UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü
sessiyası çərçivəsində “Dünya irsi. Gənc
Peşəkarlar Forumu” işə başlayıb
İyunun 24-də Azərbaycan
Memarlıq və İnşaat Universitetində (AzMİU)
“Dünya irsi. Gənc Peşəkarlar Forumu” işə
başlayıb.
AZƏRTAC xəbər verir ki, forum
UNESKO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək
Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində
təşkil edilib.
Tədbiri AzMİU-nun rektoru
Gülçöhrə Məmmədova açaraq forumun ilk tədbirinin
təmsil etdiyi ali təhsil ocağında təşkil
olunmasından məmnunluğunu ifadə edərək onun
işinə uğurlar arzulayıb.
Ölkəmizin zəngin mədəni
irsi haqqında söz açan rektor Şirvanşahlar
sarayı və Qız qalası ilə birlikdə İçərişəhər
və Qobustan qoruğunun UNESKO-nun Dünya İrsi
Siyahısına salınaraq bəşəri status
qazandığını vurğulayıb. Forum
iştirakçılarına ölkəmizdə olduqları
müddətdə Azərbaycanın memarlıq abidələri
ilə yaxından tanış olmağı tövsiyə edib.
Forumda sessiyanın keçirilməsi
ilə bağlı yaradılmış Təşkilat Komitəsinin
sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev
çıxış edərək bildirib ki, ölkəmizin
son illərdə sürətli inkişaf yoluna qədəm
qoyması dünya birliyində yüksək qiymətləndirilir.
Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının
öz tədbirlərini Azərbaycanda keçirməsi
müstəqil dövlətimizin nüfuzundan xəbər
verir.
Nazir Azərbaycan-UNESKO münasibətlərinin
inkişafında, qarşılıqlı əlaqələrin
möhkəmlənməsində Prezident İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini
xüsusi vurğulayıb. Bildirib ki, Dünya İrs Komitəsinin
42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin
sədri seçilib. Ölkəmiz üçün
böyük əhəmiyyətə malik belə bir qərarın
qəbul edilməsi UNESKO ilə tərəfdaşlıq
münasibətlərinin yüksək səviyyədə
olmasının göstəricisidir.
Diqqətə
çatdırılıb ki, iyulun 2-dək davam edəcək
Ümumdünya İrs Gənc Peşəkarlar Forumunda
dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs
mütəxəssisi iştirak edir. Son illər Dünya
İrs Komitəsinin illik sessiyaları çərçivəsində
ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar
Forumunun builki mövzusu “Ümumdünya İrsi: Qlobal
Çağırışlar üçün Yerli
İdeyalar”a həsr edilib. Forumun ümumi məqsədi XIX əsrdə
dünyada irsin idarə edilməsində mövcud problemlər
və imkanların üzə
çıxarılmasıdır.
Sonra Dünya İrs Mərkəzinin
direktoru Mextild Rosslerin iştirakçılara videomüraciəti
təqdim edilib.
Xarici İşlər Nazirliyinin
xüsusi tapşırıqlar üzrə səfiri - UNESKO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının
baş katibi Elnur Sultanov çıxışında Azərbaycanın
UNESKO dəyərlərinə daim sadiq olduğunu bildirərək,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu tərəfindən bir çox
ölkələrdə dünya irsinin bərpası sahəsində
görülən işlər haqqında məlumat verib.
Baş katib bu il UNESKO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının
yaradılmasının 25 illiyinin qeyd olunduğunu vurğulayıb
və Milli Komissiyanın fəaliyyəti barədə
danışıb.
Daha sonra E.Sultanov dünyada baş
verən silahlı münaqişələr zamanı mədəni
irsin dağıdılması mövzusuna toxunaraq, Ermənistan
silahlı qüvvələri tərəfindən Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində
ölkəmizin zəngin mədəni irsinin vəhşicəsinə
məhv edilməsi və bu məsələnin UNESKO-da gündəmə
gətirilməsi barədə görülən işlər
haqqında məlumat verib.
Qonaqları tədbir
iştirakçılarına təqdim edən Forumun əməliyyat
qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin
müavini – Beynəlxalq əməkdaşlıq və innovativ
inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib
ki, tədbirin proqramı rəngarəngliyi ilə
seçilir. Belə ki, Forumun ilk 4 günü fərqli məkanlarda
- Azərbaycan Memarlıq və İnşaat Universiteti,
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Qobustan Dövlət
Tarixi-Bədii Qoruğu və Qəbələ-İsmayıllı-Lahıc
bölgəsində baş tutacaq. Əcnəbi və yerli irs
ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar
ediləcək, dəyirmi masalar yolu ilə iştirakçılar
1972-ci il Dünya Mədəni və Təbii İrsinin
Qorunması ilə bağlı Dünya İrs Konvensiyasına
dair praktiki biliklər əldə edəcəklər. Həmçinin
Dayanıqlı İnkişaf Məqsədləri və Yeni
Şəhər Gündəliyinin qlobal konsepsiyaları ilə
tanış olacaqlar. Sonda Forum iştirakçıları
Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz Bəyannamələrini
təqdim edəcəklər.
Tədbirdə Dünya İrs Mərkəzinin
direktoru Meştild Roslerin iştirakçılara videomüraciəti
olub.
Sonra Mədəniyyət Nazirliyi ilə
AzMİU arasında təhsil, innovasiya, elm, ixtisasartırma və
məşğulluq sahəsində əməkdaşlığa
dair anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, günün ikinci
yarısında “Şərq və Qərbin harmoniyası”, “Mədəni
irsin qorunması və bərpası” mövzusunda məruzələr
dinlənilib və müzakirələr aparılıb.
Azərbaycan.- 2019.-25 iyun.- S.6.