Azərbaycan
ilə Bolqarıstan arasında əlaqələrin inkişaf
perspektivləri müzakirə olunub
Azərbaycanın Xarici İşlər
naziri Elmar Məmmədyarov Bolqarıstanın Baş Nazirinin
müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryeva ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki,
görüşdə nazirlər iki ölkə arasında bir
çox sahələr üzrə mövcud olan
qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini
müzakirə edib və əlaqələrin cari vəziyyətindən
məmnunluq bildiriblər.
Nazir Elmar Məmmədyarov 2015-ci
ildə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana
səfəri zamanı imzalanan strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamənin ikitərəfli əlaqələrin
inkişaf etdirilməsi baxımından başlıca konseptual
sənəd olduğunu qeyd edib, son illər ərzində bu sənədin
yerinə yetirilməsi istiqamətində xeyli iş
görüldüyünü bildirib. Eyni zamanda, ölkələrimiz
arasında ticarət dövriyyəsinin həcminin strateji əməkdaşlığımızın
potensialına uyğun gəlmədiyini söyləyən
nazir bu xüsusda tərəflərin birgə addımları
nəzərdən keçirilməli olduğunu söyləyib.
Görüş zamanı Elmar Məmmədyarov
Bolqarıstandan olan həmkarına Azərbaycanın təşəbbüsü
və iştirakı ilə həyata keçirilən
mühüm infrastruktur, enerji və nəqliyyat layihələri
haqqında məlumat verib. O, Bolqarıstanın “Cənub Qaz Dəhlizi”
layihəsi çərçivəsində
Yunanıstan–Bolqarıstan interkonnektoru vasitəsilə
yaradılan bu şəbəkəyə qoşulmasını
təqdirəlayiq hal kimi dəyərləndirib.
Azərbaycanlı həmkarının
ötən ilin oktyabrında Bolqarıstana səfərini məmnunluqla
xatırlayan nazir Yekaterina Zaxaryeva iki ölkə arasında
mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin
əhəmiyyətini vurğulayıb. O, Cənub Qaz Dəhlizi
çərçivəsində inkişaf etdirilən layihələrin
Bolqarıstan üçün ümdə əhəmiyyət
kəsb etdiyini və ölkəsinin digər qonşu ölkələrlə
mövcud və tikilməkdə olan interkonnektorlar vasitəsilə
Balkan regionunda enerji tranziti üzrə mərkəz qismində
çıxış etmək niyyətinə olduğunu
bildirib.
Söhbət zamanı ikitərəfli
əməkdaşlığın inkişaf etdirilməsi
baxımından Şərq-Qərb və Cənub-Qərb nəqliyyat
dəhlizləri, o cümlədən onların mühüm
elementi olan Bakı–Tbilisi–Qars dəmir yolu, habelə Qara dəniz
üzərindən bərə əlaqəsinin
yaratdığı əlverişli perspektivlər barədə
fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Bakı–Sofiya istiqamətində
birbaşa hava reyslərinin iki ölkə arasında turizm
mübadilələrinin artırılmasına səbəb
olduğu qeyd edilərək, bu istiqamətdə əlavə
dinamikaya təkan verilməsi üzrə atıla biləcək
addımlar müzakirə edilib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin
vasitəçiliyi ilə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
aparılan danışıqlar prosesi haqqında danışan
Elmar Məmmədyarov münaqişənin beynəlxalq
hüququn prinsipləri və BMT Təhlükəsizlik
Şurasının qətnamələri əsasında həllinin
zəruriliyini bildirib. Bu xüsusda, Bolqarıstanın Azərbaycanın
beynəlxalq tanınmış sərhədləri çərçivəsində
ərazi bütövlüyünə davamlı dəstək
mövqeyi məmnuniyyətlə qeyd edilib.
Tərəflər, həmçinin
beynəlxalq təşkilatlar çərçivəsində
ənənəvi əməkdaşlığın və
qarşılıqlı əsasda dəstək göstərilməsinin
perspektivləri üzərində dayanaraq, bu istiqamətdə
də səylərin əlaqələndirilməsinə sadiq
qalacaqlarını bildiriblər.
Görüşdən sonra tərəflər
birgə mətbuat konfransı keçiriblər.
Azərbaycan.-
2019.-25 iyun.- S.5.