdiyi kimi, "ASAN xidmət”
Azərbaycan Prezidentinin təşəbbüsü ilə
2012-ci ildə dövlət idarəçiliyi sahəsində
aparılan islahatların tərkib hissəsi kimi
yaradılıb. O, qabaqcıl idarəetmə prinsiplərinə
əsaslanır və ölkəmizdə dövlət xidməti
sahəsində fundamental dəyişikliyə səbəb
olub. "ASAN xidmət” mərkəzləri səmərəlilik,
əlçatanlıq, şəffaflıq, rahatlıq və
innovasiya prinsiplərinə əsaslanan ən yüksək xidmət
səviyyəsini təmin edir. Təsadüfi
deyil ki, "ASAN xidmət”in vətəndaşlar tərəfindən
qiymətləndirilməsi demək olar ki, 100 faiz müsbətdir.
"Heç kimi kənarda qoymadan
şəffaf və səmərəli xidmətlərin təqdim
edilməsi Azərbaycan hökumətinin nail olduğu məqsəddir.
Şəffaflıq və məsuliyyətlilik bütün ASAN
mərkəzlərində tam təmin olunub”, - deyən
Ülvi Mehdiyev BMT-nin Dövlət Xidmətləri
Mükafatına layiq görülmüş "ASAN xidmət”in
təcrübəsinin bir neçə ölkədə tətbiq
olunduğunu, bir neçə ölkə və beynəlxalq təşkilatla,
o cümlədən Fransa, İtaliya, Koreya Respublikası,
Monteneqro, Mərakeş, Uqanda, İndoneziya, İSESCO və
Afrikanın Birləşmiş şəhərlər və
yerli hökumətlər təşkilatı ilə anlaşma
memorandumlarının imzalandığını diqqətə
çatdırdı.
***
Daha sonra İndoneziya
Respublikasının Qunadarma Universitetinin rektoru və Özəl
Universitetlər Assosiasiyasının vitse-prezidenti, professor
xanım Eko Sri MARGİANTİçıxış
etdi. Forumun əhəmiyyətini
vurğulayan, belə tədbirdə iştirak etməyin önəmini
qeyd edən qonaq dedi:
-İcazə verin, bu cür
çox vacib və əlamətdar gündə nitq söyləmək
üçün dəvət olunduğuma görə dərin
minnətdarlığımı bildirim. Bu zamanı
sizinlə paylaşmaqla öz şəxsi fikir və təcrübələrimi
ifadə etmək mənim üçün həqiqətən
də böyük şərəfdir. Həmçinin
Bakıya ilk dəfə səfər etdiyimə görə bu,
mənim üçün xüsusi imkandır.
Zati-aliləri, hörmətli
qonaqlar, xanımlar və cənablar. Bu xüsusi məqamda mən, həmçinin
BMT-nin Dövlət Xidmətləri Forumuna uğurla ev sahibliyi etdiyinə görə Azərbaycan
Respublikası hökumətini təbrik etmək istəyirəm.
Eko Sri Margianti diqqətə
çatdırdı ki, o, üç il ərzində
İndoneziyanın dövlət xidmətləri üzrə
qeyri-rəsmi müsabiqəsinin qiymətləndiricisi olub. Fəaliyyəti dövründə əldə etdiyi
təcrübəni bölüşən indoneziyalı qonaq
ölkəsində dövlət xidmətlərinin sürətləndirilməsi
istiqamətində görülən işlərdən
danışdı. O, BMT-nin 2030-cu ilə qədər nəzərdə
tutulan Dayanıqlı İnkişaf Məqsədləri
gündəliyinə toxundu, bu istiqamətdə atılan
addımlarda innovasiyanın tətbiqinə xüsusi yer
ayrıldığını vurğuladı. Eko
Sri Margianti forumda müzakirə olunan məsələlərlə
bağlı fikirlərini söylədi və qeyd etdi ki,
mövcud çağırışlara şəffaflıq, səmərəlilik
və hesabatlılıq prinsiplərini rəhbər tutmaqla
cavab vermək mümkündür. O, bu məsələdə
beynəlxalq əməkdaşlığın roluna da toxunaraq,
gələcəkdə daha böyük nailiyyətlərə
imza atmaq üçün birgə səylərin əhəmiyyətini
xüsusi qeyd etdi.
***
Forum işini müxtəlif
mövzulara aid sessiyalarla davam etdirdi.
Azərbaycan.- 2019.-25 iyun.- S.1-2.