"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan
bəşəri həmrəyliyə" mövzusunda
beynəlxalq konfransın Vyana Bəyannaməsi
Xəbər verdiyimiz kimi, iyunun 19-da Avstriyanın paytaxtı Vyana şəhərinin “Hofburq” sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransın yekununda Vyana Bəyannaməsi qəbul edilib. Bəyannamədə deyilir:
İyunun 19-da müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəsmilərinin, dini liderlərin, ictimaiyyətin nümayəndələrinin, elm və din xadimlərinin iştirakı ilə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” beynəlxalq konfransının iştirakçıları:
sivilizasiyalararası və dinlərarası əməkdaşlığın, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verən Azərbaycan Respublikası tərəfindən Vyana Konfransına göstərilən diqqət və dəstəyi yüksək qiymətləndirərək;
konfransın həmtəşkilatçıları - Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinə, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinə, Cenevrə İnsan Haqları və Qlobal Dialoq Mərkəzinə və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyinə tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirərək;
Zati-müqəddəsləri Roma Papası Fransisk ilə Şeyx Əhməd əl-Tayyib həzrətləri tərəfindən 2019-cu il fevralın 4-də Əbu-Dabidə imzalanmış “İnsani qardaşlıq və dünyada sülh” birgə sənədini alqışlayaraq;
2018-ci il iyunun 25-də BMT-nin Cenevrədəki ofisində “Dinlər, inanclar və dəyər sistemləri: bərabər vətəndaşlıq hüquqları” mövzusunda keçirilmiş ümumdünya konfransında qəbul olunmuş və BMT Baş katibi tərəfindən təsdiq edilmiş Bəyannaməni alqışlayaraq;
qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinin sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğunu vurğulayaraq və bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edərək;
dünyada terrorizmin geniş miqyasda yayılması, ayrı-seçkiliyin, ksenofobiyanın, rasizmin, eləcə də dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dinin istismar olunması, mədəni, dini və tarixi irsin dağıdılması, qaçqınların, məcburi köçkünlərin və miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı öz dərin narahatlıqlarını ifadə edərək;
özündə bəşəri dəyərləri əks etdirən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əvəzolunmaz töhfə verdiklərini, humanizmin, sülhün və ədalətin bərqərar olmasına xidmət etdiklərini xüsusi vurğulayaraq;
davamlı tərəqqiyə, sabitlik və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrə, aqressiv təbliğatlara, dinlərarası və məzhəblərarası ixtilafların qızışdırılması hallarına qarşı beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinin zərurətini bildirərək;
dövlətləri, Birləşmiş Millətlər Təşkilatını, digər beynəlxalq, regional və ictimai təşkilatları, dini və dünyəvi liderləri
-sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşmanın və əməkdaşlığın davam etdirilməsinə və təşviq olunmasına;
-terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanması, ayrı-seçkiliyə əsaslanan rasizmin, habelə təhqiramiz olan ksenofobiyanın, antisemitizmin, xristianofobiyanın və islamofobiyanın qarşısının alınması üçün təsirli tədbirlər görməyə;
-din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə;
-terrorçuların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinin qarşısının alınmasına;
-irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, gənclərin bu sahədə, habelə bərabər vətəndaşlıq mövzusunda maarifləndirilməsini təşviq etməyə;
-Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş təhdid və təhlükələrin çözülməsi üçün birgə səylərin artırılması və qlobal dialoqun vacibliyini vurğulayaraq,
-silahlı münaqişə, təqib, zorakılıq, o cümlədən terrorizm kimi amilləri böyük qaçqın axınlarına səbəb kimi tanıyaraq, bu cür böhran vəziyyətlərin köklü səbəblərinin qarşısının alınmasına və sülh yolu ilə həllinə,
-Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət etməyə, dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə;
-UNESKO-nun Konstitusiyasına istinadən, dini, mədəni və etnik müxtəlifliyin qəbul olunması və buna hörmətlə yanaşılmasının təşviq edilməsinə;
-Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi və BMT-nin
Uşaq Hüquqları haqqında
Konvensiyasına riayət etməyə, insan
hüquqları, qadın və uşaq
haqlarının qorunması sahəsində din,
elm xadimləri və ictimaiyyət xadimlərinin
birgə fəaliyyətini dəstəkləməyə
çağırırlar.
Azərbaycan.-
2019.- 25 iyun.- S.5.