Forum çərçivəsində Dövlət Sektoru üzrə Ümumdünya Hesabatı təqdim edilib

 

İyunun 24-də Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində Dövlət Sektoru üzrə Ümumdünya Hesabatı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, hesabatı BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin təqdim edib. O qeyd edib ki, 2001-ci ildən etibarən hər il tərtib olunan bu hesabatlar vətəndaşların məlumatlara əlçatanlılığını təmin etməyə hesablanıb. Hesabatlar dayanıqlı inkişaf üzrə 16-cı çağırışın müddəalarına əsaslanır. Zaman keçdikcə hesabatlara qoşulan ölkələrin sayı daha da artır. Əgər 2016-cı ildə 118 ölkə hesabat təqdim edibsə, ötən il bu rəqəm 139-a çatıb.

Lui Cenmin bildirib ki, təqdim edilən hesabat 5 fəsildən ibarətdir. Həmin fəsillər institusional trendlər, korrupsiyaya qarşı mübarizə, büdcələşmə, risklərin idarə edilməsi və gender bərabərliyi üçün institutları özündə əks etdirir.

Qeyd olunub ki, bəzi ölkələrdə risklərin idarə olunması üzrə hesabatlar natamam həyata keçirilir. Həmçinin hələ də dünyada kişi və qadınların aldıqları məvaciblər arasında fərq var. Eyni işə görə qadınlara kişilərlə müqayisədə daha az məvacib ödənilir. Bu boşluqlar aradan qaldırılmalıdır.

 

Azərbaycan.- 2019.-25 iyun.- S.4.